Məhkəmə qərarları › İş №3(001)-1488/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1488/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1488/2021 29.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Novruzova Cəmilə Davud qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 həmçinin vəsatət ilə məhkəməyə müraciət edərək, məhkəməyə şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qeyd edilən qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş, lakin şikayət geri qaytarılmışdır. Səbəb isə müddətin buraxılmış hesab edilməsi kimi qiymətləndirilmişdir. Lakin qərardan xx.xx.2021-ci il tarixdə şikayət yazmışıdr. Şikayətin geri qaytarılması müddətin biraz daha uzadılmasına səbəb olmuşdur. Bu səbəbdən həmin qərardan şikayət verərək, şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, ərizəni, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Yuxarıda qeyd edilən şikayət məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1140/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən X3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmışdır. Daha sonra şikayətçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra şikayət yenidən məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 432.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 432.2-ci maddəsinə əsasən həmin Məcəllənin 432.1-ci madəsində nəzərdə tutulmuş müddət üzürlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 432.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarında olan müddətin bərpası barədə vəsatətindən də görünür ki, vəsatət əsaslandırılmamış, şikayət vermək üçün buraxılmış müddətin hansı üzürlü səbəblər nəticəsində baş verməsini qeyd etməmişdir. İnzibati Xətalar Məcəlləsində belə bir tələb yoxdur ki, məhkəməyə şikayət vermək üçün ilk öncə yuxarı orqana şikayət verilməlidir və yaxud yalnız yuxarı orqana şikayət verildikdən sonra məhkəməyə şikayət verilə bilər. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Səlahiyyətli orqana və ya məhkəməyə şikayət vermək hüququnu seçmək şikayət vermiş şəxsin mülahizəsindən asılıdır. Beləliklə, hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzürlü səbəblərlə əlaqədar deyildir, şikayətçinin öz mülahizəsinə əsasən birinci yuxarı orqana şikayət verdiyi üçün müddət buraxılmışdır. Müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzürlü səbəb hesab edilməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-438-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatəti rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar