Məhkəmə qərarları › İş №3(001)-1487/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1487/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1487/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə işdən evə qayıdarkən Binəqədi RPİ-nin DYPŞ polis mayoru X5 barəsində İXP ******* nömrəli, xx.xx.2021-ci il tarixli protokol tərtib edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.2-ci maddələri ilə “Yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 1.1.1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə” 100 (yüz) manat məbləğində əsassız olaraq cərimə edilmişdir. Həmin protokola əsasən TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək ona xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Ehtimal olunan inzibati xəta Binəqədi rayonu, Məmmədoğuİİar Servisin qarşısında baş vermişdir. Binəqədi RPİ-nin DYPŞ polis mayoru X2 qərarı əsassızdır və həmin qərar ilə razı deyildir. O, heç bir qanunsuz hərəkət etməmişdir. Belə ki, tərəfindən heç bir qanun pozuntusuna və yol nəqliyyat vasitəsinin idarə edilməsində yol hərəkət qaydaları pozulmamış, heç bir yayınma olmamış, heç bir maneə keçmə olmamış və yanlışlığa yol verilməmişdir. Binəqədi Rayon DYPŞ Polis mayoru X5 tərəfindən qəbul edilmiş qərar əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.2-ci maddələrinə əsasən barəmdə qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə ***-***-**-** nömrəli mobil nömrədən ona zəng olunaraq **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olmasını soruşulmuş və o, yol nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ-nin DYPŞ-nə dəvət olunmuşdur. Həmin günü Binəqədi RPİ-nin DYPŞ-nin polis mayoru Namiq Abdullayevə yaxınlaşmış və sonuncu ona izahat yazmasını, lakin onun tərəfindən deyilən sözlərin yazılmasının zəruri olmasını bildirmişdir. O da polisin hakimiyyət nümayəndəsi olmasını və heç bir halda onu aldatmayacağını nəzərə alıb, deyilən sözləri izahata yazmışdır. Lakin sonradan Namiq Abudllayev onun barəsində inzibati tənbeh tədbiri gördükdə, o, başa düşmüşdür ki aldadılmışdır. Ehtimal olunan yol nəqliyyat hadisəsi xx xxxxxx 2021-ci il tarixdə təxminən 10:11 radələrində Binəqədi rayonu, Məmmədoğullar Servisin qarşısında baş vermişdir. Ona məxsus olan “Chevrolet Aveo” minik markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıdan hərəkətdə olan “Chevrolet Cruze” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona doğru hərəkət edərək xarici işıq siqnalı və əllə işarə edərək yanında saxlamış, şüşələri endirib ona “niyə yoluma çıxmısan” demişdir. O isə cavab olaraq bildirmişdir ki, “hava buzludur və sağında olan avtomobil onun yoluna çıxdığına görə məcburən sol yola çıxmışdır”. Lakin hadisə baş verməmiş əgər hər-hansı ziyan vurulmuşsa belə o, ziyanı qarşılamağa hazırdır. Təqdim etdiyi foto şəkildən də müəyyən olunur ki, “Chevrolet Cruze” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirilməmişdir. Bundan başqa, yol nəqliyyat hadisəsi baş verərkən və yaxud hadisə yerindən sürücü yayındıqda o halda, YPX inspektoru Yol Patrul Xidmət haqqında Təlimata əsasən hadisə yerindən sürücünün nəqliyyat vasitəsi ilə birgə yayındığı halda onun axtarışı üçün keçirilmiş tədbirlər barədə sənədlər və raport, sürücüsü hadisə yerindən yayınmış nəqliyyat vasitəsi tapıldıqda DYP əməkdaşı ona baxış keçirir, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmaqla nəticəsi ilə bağlı protokol tərtib edilir. Lakin polis əməkdaşı qanunun həmin tələblərinə riayət etməmişdir. Bundan başqa, ehtimal olunan yol nəqliyyat hadisəsi xx xxxxxx 2021-ci il tarixdə təxminən 10:11 radələrində baş vermiş, lakin həmin vaxtdan xx.xx.2021-ci il tarixədək hansı zəruri tədbir görülmədən barəsində qərar qəbul edilmişdir. Çünki qanunvericiliyin tələblərinə görə, hadisə barədə məlumat daxil olduqda, inzibati araşdırma barədə qərardad qəbul edilməli, digər ardıcıl zəruri prosessual hərəkətlər aparılmalıdır. Bununla yanaşı, hər iki avtomobilə baxış keçirilməli, bu barədə baxış haqqında protokol tərtib olunmalı hadisə yerinə baxış və .s hərəkətlər həyata keçirilməlidir. Ona görə də, məhkəmədən inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, X1 hazırda mübahisələndirilən inzibati xətanı törətməsi halına səbəb müəyyənləşdirilməmiş, iş üzrə zəruri araşdırmanın aparılıb-aparılmaması, araşdırma aparılmışsa barəsində icraat aparılan şəxsi müvafiq sənəd və hərəkətlərlə tanış etmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X3 iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar