Məhkəmə qərarları › İş №3(001)-1496/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1496/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1496/2022 11.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)-94/2022 nömrəli qərardadı ilə Şəxs barəsində tərtib olunmuş protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-1496/2022 nömrəli qərarı ilə Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmış, 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-1496/2022 nömrəli qərarından verilmiş apelyasiya şikayəti əsasında inzibati xəta haqqında material xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1736/2021 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 1496/2022 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində **- RR-*** dövlət qeydiyyat nişanlı “TOYOTA CAMRY” markalı avtomobili Corat-Novxanı yolu ilə idarə edərkən YPX əməkdaşı ona saxla işarəsi vermiş, o, əmrə tabe olub, avtomobili saxlamışdır. YPX əməkdaşı özünü təqdim edərək ona avtomobilin “stop” işığının yanmadığını bildirmiş, həmçinin spirtli içki qəbul edib-etməməsini yoxlamaq üçün alkotester aparatına üfürməsini xahiş etmişdir. O, alkotester müayinəsindən keçdikdən sonra YPX əməkdaşı ona içkili olduğunu demiş, lakin o, razılaşmayaraq, həkimin müayinəsindən keçirilməsini tələb etmişdir. Lakin YPX əməkdaşları onun bu tələbini nəzərə almayaraq avtomobilini cərimə meydançasına yerləşdirmişlər. Səhəri gün o, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə getmiş və barəsində protokol tərtib edilmişdir. Polis şöbəsində ona spirtli içki içib avtomobil idarə etməsi ilə bağlı izahat yazmasını dedikdə o, bundan imtina etmişdir. İş yoldaşı X1 baş vermiş hadisənin şahidi olmuşdur. Qeyd edilənləri nəzərə alaraq Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində iş yoldaşı Şəxs idarə etdiyi **-RR-*** dövlət qeydiyyat nişanlı “TOYOTA CAMRY” markalı avtomobillə Corat-Novxanı yolundan keçərkən YPX əməkdaşı avtomobili saxlamış, əvvəl avtomobilin “stop” işığının yanmadığını bildirmiş, sonra isə Şəxs spirtli içki içməsindən şübhələndiyini bildirib alkotester müayinəsindən keçməsini xahiş etmişdir. Şəxs heç bir spirtli içki içmədiyi üçün etiraz etmədən alkotester müayinəsindən keçmiş və YPX əməkdaşı ona içkili olduğunu deyib barəsində protokol tərtib olunacağını bildirmişdir. Şəxs içkili olmadığını deyib, həkim müayinəsindən keçirilməsini tələb etsə də, YPX əməkdaşları buna məhəl qoymamış, avtomobili cərimə meydançasına aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:25-də “TOYOTA CAMRY MİNİK” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili Sahil küçəsində sərxoş vəziyyətdə idarə etdiyinə və işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə barəsində İXM-in 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi “TOYOTA CAMRY MİNİK” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə saat 00:35-də duracağa yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22:25-də xüsusi texniki vasitədən istifadə edilmiş və onun bədənində alkoqol aşkar edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-1496/2022 nömrəli qərarından görünür ki, Şəxsn İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmış, 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə həvalə edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, Şəxs barəsində onun nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə dair araşdırma aparılmış olsa da, sonuncunun sərxoş halda avtomobil idarə etməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:25-də “TOYOTA CAMRY MİNİK” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili Sahil küçəsində idarə edərkən İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli aktda, Şəxs idarə etdiyi “TOYOTA CAMRY MİNİK” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə saat 00:35-də duracağa yerləşdirilməsi qeyd edilmişdir. Bundan əlavə xx.xx.2022ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda Şəxs sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22:25-də xüsusi texniki vasitədən istifadə edilməsi və onun bədənində alkoqol aşkar edilməsi göstərilmişdir. Yuxarıda göstərilənlər təhlil edilərək belə nəticəyə gəlinir ki, Şəxs idarə etdiyi xx.xx.2022-ci il tarixdə saat 22:25-də “TOYOTA CAMRY MİNİK” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili Sahil küçəsində idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılıb alkotester müayinəsindən keçirilsə də, həmin texniki vasitə barədə məlumatlar (göstəricisi, tipi, markası, modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçidiyi vaxt və s.) protokolda qeyd edilməmiş, bundan əlavə sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında xx.xx.2022-ci il tarixli protokolda Şəxs adı qeyd edilsə də sonuncu tərəfindən imzalanmamış, protokolla tanış olub-olmaması və protokolu imzalamamasının səbəbləri protokolda qeyd edilməmişdir. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə materiallarında Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı ziddiyyətli məqamlar mövcuddur ki, həmin ziddiyyətli məqamlar Şəxs xeyrinə təfsir edilməldir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə. Qeyd edilən qaydalara əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Odur ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar