Məhkəmə qərarları › İş №3(001)-1431/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1431/2023

21.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1431/2023 21.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin qanuni təmsilçisi, direktoru X2 iştirakı ilə, Şəxs MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə “Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasının “X4 Co LTD” şirkətindən 37AA323/37AA234 nömrə nişanlı yük avtomaşının üzərində olan SEKU ******* nömrəli konteynerdə ZN2022/350 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsi ilə bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixdə “İpək yolu” gömrük postunda gömrük yoxlaması keçirilmişdir. Bu zaman sözügedən gömrük bəyannaməsinin 12-ci mal mövqeyində bəyan edilmiş akkumlyatorların yüklənməsi üçün qurğular yükü 214 ədəd bəyan edildiyi halda, faktiki olaraq 174 ədəd zaryadka aparatı 40 ədəd “SCHMEİCHEL MMA-300” markalı qaynaq aparatı, gömrük bəyənnaməsinin 19-cu mal mövqeyində bəyan edilmiş elektrik diskli mişarlar yükü 524 ədəd bəyan edildiyi halda, faktiki olaraq 474 ədəd “Viktor” markalı laqonda 50 ədəd “Burley 1200VV markalı cilalayıcı aparat, həmçinin bəyannamənin 27-ci mal mövqeyində bəyan edilən əl aləti (prefarator) 80 ədəd “JBH” markalı inşaat ütüsü yükü aşkar edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1797 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 40 ədəd “SCHMEİCHEL MMA-300” markalı qaynaq aparatının xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 4800 manat, 50 ədəd “Burley 1200VV markalı cilalayıcı aparatın orta bazar qiymətio 2500 manat, 80 ədəd “JBH” markalı inşaat ütüsünün orta bazar qiyməti 2400 manat, ümumilikdə təqdim edilmiş malalrın orta bazar qiymətinin 9700 manat müəyyən edildiyi qeyd edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır həqiqətən hüquqi şəxs tərəfindən inzibati xəta törədilmişdir. İnzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il arixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasının “X4 Co LTD” şirkətindən 37AA323/37AA234 nömrə nişanlı yük avtomaşının üzərində olan SEKU ******* nömrəli konteynerdə ZN2022/350 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyənnaməsi ilə bəyan edilmiş mallara xx.xx.2023cü il tarixdə “İpək yolu” gömrük postunda gömrük yoxlaması keçirilmişdir. Bu zaman müxtəlif növ mallar aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1797 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların ümumi orta bazar qiyməti 9700 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 40 faizi miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti “Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 9700 (doqquz min yeddi yüz) manat olan malın dəyərinin 40 (qırx) faizi miqdarında, yəni 3880 (üç min səkkiz yüz səksən) manat məbləğində ödəniş günü Azərbaycan manatına məzənnəsi hesablanmaqla cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Şəxs MMC Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar