Məhkəmə qərarları › İş №3(001)-1481/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1481/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1481/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X2 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5196/2024 saylı icra vərəqəsindən görünür ki, hər ay 470 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X4 ödənilməlidir. Halhazırda icra sənədi üzrə X4 ödənilməmiş 950 manat aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hər ay aliment ödənişindən 300 manat ödəniş edir, 170 manat hər ay mütəmadi olaraq borc yığılaraq qalır. Son beş ay ərzində 300 manat ödəniş edilmiş, hər ay 170 manat borc yığılmışdır. Şəxs digər icra məmurunun icraatında başqa bir icra sənədi də vardır, həmin icra sənədində də öhdəlik alimentlə bağlıdır. Qeyd etdiyi icra sənədi üzrə Şəxs da mütəmadi olaraq ödəniş edir. Şəxs hər hansı bir digər gəlir yeri barədə məlumatları yoxdur. Şəxs icra sənədini icra etməməkdə də hər hansı bir qərəzli hərəkətləri müşahidə edilməmiş, sadəcə zərərçəkmiş şəxsin çoxsaylı şikayətləri səbəbi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, onun himayəsində 7 yaşında övladı vardır, həmin uşağa özü baxır, çünki uşağın anası dünyasını dəyişmişdir. Bundan başqa 2 yaşlı digər bir övladına 300 manat olmaqla aliment ödənişi edir, həmin aliment ödənişini də mütəmadi olaraq həyata keçiri və ödəniş qəbzlərini özündə saxlayır. Bundan başqa X4 da mütəmadi olaraq aliment ödənişi etmişdir, sadəcə alimentin miqdarı artırıldıqdan sonra ödənişləri ödəməkdə çətinlik çəkmişdir. O, sahibkarların avtomobillərini taksi kimi idarə etməklə gəlir edir. Aylıq gəliri 600 manat təşkil edir və 120 manat da azyaşlı övladına baxdığı üçün dövlət tərəfindən ona ödənilir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, ona icra sənədi üzrə 470 manat ödənilməlidir, lakin Şəxs hər dəfə 300 manat ödəniş edir. Hazırda ona ödənilməmiş 950 manat borc vardır. O, məhkəmə qətnaməsində göstərilən məbləğin tam şəkildə ona ödənilməsini tələb edir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 5196/2024 saylı icra vərəqəsi üzrə tələbi yerinə yetirmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5196/2024 saylı icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 21 may 2008-ci il təvəllüdlü Rövşən və 25 oktyabr 2010-cu il təvəllüdlü Hakanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs X3 xeyrinə hər ay tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmış və hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi isə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5196/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5196/2024 saylı icra vərəqəsi üzrə Şəxs tərəfindən ödənilməmiş 950 manat aliment borcu vardır. Lakin, onun aliment borcunun yığılmasına səbəb qazancının az olması ilə bağlıdır. Belə ki, onun himayəsində təkbaşına böyütdüyü azyaşlı övladı vardır, bundan başqa hazırki icra işindən əlavə başqa bir icra işi üzrə də aliment öhdəliyi mövcuddur. Həmin icra işi üzrə də mütəmadi olaraq 300 AZN ödəniş edir. Nəzərə alınmalıdır ki, Şəxs sahibkarların avtomobillərini taksi kimi idarə etməklə qazanc əldə edir və 120 manat təqaüid alır. Taksi fəaliyyətindən 600 manat qazanc əldə etdiyini özü səmimi olaraq bildirmiş və həmin fəaliyyət ilə qeyri-rəsmi olaraq məşğul olur. İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət yaranması üçün borclunun icra sənədini qərəzli olaraq icra etməməsi mühüm şərtdir. Məhkəmə iclasında isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5196/2024 saylı icra vərəqəsi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs rəsmi olaraq heç bir yerdə işləmədiyi halda səmimi olaraq gəliri barədə məlumat verməsi, himayəsində azyaşlı övladı olmasına və digər övladına 300 AZN aliment ödəməsinə baxmayaraq, mütəmadi olaraq hazırki icra sənədi üzrə də 300 manat ödəmiş və icra sənədi üzrə borc cəmi 950 manat təşkil edir. Qeyd olunan hal Şəxs icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. "Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Əgər borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, icra sənədi hər hansı bir hərəkət və ya hərəkətsizliklə bağlı deyildir, şəxsin hər hansı bir işi icra etməsi ilə əlaqədar deyildir, məhz şəxsdən pulun tutulub, tələbkara verilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə icra məmurunun tələbi də yalnız icra sənədindəki pulun ödənilməsi ilə əlaqədardır. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclu Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar