Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-143/2023 06.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in polis sahə inspektoru, polis mayoru X3, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR Babək rayonu Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi işlə məşğul olan, Naxçıvan MR Babək rayonu Cəhri kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 14 noyabr 2022-ci ildə saat 13:30-da Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli küçəsində yerləşən avtomobillərin ehtiyat hissələri magazasına gələrək, idarə etdiyi “Mercedes Benz” minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 100 (yüz) manat dəyərində bir ədəd hava təmizləyicini alacağını bildirib həmin ehtiyat hissənin avtomobilə quraşdırılmasını mağazada işləyən satıcı ilə 45 (qırx beş) manata razılaşdırıb avtomobilə quraşdırdıqdan sonra pulun avtomobildə olduğunu deyib pulu götürmək adı ilə mağazadan çıxaraq satıcıların diqqətinin digər müştərilərə qarışmasından istifadə edib oranı tərk edərək avtomobillərin ehtiyat hissələri mağazasının sahibi X4 aldatma yolu ilə 145 (yüz qırx beş) manat maddi ziyan vurmaqla xırda talama törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in polis sahə inspektoru, polis mayoru X6 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in polis sahə inspektoru, polis mayoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, vətəndaş X5 ərizə ilə Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-yə müraciət edərək aldatma yolu ilə əmlakından məhrum olduğunu, nəticədə olan 145 manat məbləğində maddi ziyan dəydiyini bildirib təqsirli şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ərizənin araşdırılması Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in təhqiqatçısı polis mayoru Vüqar Əliyevə həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 14 noyabr 2022-ci ildə saat 13:30-da Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli küçəsində yerləşən avtomobillərin ehtiyat hissələri magazasına gələrək, idarə etdiyi “Mercedes Benz” minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 100 manat dəyərində bir ədəd hava təmizləyicini alacağını bildirib həmin ehtiyat hissənin avtomobilinə quraşdırılmasını mağazada işləyən satıcı ilə 45 manata razılaşdırıb avtomobilə quraşdırdıqdan sonra pulunun avtomobildə olduğunu deyib pulu götürmək adı ilə mağazadan çıxaraq satıcıların diqqətinin başqa müştərilərə qarışmasından istifadə edib oranı tərk edərək avtomobillərin ehtiyat hissələri mağazasının sahibi X4 aldatma yolu ilə 145 manat maddi ziyan vurmaqla xırda talama törətmişdir. Sözügedən əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkibini yaratmadığından Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in təhqiqatçısı polis mayoru Vüqar Əliyev tərəfindən 28 noyabr 2022-ci il tarixli qərar əsasında cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması üçün Binəqədi rayon Polis İdarəsinin 5-ci PB vasitəsilə ona göndərilmişdir. Dərhal Şəxs əlavə vasitələrini əldə edərək onunla əlaqə saxlamış, icraatında olan inzibati xəta haqqında işlə bağlı ona ətraflı məlumat vermiş və onu Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-yə dəvət etmişdir. Şəxs gələcəyini bildirsə də, gəlməmiş və bir daha onunla əlaqə saxlamaq mümkün olmamışdır. Uzun müddət onu tapa bilmədiyi üçün inzibati xəta haqqında başlanmış icraatı dayandırmış, Şəxs tapılması üçün bölmənin əməliyyat aparatından kömək istəmişdir. 05 yanvar 2023-cü ildə Nəbiyev X1 rayon Polis İdarəsinin 5-ci PB-in əməliyyatçıları tərəfindən saxlanılaraq bölməyə təqdim edilmişdir. Dərhal dayandırılmış icraatı təzələmiş, onunla zəruri prosessual hərəkətlər həyata keçirərək vurduğu ziyanı ödəməsini təklif etmişdir. Lakin Şəxs zərər çəkmiş şəxsə vurduğu ziyanı ödəməmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Şəxs vurduğu maddi ziyanı ödəmədiyini, zərər çəkmiş şəxsin ondan şikayətçi olmasını, intizamsız davranışını nəzərə alıb Şəxs inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli küçəsində yerləşən avtomobillərin ehtiyat hissələri magazasının sahibidir. Həmin mağazada “Mercedes Benz” minik markalı avtomobillərə aid həm yeni, həm də işlənmiş ehtiyat hissələri satılır. Müştərilərin istəyi ilə əlavə haqq müqabilində çox vaxt tələb etməyən bəzi ehtiyat hissələri eyni zamanda avtomobillərə quraşdırılır.Bunu mağazada işləyən satıcılar həyata keçirirlər. Şəxs 14 noyabr 2022-ci ildə saat 13:30-da Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli küçəsində yerləşən sözügedən avtomobillərin ehtiyat hissələri magazasına gələrək, idarə etdiyi “Mercedes Benz” minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 100 manat dəyərində bir ədəd hava təmizləyicini alacağını bildirib həmin ehtiyat hissənin avtomobilinə quraşdırılmasını mağazada işləyən satıcı ilə 45 manata razılaşdırıb avtomobilinə quraşdırdıqdan sonra pulunun avtomobildə olduğunu deyib pulu götürmək adı ilə mağazadan çıxaraq satıcıların diqqətinin başqa müştərilərə qarışmasından istifadə edib həmin yeri tərk edərək pulu ödəməyib ona 145 manat maddi ziyan vurmaqla xırda talama törətmişdir. Baş vermiş hadisə mağazada quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmışdır. Hadisə barədə dərhal ərazi üzrə Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-yə müraciət etmişdir. Müraciəti əsasında Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in təhqiqatçısı polis mayoru Vüqar Əliyev tərəfindən araşdırma aparılmış, qısa müddətdə ona qarşı dələduzluq etmiş şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Polis əməkdaşları Şəxs polis bölməsinə dəvət etsələr də, o, bir aydan artıq müddətdə yayınmışdır. 05 yanvar 2023-cü ildə ona polis bölməsindən verilmiş məlumat əsasında həmin bölməyə getmiş, orada Şəxs saxlandığını öyrənmişdir. Bölmədə olarakən polis əməkdaşları Şəxs ona vurduğu ziyanı ödəməyi təklif etsələr də, sonuncu kiminləsə telefon əlaqəsi yaratmış, telefon danışığından sonra ona heç nə edilə bilməyəcini bildirib zərəri ödəməmişdir. Şəxs vurduğu maddi ziyanı ödəmədiyini, zərər çəkmiş şəxs kimi ondan şikayətçi olmasını, bundan sonra ziyanı ödəmiş olsa belə barışıq əldə etmələrinin mümkünsüzlüyünü nəzərə alıb Şəxs yuxarı həddə inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 14 noyabr 2022-ci ildə saat 13:30-da Bakı şəhəri Binəqədi rayonu Ə.Rəcəbli küçəsində yerləşən avtomobillərin ehtiyat hissələri magazasına gəlmişdir. Həmin mağazaya gəlməsinin səbəbi idarə etdiyi “Mercedes Benz” minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün hava təmizləyici almaq olmuşdur. Mağazadakı ehtiyat hissələrinə baxdıqdan sonra 100 manat dəyərində bir ədəd hava təmizləyicini alacağını satıcıya bildirmiş, həmin ehtiyat hissənin avtomobilinə quraşdırılmasını mağazada işləyən satıcı ilə əlavə olaraq 45 manata razılaşdırmışlar. Bundan sonra satıcı həmin ehtiyat hissəni onun avtomobilinə quraşdırmışdır. Sonra o, həqiqətəndə pulunun avtomobildə olduğunu deyib pulu götürmək üçün mağazadan çıxaraq avtomobilinə əyləşmiş, başqa bir avtomobil ustasına zəng edərək az öncə avtomobilə quraşdırılmış hava təmizləyici barədə ustaya məlumat vermiş, usta həmin hava təmizləyicinin düzgün qoyulmadığını telefonda ona dediyindən 145 manat pulu ödəməyib oranı tərk edərək getmişdir. Şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hava təmizləyicinin düzgün qoyulmadığı barədə məlumatı ona telefonda danışdığı başqa bir usta avtomobilə baxmadan demiş, bundan sonra o, ehtiyat hissələri mağazasının satıcısına bu barədə heç bir məlumat verməmiş, satıcıya quraşdırdığı hava təmizləyicini çıxartmasını, düzgün quraşdırmadığı üçün artıq həmin ehtiyat hissəni istəmədiyini bildirməmiş, məlumatsız və xəbər etmədən həmin ərazini tərk etmiş, bir neçə gün sonra Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-dən ona zəng edərək sözügedən işlə bağlı məlumat verilmiş, həmin PByə dəvət edilsə də, çağırış üzrə getməmiş, xx.xx.2023-cü ildə Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in əməliyyatçıları tərəfindən saxlanılaraq şöbəyə təqdim edilmiş, orada ona vurduğu ziyanı ödəməsi təklif edilsə də, zərər çəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş X2 müraciəti əsasında toplanmış HK-2333 nömrəli material əsasında cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna göndərilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli AZA № 000545 saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in polis sahə inspektoru, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi qismən öz izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdiyi bəzi xüsusatlara (hava təmizləyicinin avtomobilə düzgün qoyulmadığını telefonda danışdığı ustadan eşitdikdən sonra 145 manat pulu ödəməyib oranı tərk edərək getməsi) tənqidi yanaşıb qeyd edir ki, həmin xüsusatlar özünümüdafiə kimi qiymətləndirilib rədd edilməlidir. Belə ki, avtomobilə quraşdırılmış ehtiyat hissənin düzgün qoyulmadığı barədə başqa bir usta tərəfindən şəxsə məlumatın avtomobili görmədən, ona baxış keçirmədən telefon danışığı vasitəsilə bildirilməsi inandırıcı deyil, belə bir ehtimalın həqiqiliyi nəzərə alınmış olsa belə, konkret vəziyyətdə Şəxs ehtiyat hissələri mağazasının satıcısına bu barədə məlumat verməli, satıcıdan düzgün quraşdırmadığı üçün hava təmizləyicini çıxartmasını, artıq həmin ehtiyat hissəni istəmədiyini bildirməli və heç bir halda məlumatsız, xəbərdarlıq etmədən mağazanı tərk etməməli idi. Şəxs qeyd olunan əsassız arqumentlərinin məntiqsizliyi həm də onunla təsdiq olunur ki, o hadisədən bir neçə gün sonra həmin məsələ ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-yə dəvət edilsə də, çağırış üzrə getməmiş, məsələnin aydınlaşdırılmasında maraqlı olmamışdır. xx.xx.2023-cü ildə Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in əməliyyatçıları tərəfindən saxlanılaraq öz iradəsindən kənar qaydada polis bölməsinə təqdim edilmişdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdiyi sadalanmış xüsusatlar özünümüdafiə kimi qiymətləndirilib rədd edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 227-ci maddəsinə görə Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, o, vurduğu maddi ziyanı ödəməmişdir, zərər çəkmiş şəxslə barışığı yoxdur, təkzibedilməz sübutlara baxmayaraq törətdiyi hüquqazidd əmələ məntiqsiz bəhanələr gətirərək haqq qazandırmağa çalışmaqla peşmançılıq hissi keçirmir. Ona görə də məhkəmə Şəxs ictimai işlər növündə tədbirlərin tətbiqini kifayətedici saymır və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir, habelə həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-143/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-143/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver