Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1457/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin 09.03.2021-ci il tarixli TP ******* saylı qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Bakı şəhər DYPİ-nin 09.03.2021-ci il tarixli TP ******* saylı qərarından şikayət verərək sözügedən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, 09 mart 2021-ci il tarixdə saat 11:30 radələrində etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz GLE 53 AMG» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Fətəli xan Xoyski prospektində hərəkətdə olan zaman dövlət qeydiyyat nömrəsi “406” rəqəmləri ilə bitən Yol Patrul Xidməti avtomobili tərəfindən ona «saxla» əmri verilmişdir. Avtomobili saxladıqdan sonra Yol Patrul Xidməti avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmişdir. Yol Patrul Xidmətinin baş inspektoru, polis mayoru X2 ona bildirmişdir ki, guya o avtomobili idarə edərkən əlində mobil telefon saxlamışdır. O ona bildirmişdir ki, idarə etdiyi avtomobildə “CarPlay” tətbiqi quraşdırılmış və istifadəsində olan mobil telefon məhz həmin tətbiq vasitəsilə avtomatik olaraq idarə olunur. Belə ki, “CarPlay” tətbiqi telefonda olan bütün funksiyalarını birbaşa avtomobilin əsas ekranından açmağa imkan verdiyi üçün telefona toxunmadan zənglər edə və mətn mesajlarını diktə edə bilir. Bu o deməkdir ki, avtomobili idarə edərkən telefonu ələ götürmək və ondan istifadə etmək zərurəti yaranmır. Bunları izah etdikdən sonra yol polisi inspektoru ona narahat olmamağını, sadəcə sənədlərini yoxlayıb qaytaracağını bildirmişdir. Sənədləri ona qaytaranda isə “sənə 50 manat cərimə yazdım, gedib ödəyərsən” sözlərini demişdir. Bir qədər sonra telefonunda olan “SMS Radar” tətbiqindən gələn məlumat əsasında öyrənmişdir ki, guya ona İXP ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinməklə barəsində «inzibati tənbeh vermə haqqında» TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərarla qəti olaraq razı deyildir. Birincisi, xüsusilə qeyd etmək istəyir ki, sözügedən qərar özü-özlüyündə səhv tərtib edilmişdir. Belə ki, qərarda inzibati xətanın 08 mart 2021-ci il tarixdə saat 11:30da baş verməsi göstərilsə də, o Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən 09 mart 2021-ci il tarixdə saat təqribi 11:30 radələrində saxlanılmışdır. 08 mart 2021-ci il tarixdə isə o ümumiyyətlə avtomobili idarə etməmişdir. İkincisi, yol hərəkəti qaydaları əleyhinə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat cərimə nəzərdə tutulur. Bu da onu göstərir ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsində telefondan istifadə qanun pozuntusu sayılır. Nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu yalnız əldə saxlamaq istənilən halda inzibati xətanın tərkibini yaratmır. Yəni göstərilən maddənin tələbinə görə nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla yanaşı istifadə edilməsi də şərtdir. Lakin, qeyd olunanlara baxmayaraq, o inzibati xəta hadisəsinin mövcudluğu ilə razı olmadığı halda inzibati xəta haqqında protokol tərtib edilmədən, dərhal elektron sistemə qərar yerləşdirilmişdir. Əslində avtomobili idarə edərkən telefonla danışmaq və telefondan istifadə etmək qanunla qadağandır. O isə yuxarıda qeyd etdiyi kimi telefondan istifadə etməmiş və qanunun tələblərini pozmamışdır. Yol Patrul Xidmətinin əməkdaşı protokol yazaraq onu cərimələmişdir. Belə ki, protokol yazıldıqdan sonra sürücü 10 gün müddətinə şikayət vermək hüququna malikdir. Ancaq polis yazılan cəriməni dərhal sistemə daxil edərək, özü-özlüyündə qərardan şikayət verməyinin qarşısını almağa çalışmışdır. Belə ki, ona nə inzibati xəta haqqında protokol, nə də inzibati xəta haqqında iş üzrə qərarın özü və yaxud surəti təqdim edilməmişdir. Eyni zamanda 09 mart 2021-ci il tarixdə saxlanılan zaman ona tanış olmaq üçün hər hansı sənəd göstərilməmiş və hər hansı sənədə imza etməmişdir. Telefonuna mesaj gələndən sonra protokol yazıldıqdan bir neçə dəqiqə sonra cərimənin sistemə vurulduğunun şahidi olmuşdur. Hesab edir ki, bu cür hal yol verilməzdir. Göstərilənlərə əsasən barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhər DYPİ-yə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayətin baxılmasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 09 mart 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materialda olan sübutlarla X1 avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı kifayət qədər mübahisə yaratması üçün əsas verir və iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Hesab edirəm ki, X3 tərəfindən həqiqətən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı sübut edilmədiyindən, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, 09.03.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. X3 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 09.03.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1457/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1457/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver