Məhkəmə qərarları › İş №3(001)-1470/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1470/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1470/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi Nümayəndə1, iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 18987.82 Avro məbləğində vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 18987.82 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, məhkəməyə təqdim edilmiş yük gömrük bəyannamələrinə baxış keçirilmiş və köçürülən pul məbləğinin qaytarılması müəyyən olunmuşdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 çıxış edərək bildirmişdir ki, köçürülən pul müqabilində alınan mallar ölkəyə idxal edilmişdir. Lakin, həmin malların ölkəyə idxal edilməsini təsdiq edən gömrük bəyannnəməsi tərtib edilən zaman texniki səhvə yol verilmişdi. Bununla bağlı Dövlət Gömrük Komitəsinə edilmiş müraciət və gömrük bəyyannaməsində müqavilənin tarixi ilə bağlı edilmiş texniki səhv aradan qaldırılmışdır.Bu səbəbdən, "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri təqdim etməyən müştərilərdən biri də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 18987.82 Avro məbləğində pul vəsaiti "xxxx" MMC-nin bank hesabından “GLOBAL FOODS SOLUTİONS LLC” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, alıcı "xxxx" MMC ilə satıcı “GLOBAL FOODS SOLUTİONS LLC” arasında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli, **********2718 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, ölkəyə mal idxal olunmuşdur. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********2718 sorğu nömrəli gömrük bəyənnaməsindən göründüyü kimi FROZEN PRODUCTS MMC-yə aid 08 fevral 2022-ci il tarixli 18987.82 avro avans ödənişi bağlanılmışdır. Bu isə onu göstərir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar