Məhkəmə qərarları › İş №3(001)-1436/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1436/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1436/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri X2 və X3, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə tərtib edilmiş 26 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"nin 3.1.2-ci yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, Şəxs MMC-yə məxsus “Qazel” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi müəyyən edildiyindən Şəxs MMC barəsində İXM-in 326-cı maddəsinə əsasən 26 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən fakt 26 fevral 2025-ci il tarixdə AYNA-nın Bakı Regional İdarəsinin inspektoru Akif Şahbazov tərəfindən aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Həmin foto və videoçəkiliş diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X5 bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası” yükdaşıma xidməti göstərən hüquqi və fiziki şəxslər tərəfindən yük avtomobillərinin reysqabağı texniki baxışdan keçirilməsi qaydalarını tənzimləyir. Lakin Şəxs MMC-yə məxsus nəqliyyat vasitəsi ilə daşınan yük Şəxs MMC-nin istehsal etdiyi və öz mülkiyyətində olan məhsullar olmuş və həmin məhsullar “ABC-TELECOM" MMC-yə məxsus bir anbardan götürülərək, Şəxs MMC-yə məxsus mağazalara daşınmışdır. Belə olan halda isə, qeyd edilən qaydaların Şəxs MMC-yə tətbiq edilməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin Qaydanın 1.2-ci bəndinə əsasən, "Bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiyaya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir”. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalardır. Şəxs MMC tərəfindən yük daşınması müqaviləsi və ya digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə hər hansı bir kommersiya məqsədli daşıma yerinə yetirməməsinə baxmayaraq AYNA tərəfindən əsassız yerə İXM-in 326-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının gedişində Şəxs nümayəndəsi X5 “QAZEL” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş X4 reysqabağı tibbi müayinəsinin keçirilməsi ilə bağlı sənədin olduğunu bildirmiş və müvafiq sənədin öz telefonunda olan foto şəklini məhkəmədə nümayiş etdirmiş, lakin həmin sənəd üzərində olmadığıdan, təqdim edə bilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 26 fevral 2025-ci il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” aktdan və ona əlavə edilmiş diskdən görünür ki, Şəxs MMC-yə məxsus, yük daşımalarını yerinə yetirən, “QAZEL” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.2-ci və 3.2-ci bəndlərinin pozulduğu müəyyən edilmişdir. 26 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 26 fevral 2025-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində “Kontenk Home” mağazasının qarşısında Şəxsnə məxsus yük daşımalarını yerinə yetirən “QAZEL” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsi təşkil edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslı olduğundan Şəxs həmin maddənin sanksiyası həddində hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Hətta, Şəxs MMC-nin nümayəndəsinin telefonunda olan sənədlər əsasında “QAZEL” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş sürücü X4 reysqabağı tibbi müayinədən keçməsi qəbul edilsə belə, nəzərə alınmadıldır ki, İXMnin 326-cı maddəsində həm avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmamasına görə, həm də sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Başqa sözlə, həmin maddənin dispozisiyasında göstərilən tələblərin qismən icra edilməsi inzibati məsuliyyətdən azadetmə üçün əsas sayıla bilməz. Belə ki, İXM-in 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən həmin Qanun Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Sözügedən Qanunun 3.2.5-ci maddəsinə əsasən həmin Qanunun müddəaları hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Həmin Qaydanın 2.2-ci bəndinə uyğun olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, 3.2-ci bəndinə uyğun olaraq isə nəqliyyat vasitələrinin sürücülərinin (reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Adıçəkilən Qaydanın tələblərinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 1.7.4-cü yarımbəndinə əsasən bu Qaydalar hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına şamil edilmir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinə əsasən ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir. Göründüyü kimi qanunvericilikdə avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının konkret olaraq hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına şamil edilmədiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən mülkiyyətində olan “QAZEL” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə mallar bir anbarından digər anbarına ümumi istifadədə olan avtomobil yoluna çıxmaqla daşınmış, keçirilmiş yoxlama zamanı isə həmin nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının və sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, diskdə olan video və fotogörüntülər, “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Eyni zamanda Şəxs MMC-nin nümayəndəsi şirkətə məxsus malların cəmiyyətin digər anbarına çatdırılması üçün həyata keçirilən daşımanın kommersiya məqsədli olmadığını hesab etmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin bu fikirləri ilə də razılaşmır və hesab edir ki, həmin daşıma məhz kommersiya məqsədli yük daşımadır. Belə ki, həmin şirkət tərəfindən mallar cəmiyyətin digər anbarına qeyri kommersiya məqsədləri üçün deyil, kommersiya məqsədi, yəni malları sataraq gəlir əldə etmək məqsədi ilə daşınılır. Göründüyü kimi, Şəxs MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar