Məhkəmə qərarları › İş №3(001)-1431/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1431/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1431/2025 01.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərliyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 31 dekabr 2024-cü il tarixli, EQ 25296494 nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, barəsində DİN BDYP tərəfindən qəbul edilən inzibati tənbeh vermə barədə 30 dekabr 2024-cü il tarixli EQ25296494 saylı protokol əsasında tərtib olunmuş qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, **-UB-*** dövlət qeydiyyat nişanlı “GAC AİON Y PLUS” markalı minik avtomobilini X3 idarə edərkən, 30 dekabr 2024-cü il tarixdə saat 20:17 radələrində Nəsimi rayonu ərazisində dayanma durma qaydalarını pozduğu üçün xüsusi texniki vasitə ilə minik avtomobilinin fotoşəkilləri çəkilmişdir. Bunun nəticəsində də onun adına onun törətmədiyi inzibati xətaya dair barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş EQ 25296494 saylı protokol və həmin protokol əsasında qərar tərtib edilmiş, əlavə olaraq onun müəyyən cərimə balı olduğundan 400 manat cərimə edilməklə sürücük hüququ məhdudlaşdırılmışdır. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, **-UB-*** dövlət qeydiyyat nişanlı “GAC AİON Y PLUS” markalı minik avtomobilini o, deyil, X3 "xxxx" MMC-nin direktoru X6 tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli etibarnamə ilə idarə etmişdir. Bu səbəbdən də qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə etdi və əlavə olaraq bildirdi ki, o, taksi fəaliyyəti göstərən şirkətdə işləmişdir. Ona verilmiş etibarnaməyə görə inzibati tənbeh vermə haqqında protokol və qərarlar onun adına tərtib edilmiş, nəticədə cərimələr də ona yazılmışdır. Buna baxmayaraq 31 dekabr 2024-cü il tarixdə o nəqliyyat vasitəsini idarə etməmişdir, ona görə də mübahisələndirdiyi qərar ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 31 dekabr 2024-cü il tarixli, EQ 25296494 nömrəli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “GAC AİON Y PLUS” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, 31 dekabr 2024-cü il tarixdə Nəsimi rayonu, Məhəmməd Füzuli küçəsində dayanma qaydalarını pozmuşdur. "xxxx" MMC-dən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, “GAC AİON Y PLUS” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2025-ci il tarixədək X1 verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən X4 31 dekabr 2024-cü il tarixdə nəqliyyat vasitəsini onun idarə etmədiyini, eləcə də heç bir inzibati xəta törətmədiyini bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən 31 dekabr 2024-cü il tarixli, EQ 25296494 nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqana isə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və həmin bildirişdə sübutlarının məhkəməyə təqdim olunması təkilif edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları da məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X2 31 dekabr 2024-cü il tarixdə Nəsimi rayonu, Məhəmməd Füzuli küçəsində dayanma qaydalarını pozmasını əminliklə iddia etmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərliyevin qəbul etdiyi 31 dekabr 2024-cü il tarixli EQ 25296494 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işə yenidən baxılarkən X2 iştirakının təmin edilməsi, foto və video sübutlar olduğu halda onların birlikdə baxışının təşkil edilməsi işin halların hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmasına xidmət edə bilər. Şikayətin 31 dekabr 2024-cü il tarixli EQ 25296494 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərildiyindən inzibati tənbeh vermə haqqında qərarın məhkəmə tərəfindən ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi mümkün deyil. Ona görə də həmin hissədə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərliyevin qəbul etdiyi 31 dekabr 2024-cü il tarixli EQ 25296494 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar