Məhkəmə qərarları › İş №3(001)-1457/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1457/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1457/2023 08.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 28 mart 2023-cü il tarixli, 01400/02520 saylı qərarın ləğv olunması barədə şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 28 mart 2023-cü il tarixli, 01400/02520 saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 28 mart 2023-cü il tarixli, 01400/02520 saylı qərarı əsasında İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək 1484,83 manat cərimə edilmişdir. Şikayətçi aşağıdakı səbəblərə görə həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisinin 1-ci müavini X7 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, №01400/02520 nömrəli qərarı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X12 (VÖEN 2903 1551 12) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 1 484.83 (bir min dörd yüz səksən dörd manat səksən üç qəpik) AZN məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir.Qərarda qeyd olunur ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan - X4 Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə **********6928 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 1 746,87 ABŞ dolları (2 969,67 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir.Faktla bağlı xx.xx.2023-cü il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X12 barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə inzibati araşdırma başlanılmışdır.Araşdırma zamanı ixrac olunan yüklərin müqabilində qaytarılmalı olan 1746,87 ABŞ dolları (2969,67 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülüb-köçürülmədiyi ilə bağlı məlumat əldə etmək məqsədilə Baş İdarənin Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə xidməti qeyd ilə sorğu verilmiş və sorğuya cavabda **********6928 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 1746,87 ABŞ dolları (2969,67 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir.O, qeyd olunan qərarın qanunsuz və əsassız hesab edərək ləğv edilməli olduğu qənaətindədir.Belə ki, yuxarıda qeyd olunan gömrük bəyannamələri əsasında konsiqnasiya yolu ilə Ukraynanın Kiyev şəhərinə meyvə məhsulu ixrac edilmişdir.İxrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən X8 Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilmişdir.Lakin göndərilən məhsulun qida məhsulu olduğunu və saxlanma müddətinin zamanla məhdudlaşdığını nəzərə alsaq, bir hissəsi təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəlmişdir. Bu səbəbdən məhsulu qəbul edən şirkət yararsız olmuş məhsulun dəyərini ödəməkdən imtina etmişdir.Qeyd olunanlar tərtib edilmiş yoxlama aktları və ekspert rəyi ilə təsdiq olunur.“Yeyinti məhsulları haqqında'’ AR Qanuna görə üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur (maddə 16). Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasının subyektiv cəhəti şəxsin təqsirli olması, yəni onun qəsdən və ya ehtiyatsızlıqdan törədilən hüquqazidd hərəkətə və ya hərəkətsizliyə psixi münasibəti ilə müəyyən edilir. Göründüyü kimi, ixrac olunan malın müqabilində qaytarılmalı olan 1746,87 ABŞ dolları (2969,67 manat) məbləğində vəsaitin X8 iradəsindən asılı olmayan səbəbdən Azərbaycandakı bank hesabına köçürülməsini təmin etmək mümkün olmamışdır.Beləliklə də, vəsaitin bir hissəsinin xaricdən qaytarılmamasında X8 təqsiri istisna olunur. Şikayətçi göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (maddə 3). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Maddə 8.3.). Eyni zamanda, şikayətçi göstərmişdir ki, bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qevri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarıma görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.Qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Şikayətçi göstərmişdir ki, göründüyü kimi X5q dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən az olan və idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğə görə inzibati məsuliyyəti istisna edir.Qərara əsasən cərimə 8 594,35 ABŞ dolları məbləğində vəsaitin qaytarılmamasına görə tətbiq edilib ki, bu da Mərkəzi Bankın müvafiq Qaydalarında təsbit olunan və inzibati məsuliyyəti yaradan 10 000 (on min) ABŞ dolları məbləğindən azdır. Şikayətçi göstərmişdir ki, bu əmələ görə inzibati məsuliyyət müəyyən edən dövlətin məqsədi ölkəyə valyutanın daxil olmasını (geri qaytarılmasını) təmin etmək olduğu halda, inzibati tənbehin bir halda 10 000 (on min) ABŞ dollarından az məbləğə tətbiqi, digər halda isə 10 000 (on min) ABŞ dollarından çox məbləğə görə tətbiqi dövlətin vətəndaşa münasibətdə eyni əmələ görə fərqli yanaşma sərgiləməsi- kimi qiymətləndirilə bilər, inzibati tənbehin tətbiqini tənzimləyən inzibati xətalar qanunvericiliyinin təməl prinsiplərindən olan ədalətlilik, qanun qarşısında bərabərlik, həmçinin təqsirə görə məsuliyyət prinsipinin tələblərinə cavab verməmiş olar. Şikayətçi yuxarıda göstərilənlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 28 mart 2023-cü il tarixli, 01400/02520 saylı qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X3 bildirmişdir ki, xaricə göndərilən malların bir qismi yararsız vəziyyətə düşdüyündən həmin malların dəyəri ödənilməmişdir. Şikayətçi şikayət ərizəsində göstərilənləri nəzərə alaraq, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 28 mart 2023-cü il tarixli, 01400/02520 saylı qərarın qanunsuz və əsassız olduğundan ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 28 mart 2023-cü il tarixli, 01400/02520 saylı qərarına əsasən məlum olur ki, X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsinə uyğun olaraq, 1746,87 ABŞ dolları (2969,67 manat) məbləğin 50% həddində, yəni 1484, 83 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 28 mart 2023-cü il tarixli, 01400/02520 saylı qərarına əsasən məlum olur ki, X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə uyğun olaraq, 1746,87 ABŞ dolları (2969,67 manat) məbləğin 50% həddində, yəni 1484,83 manat məbləğində cərimə edilmişdir. İş materialları araşdırılarkən məlum olmuşdur ki, şikayətçi İlqar Tağıyev tərəfindən həqiqətən AR İXM-nin 483-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, X12 apardığı xarici iqtisadi fəaliyyət nəticəsində ölkənin müvəkkil bank hesabına köçürülməli olan vəsaitləri apardığı fəaliyyətdən 180 gün keçənədək qaytarmalı olduğu halda qanunun tələblərinə riayət etməmişdir. Şikayətçi inzibati xəta törətməməsi və ya inzibati xəta haqqında qərarın qanunsuz olması barədə tutarlı sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəmədə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 28 mart 2023-cü il tarixli, 01400/02520 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 28 mart 2023-cü il tarixli, 01400/02520 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən və ya təqdim olunduqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar