Məhkəmə qərarları › İş №3(001)-1458/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1458/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1458/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/02519 saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/02519 saylı qərardan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətçi şikayəti onunla əsaslandırdı ki, qeyd edilən gömrük bəyannamələri əsasında konsiqnasiya yolu ilə Kiyev şəhərinə meyvə məhsulu ixrac edilmişdir. Məhsulu qəbul edən şirkət tərəfindən vəsait Azərbaycandakı bank hesabına köçürülmə təmin edilmişdir. Lakin təbii proseslər nəticəsində məhsulun bir hissəsi yararsız hala düşmüşdür. Şirkət yararsız məhsula görə ödəniş etməkdən imtina etmişdir. Bu səbəbdən də onun təqsirliliyi istisna edilir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli akt və xx.xx.2022-ci il tarixli rəydən görünür ki, İlqar Tağıyev tərəfindən Kiev şəhərinə göndərilmiş ümumi xurmanın 7%-nin yararsız olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 01400/02519 saylı qərarına əsasən məlum olur ki, X9 tərəfindən 2021-ci il tarixdə 21 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirilərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 334033,15 ABŞ dolları (567856,35 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülmədiyi aşkar edilmişdir. X3 Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 5608,82 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 2804,41 manat məbləğində cərimə edilmişdir. Qeyd edilməlidir ki, məhkəmə iclasında isə toplanmış sübutlardan müəyyən edilmişdir ki, qeyd olunan gömrük bəyannamələri əsasında konsiqnasiya yolu ilə Ukraynanın Kiyev şəhərinə meyvə məhsulu ixrac edilmişdir. İxrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən X6 Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilmiş, lakin göndərilən məhsulun qida məhsulu olduğunu və saxlanma müddətinin zamanla məhdudlaşdığı nəzərə alındıqda, bir hissəsi təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəlmişdir. Bu səbəbdən məhsulu qəbul edən şirkət zay olmuş məhsulun dəyərini ödəməkdən imtina etmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarla müəyyən edilmiş və ixrac olunan malın müqabilində qaytarılmalı olan 5608,82 manat məbləğində vəsait X6 iradəsindən asılı olmayan səbəbdən Azərbaycandakı bank hesabına köçürülməsini təmin etmək mümkün olmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinə görə inzibati məsuliyyət xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə yaranır. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanın ümumi obyektini iqtisadi fəaliyyət, xüsusi obyektini gömrük qaydaları əleyhinə olan münasibətlər, bilavasitə obyektini isə valyuta tənzimi və valyuta nəzarəti sahəsində yarana ictimai münasibətlər təşkil edir. Sözügedən inzibati xətanın obyektiv cəhəti isə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasında ifadə olunur. İnzibati xətanın subyekti kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs və ya hüquqi şəxs (təşkilat rəhbərləri) çıxış edir. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasının subyektiv cəhəti şəxsin təqsirli olması, yəni onun qəsdən və ya ehtiyatsızlıqdan törədilən hüquqazidd hərəkətə və ya hərəkətsizliyə psixi münasibəti ilə müəyyən edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Digər tərəfdən Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatım, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi, X5q dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən az olan və idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğə görə inzibati məsuliyyəti istisna edir. Qərara əsasən cərimə 5608,82 manat məbləğində vəsaitin qaytarılmamasına görə tətbiq edilib ki, bu da Mərkəzi Bankın müvafiq Qaydalarında təsbit olunan və inzibati məsuliyyəti yaradan 10 000 (on min) ABŞ dolları məbləğindən azdır. Bu əmələ görə inzibati məsuliyyət müəyyən edən dövlətin məqsədi ölkəyə valyutanın daxil olmasını (geri qaytarılmasını) təmin etmək olduğu halda, inzibati tənbehin bir halda 10 000 (on min) ABŞ dollarından az məbləğə tətbiqi, digər halda isə 10 000 (on min) ABŞ dollarından çox məbləğə görə tətbiqi dövlətin vətəndaşa münasibətdə eyni əmələ görə fərqli yanaşma sərgiləməsi kimi qiymətləndirilə bilər, inzibati tənbehin tətbiqini tənzimləyən inzibati xətalar qanunvericiliyinin təməl prinsiplərindən olan ədalətlilik, qanun qarşısında bərabərlik, həmçinin təqsirə görə məsuliyyət prinsipinin tələblərinə cavab verməmiş olar. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə X6 təqsiri müəyyən olunmur və səlahiyyətli orqan tərəfindən aparılmış inzibati araşdırma qeyd olunan xüsusatları tam, hərtərəfli və obyektiv olaraq araşdırmadan yekun qərar qəbul edərək şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsinə səbəb olan qərar qəbul etmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin qeyd olunan inzibati xətanı törətməsinə dair məhkəməyə heç bir tutarlı sübut təqdim edilməmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə, sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X9 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır və həmin şübhələrin həlli qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-1343-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/02519 saylı qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar