Məhkəmə qərarları › İş №3(001)-1443/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1443/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1443/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı inzibati tənbeh vermə qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, o, təhlükəsizlik kəmərini bağlamadan və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin TP7078619 nömrəli qərarı qanunsuzdur. Belə ki, o, 2025-ci ilin fevral ayının 15-də axşam saat 10:40-da Sulutəpə qəsəbəsi ərazisində 245 nömrəli YP avtomobilində olan DYP əməkdaşı tərəfindən saxlanılmışdır. DYP əməkdaşı özünü təqdim etmədən ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o, taksi fəaliyyətilə məşğul olduğunu, ailənin gündəlik tələbatını və maşının aylıq kreditini ödəməyi ilə bağlı ümumiyyətlə içki içmədiyini demişdir. Sonra yol polisi əməkdaşı aparat gətirmiş və ondan nəfəs verməyini tələb etmiş, bu hərəkəti 3 dəfə təkrar etmiş və müxtəlif rəqəmlər alındığına görə yeni bir aparat gətirmiş və ona 0.45 dərəcəli sərxoş olduğunu demişdir. DYP əməkdaşı onu öz avtomobilinə əyləşdirmiş və onu əvvəlcə 40-cı Polis bölməsinə, sonra isə təxminən saat 23:40-da cərimə meydançasına aparmışdır. Bundan sonra o yaşadığı evə getmiş, ordan isə Respublika Narkoloji Mərkəzinə gedərək müayinədən keçmişdir. Müayinənin nəticəsi olaraq onda heç bir sərxoşluq əlaməti olmadığı müəyyən edilmişdir. Sadaladıqları təsdiq edir ki, o, həmin vaxtı sərxoş olmamışdır, ümumiyytlə spirtli içki qəbul etməmişdir. Göstərilənlərə əsasən, məhkəmədən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şikayət vermiş şəxs X7 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə tarixdə saat 22:40 radələrində Sulutəpə qəsəbəsi ərazisində, “Coca-Cola” şirkətinin yaxınlığında yol polisi əməkdaşları tərəfindən heç bir səbəb olmadan saxlanılmışdır. Polis əməkdaşları ona içkili olduğunu bildirmişdir. O, polis əməkdaşlarına izah etmişdir ki, qəza keçirmişdir, dişləri yoxdur, damağı ağrıyır bununla əlaqədar dərman atmışdır. Lakin polislər onun dediklərinə əhəmiyyət verməmiş, alkotester gətirmişlər. 3 alkotesterə nəfəs vermiş, xatırladığına görə birinci dəfə alkoqol tərkibi 0,1 faiz, ikinci dəfə 0,25 faiz, üçüncü dəfə isə təqribən 0,45 faiz çıxmışdır. Digər polis əməkdaşı onun avtomobilini cərimə meydançasına aparmışdır. O, arxasınca qohumunu dəvət etmişdir, lakin tələb etsə də, yol polisinin əməkdaşı onu buraxmamışdır. YPX əməkdaşı onu 40-cı polis bölməsinə aparmış, hansı səbəbdən ora getməyini soruşmuş, əməkdaş əvvəlcə başqa adam saxladığını, həmin şəxsə açar verəcəyini bildirmişdir. Yol polisi əməkdaşları qəsdən onu yubatmışlar ki, vaxt keçsin. O, sonra taksi ilə evə gedərək pul götürmüş, daha sonra ordan müayinədən keçmək üçün narkoloji mərkəzə getmişdir. Lakin orada onun alkoqol şərxoşluğu olmadığı müəyyən edilmişdir. O, alkotesterdən çıxan vərəqi imza etməmişdir. YPX əməkdaşları əvvəlcədən ondan sənədlər almış, işin məhkəməyə göndəriləcəyini bildirmişlər. Daha sonra o Binəqədi DYPŞ-nin inzibati binasına getmiş, işin niyə məhkəməyə göndərilmədiyini maraqlanmış, həmin zaman onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, həmin əməli həqiqətən törətsə idi, razılaşar və cəriməni bir təhər ödəyərdi. Lakin, o, taksi sürücüsüdür, bu faəliyyətlə dolanır, ona görə spirtli içki içmir. Əgər o spirtli içkidən istifadə etsə idi, heç məhkəməyə gəlməzdi. Ona verilmiş suallara cavab olaraq 93004708 seriya nömrəli “Yupite X” markalı alkotestr cihazından çıxarışın sonda olan fotoşəkildəki şəxsin özü olduğunu, həmin fotonun onu polis əməkdaşı müəyinədən keçərkən cihazın avtomatik olaraq çəkdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, şikayət vermiş şəxs saxlanılarkən “Yupiter” markalı yeni təchiz edilmiş alkotester cihazlı ilə müəyinədən keçirilərkən onda 0,452 promil alkaqol sərxoşluğu aşkar edilmişdir. Müəyinənin keçirildiyi həmin cihazın sertifikatı mövcuddur. Lakin X2 müəyyən edildikdən 4 saat sonra Respublika Narkoloji Mərkəzə gedərək müayinədən keçmişdir. Bununla bağlı qeyd edir ki, 4 saat ərzində həmin spirtin bədəndən xaric olunması təbii haldır və normal olaraq narkoloji mərkəzdən ona həmin məzmunda arayış verilə bilər. Qeyd edilənləri nəzərə alaraq şikayətin rədd edilməsi və inzibati tənbeh vermə haqqında qərarın isə dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan görünür ki, X7 İXM-in 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli alkotester müayinəsinin nəticəsini əks etdirən çıxarışdan görünür ki, **-YA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 xx.xx.2025ci il tarixdə saat 22:55-də seriya nömrəsi 93004708 olan “Yupiter X” markalı alkotestrlə müayinə edilərkən onda 0,452 promil alkoqol aşkar edilmiş, çıxarışın sonunda müayinədən keçirilən şəxsin fotoşəkli cihaz vasitəsi ilə çəkilmişdir. xx.xx.2025-ci il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” AKT-dan görünür ki, BYD markalı, 77YA254 nömrəli avtomobil saat 23:10-da duracağa yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli, 2/8992 nömrəli tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə saat 02:17-də X7 müəyinədən keçərkən ayıq olmuşdur. Azərbaycan Metrologiya İnstitu X14 tərəfindən verilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY seriyalı 169068 nömrəli şəhadətnamədən görünür ki, zavod (seriya) nömrəsi 93004708 olan “Yupiter X” markalı alkometr yoxlamadan keçirilmiş və növbəti yoxlama tarixi xx.xx.2025-ci il göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında tərəflərin izahatları və təqdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X7 xx.xx.2025-ci il tarixdə Binəqədi Rayonu, Sulutəpə qəsəbəsində Binəqədi rayon DYPŞ Yol patrul xidməti inspektoru X6 tərəfindən zavod (seriya) nömrəsi 93004708 olan “Yupiter X” markalı alkometr cihazı vasitəsi ilə saat 22:55-də müayinədən keçirilərkən onun nəfəsində 0,452 promil alkoqol aşkar edildiyindən sonuncunun barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə həmin tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixdə isə həmin maddələrlə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 müayinədən keçirildiyi zavod (seriya) nömrəsi 93004708 olan “Yupiter X” markalı alkometr cihazı Azərbaycan Metrologiya İnstitu X12 tərəfindən yoxlamadan keçiriərək “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY seriyalı 169068 nömrəli şəhadətnamə verilmişdir. X4 hazırda məhkəməyə təqdim etdiyi “Respublika Narkoloji Mərkəzi” X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2/8992 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna istinad edərək saxlanılarkən sərxoş olmadığını bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin müayinə protokolu xx.xx.2025-ci il tarixdə saat saat 02:17-də tərtib edilmişdir. Məhkəmə hesab edir ki, X1 müəyyən edilməsi ilə sonuncunun narkoloji mərkəzdə müayinədən keçməsi arasında 3 saat, 22 dəqiqə fərq vardır. Belə olan halda X4 orqanizimində olan 0,452 mg/l promil alkoqolun 3 saat, 22 dəqiqə müddət ərzində parçalanıb bədəndən xaric olması mümkündür. Eyni zamanda X7 polis əməkdaşı tərəfindən alkotestrlə müayinədən keçərkən həmin alkotestrin nəticəsi ilə razılaşmadığı halda inspektordan həkim-müayinəsindən keçirilməsini tələb edə bilərdi. Lakin o inspektordan bunu tələb etməmiş, özü isə dərhal deyil, 3 saat 22 dəqiqə sonra tibbi müayinədən keçmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, X4 polis inspektoru tərəfindən müayinədən keçirildiyi zavod (seriya) nömrəsi 93004708 olan “Yupiter X” markalı alkometr cihazı Azərbaycan Metrologiya İnsttutu X13 tərəfindən yoxlamadan keçirilərək ÖVY seriyalı 169068 saylı Şəhadətnamə verilmişdir ki, bu da qeyd edilən alkotestr cihazının nasaz olmasını, həmin cihaz vasitəsi ilə alınmış nəticənin mötəbər sübut kimi qəbul edilməməsini istisna edir. Göstərilən hallar X7 tərəfindən verilmiş şikayətin dəlillərinin həqiqətə uyğunluğunu istisna edir. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın tam qanunidir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları qarşılıqlı şəkildə tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın qanuniliyini mübahisələndirəcək hər hansı bir hal aşkar olunmamışdır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X9 оğlunun inzibati tənbeh еdilməsinə dаir xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən X4 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət rədd edilsin. X9 оğlu barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar