Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1434/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 25432853 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 25432853 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, **-UB-*** dövlət qeydiyyat nişanlı “GAC AİON Y PLUS” markalı minik avtomobil ilə X4 hərəkət edərkən, xx.xx.2025-ci il tarixdə saat 12:59 radələrində Neftçilər pr ərazisində avtobus zolağına daxil olduğu üçün xüsusi texniki vasitə ilə minik avtomobilinin fotoşəkilləri çəkilmişdir. Bunun nəticəsində də, onun barəsində törətmədiyi inzibati xətaya dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə qərar qəbul edilmiş, əlavə olaraq onun müəyyən cərimə balı olduğundan 400 AZN cərimə edilməklə sürücük hüququ məhdudlaşdırılmışdır. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Beləki, **-UB-*** dövlət qeydiyyat nişanlı GAC AİON Y PLUS markalı minik avtomobilini o yox, X4 "xxxx" MMC-nin drektoru X8 tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli etibarnamə ilə idarə etmişdir. Bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli, EQ/ 25432853 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, həmin inzibati xəta törədilən zaman avtomobili X4 idarə etmişdir. Lakin inzibati xəta hadisəsinin törədilməsində o təqsirli bilinmiş və barəsində 400 manat inzibati cərimə edilmişdir. **-UB-*** dövlət qeydiyyat nişanlı GAC AİON Y PLUS markalı minik avtomobili taksi şirkətinə məxsusdur. 2024-cü ilin oktyabrına qədər o, həmin taksi şirkətində işləmişdir. Lakin sürücülük hüququ məhdudlaşdırıldığına görə o həmin taksi şirkətindən işdən çıxmışdır. Oktyabr ayından etibarən işdən çıxdığı üçün həmin nəqliyyat vasitəsini o idarə etməmişdir. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət etmişlər. Lakin idarədən ona bildirilmişdir ki, şikayət vermə müddətini ötürdüyü üçün məhkəməyə müraciət etməlidir. Bundan sonra o, məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, o, hazırda qeyd edilən parkda taksi fəaliyyəti ilə məşğul olur. **-UB-*** dövlət qeydiyyat nişanlı GAC AİON Y PLUS markalı minik avtomobili 2024-cü ilin oktyabr ayınının 15-dən etibarən 4 ay müddətində o idarə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 12:59 radələrində Neftçilər prospektində törədilmiş inzibati xəta da onun tərəfindən törədilmişdir. Lakin avtomobili əvvəlcə X5 idarə etdiyi üçün həmin inzibati xətaya görə inzibati tənbeh X3 barəsində qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 25432853 nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:59-da **-UB-*** dövlət qeydiyyat nişanlı GAC AİON Y PLUS markalı minik avtomobilinin 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə X5 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, **- UB-*** dövlət qeydiyyat nişanlı, GAC AİON Y PLUS markalı ağ mirvari rəngli avtonəqliyyat vasitəsini idarə etmək hüququ X2 verilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını və şahid izahatını dinləyib belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 25432853 inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Səlahiyyətli orqandan tərəfindən X3 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X3 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. X5 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın avtomobilin məxsus olduğu taksi şirkətinin digər sürücüsü X4 tərəfindən törədildiyini bildirmiş və X4 məhkəmə iclasında şahid qismində verdiyi izahatında sözügedən inzibati xəta törədildiyi zaman avtomobili özünün idarə etdiyini bildirmişdir. Göründüyü kimi inzibati xətanın X5 tərəfindən törədilməsinə dair şübhələr mövcuddur və səlahiyyətli orqan qeyd olunan şübhələri təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. xx.xx.2025-ci il tarixli, EQ/ 25432853 inzibati tənbeh vermə haqqında qərara **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin foto şəkilləri əlavə edilsə də həmin foto şəkillərdən nəqliyyat vasitəsinin bilavasitə X5 tərəfindən idarə edilməsini müəyyən etmək mümkün deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 25432853 inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli, inzibati xəta hadisəsini aşkar etmiş xüsusi texniki vasitəsilə qeydə alınmış görüntülərdə nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsinin əks olunub-olunmaması müəyyən edilməli, olduğu halda həmin görüntülər əldə edilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 25432853 inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 25432853 inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1434/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1434/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver