Məhkəmə qərarları › İş №3(001)-1474/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1474/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1474/2022 13.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbayca Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü tərəfindən Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə tərtib edilmiş 07.05.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 izahat verərək bildirmişdir ki, 07 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yolnəqliyyat hadisəsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əraziyə yollanmış və orada müəyyən etmişdir ki, VAZ21154 markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs ara məsafəsi saxlamadan qarşısındakı Renault markalı avtomobili vurmuş və həmin zərbə nəticəsində sonuncu avtomobilin qarşısında dayanan KİA markalı avtomobilə dəymişdir. Hadisə nəticəsində yalnız avtomobillərə ziyan dəmiş və bədən xəsarəti alan şəxs olmamışdır. Bundan sonra tərəfindən baş vermiş hadisə üzrə araşdırma aparılmış, sürücü ayıq olsa da onun hadisə zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Daha sonra izahatlar alınmış və tərəfindən Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 07 may 2022-ci il tarixdə idarə etdiyi VAZ21154 markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman qarşısında qəfil dayanmış Renault markalı avtomobili vurmuş və zərənin təsirindən həmin avtomobil ondan qarşıda dayanan KİA markalı avtomobilə dəymişdir. Hadisə zamanı ayıq olmuş və xəsarət alan şəxs olmamışdır. Onun sürücülük hüququnun məhdudlaşdırılmasında xəbəri olmamışdır. Belə ki, Şirvan Şəhər Məhkəməsinin qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququ ondan xəbərsiz məhdudlaşdırılmış və onun bundan heç bir məlumatı olmamışdır. Bundan yalnız baş vermiş yol hadisəsi üzrə araşdırma zamanı sonra məlumatı olmuş və dərhal müvafiq qaydada nəqliyyat vasitəsinin məhdudlaşdırılmasına dair barəsində qəbul edilmiş qərara xitam verilməsi üçün tədbir görmüşdür. Törətdiyi inzibati xətadan peşman olduğunu qeyd edib məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 07.05.2022-ci il tarixli Yol-Nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs idarə etdiyi VAZ21154 markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 13 may 2022-ci il tarixdə qarşısında olan Renault markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və zərbədən həmin avtomobil qarşısında dayanmış KİA markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə həmin avtomobillərin sahiblərinə maddi ziyan dəymişdir. 07.05.2022-ci il tarixli, 2/9821 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə Şəxs ayıq vəziyyətdə olmuşdur. 07.05.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 may 2022-ci il tarixdə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən araməsafəsi saxlamadan qarşısındakı Renault və KİA markalı avtomobillərini vurmaqla İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şirvan Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli 3(032)-154/2022 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinib nqliyyat vasitələrini idarə etmək hüququnun 1 il müddətə məhdudlaşdırılmasına dair Şirvan Şəhər Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 3(032)-154/2022 nömrəli qərarına xitam verilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmədə toplanmış sübutlarla öz təsdiqini tapmış və məhkəmədə həmin halı təkzib edəcək heç bir sübut aşkar edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar