Məhkəmə qərarları › İş №3(001)-1439/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1439/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1439/2023 11.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, xadimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru, X6 bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(006)-4655/2022 saylı qətnaməsinə əsasən Şəxs 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində vəsait tutularaq X4 ödənməsi qət edilmişdir. Məhkəmə aktının xx.xx.2023-cü il tarixdən qüvvəyə minməsinə baxmayaraq Şəxs məhkəmə qətnaməsini hələ də icra etməmişdir. xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(006)-4655/2022-017 nömrəli icra sənədi əsasında icraata başlanmış, elə həmin tarixdə də sonuncuya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən təqdimatın təmin olunmamasını xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq Şəxs adına hər hansı bir əmlak olmadığını bildirmişdir. Məhkəmə tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsində Şəxs qərəzinin nədən ibarət olmasını isə əsaslandıra bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında Şəxs hər dəfəsində müxtəlif bəhanələrlə borcu ödəməkdən yayındığını, Şəxs inzibati məsuliyyətə cəlb edilməsində maraqlı olmadığını sadəcə ona olan borcun ödənməsini tələb etdiyini qeyd edərək təqdimatın təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki, məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmır, sadəcə maddi imkanın yaxşı olmaması səbəbi ilə borcunu ödəyə bilmir, 2023-cü ilin aprel ayının sonunda başqa şəxsdən borc alacağını və X3 olan borcundan 15000 (on beş min) manat miqdarında vəsait ödəyəcədir. Həmçinin babasından miras olaraq ev qaldğını, babasının vərəsəsinin atası və bibisinin olduğunu, atasının vəfat etdiyini, özünun başqa bacı və qardaşının olmadığı üçün atasının vəfat etdiyindən atasına çatacaq miras əmlaka vərəsənin özünün olduğunu, sadəcə bibisi ilə həmin miras əmlakında paylar barədə razılıq əldə edilmədiyini, həmin mübahisəninyekunlaşdıqdan sonra ona çataqcaq payı da satıb borcunu tam olaraq ödəyəcəsyini, bildirmişdir. Maliyyə vəziyyətinin hal-hazırda yaxşı olmamasını, aprel ayının sonuna kimi borcundan ödəniş etməyəcəyi təqdirdə məsuliyyətə cəlb edilməsinə etiraz etmədiyini bildirərək məhkəmədən təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq hazırda adına hər hansı bir əmlak olmadığını, lakin qeyd etdiyi kimi vərəsəliklə əmlak əldə edəcəyini, həmin əmlakı əldə etdikdən sonra sataraq borcunu tam olaraq ödəyəcəyini təkrar olaraq bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4655/2022-017 nömrəli icra sənədi əsasında icraata başlanmış, Şəxs tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Binəqədi Rayon Məhkəməsinin 2(001)-4307/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında adında hər hansı bir əmlakın olmadığını bildirmiş, bu fakt icra məmurunun izahatı ilə də öz təsdiqini tapmışdır. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, Şəxs borcunu ödəməkdən qərəzli şəkildə yayınmır, maddi imkanının olmaması səbəbi ilə məhkəmə qətnaməsini icra edə bilmir. Həmçinin 2023-cü ilin aprel ayının sonunda borcundan 15000 (on beş min) manat miqdarında vəsait ödəməsi ilə bağlı öhdəlik götürməsi, əlavə olaraq da irsi transmissiya ilə əldə edəcəyi miras əmlakdakı payını sataraq borcunu ödəmək istəməsini bildirməsi Şəxs borcunu ödəməkdə maraqlı olmasına dələlət edir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən, Şəxs borcunu üzrüsüz səbəbdən ödəməməsini təsdiq edən sübutlar əldə edilmədən inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. İcra məmuru qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını qərəzli olaraq icra etməkdən yayınmayan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı halda iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün hallar Şəxs təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs sözügedən inzibati xəta hadisəsi ilə əlaqədar əməlində təqsirin olmaması səbəbi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-290-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar