Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1498/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X10 “Camal” LTD şirkətinin direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməyi və ona 700 (bir min iki yüz) manat inzibati cərimə tətbiq olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 17 fevral 2022-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” MN №1291543 nömrəli Qərarı qanunsuz və əsassızdır, aşağıdakılara görə ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında "xxxx" MMC-nin prezidenti Ceyhun Abbasovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli olması barədə heç bir mötəbər sübut mövcud deyil, "xxxx" MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş X13 öz razılığı ilə işdən azad olunduqdan sonra "iş vaxtından artıq işlərə cəlb edilməsi, əmək haqqının hesablanmasında və ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması" barədə Əmək Müşfəttişliyinə şikayət etmişdir. X11 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılan zaman təqsirin sübuta yetirilməsi barədə heç bir əsasın olmadığını bildirmiş və bunu təsdiq edən rəsmi sənədləri təqdim etmişlər. Belə ki, qərarından şikayət olunan orqan qərarın qəbul edilməsinə əsas olan MN ******* nömrəli "inzibati xəta haqqında" Protokolda qeyd etmişdir ki, guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq, X6 19.01,2022-ci il tarixdə iş vaxtının müddəti 1 saat qısaldılmamış və artıq iş saatına görə əlavə əməkhaqqı hesablanıb ödənilməmişdir, qərardan şikayət olunan orqan bu qənaətə gəlmək üçün X5 hazırki iş üzrə sorğusuna cavab olaraq göndərilmiş "yanvar 2022 iş vaxtının uçotu tabelindən ÇİXARİŞ“da göstərilən məlumatlara istinad etmişdir. Lakin sonradan MMC-nin İnsan Resursları Departamentinin rəhbəri Seymur Əhmədov və əməliyyatlar üzrə şöbə rəhbəri Zahid Abbasov X11 Bakı şəhər İdarəsinə müraciət edərək, qeyd edilən Çıxarışın əməliyyatlar bölməsində işləyən baş mütəxəssis Hikmət Mürsəliyev tərəfindən hazırlandığını və hazırlanarkən yanlışlığa yol verildiyini müfəttişlərin nəzərinə çatdıraraq, şirkət rəhbəri tərəfindən təsdiqlənmiş "yanvar 2022-ci ilə aid tabel cədvəli”ndə olan X9 aid məlumatların nəzərə alınmasını xahiş etmişlər. Eyni zamanda, tabeldən Çıxarışın hazırlanması zamanı yol verdiyi yanlışlığa görə Hikmət Mürsəliyevə ızam tənbehinin verildiyi də müfəttişlərə bildirilmiş, yanvar 2022-ci ilə aid tabel cədvəli və Hikmət Mürsəliyevə intizam tənbehinin verilməsi ilə bağlı müvafiq sənədlər təqdim edilmişdir. Buna baxmayaraq, qərarından şikayət olunan orqan X11 xidmətinin Bakı şəhər İdarəsi heç bir obyektiv araşdırma aparmadan, təqdim edilmiş sənədləri nəzərə almadan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Halbuki, təqsir yalnız şübhə doğurmayan və təkzibedilməz sübutlar əsasında təsdiq edilməlidir. İnzibati xəta haqqında protokolun tərtib edilmə qaydaları pozulmuşdur. Halbuki, həmin maddənin tələblərinə əməl edilməklə araşdırma aparılsa və qərar qəbul edilsəydi, X6 şikayətinin tamamilə əsassız olduğu öz təsdiqini tapardı. İnzibati xətalar haqqında iş üzrə icraatın aparılma qaydaları pozulmuşdur. X11 Xidmətinin Bakı şəhər İdarəsi X6 müraciəti əsasında inzibati xəta haqqında iş,. hüquqi şəxs olan "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə araşdırmış, lakin yekunda qəbul etdiyi "inzibati tənbeh vermə haqqında" MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarla "xxxx" MMC-nin prezidenti olaraq X7 inzibati məsuliyyətə cəlb etmişdir. Əvvəla, Ceyhun Abbasov vəzifəli şəxs qismində fiziki şəxs olaraq inzibati məsuliyyətə cəlb edilibsə, deməli inzibati xəta haqqında iş üzrə icraat aparılarkən C. Abbasov ya şəxsən, ya da vəkil vasitəsilə təmsil edilməli idi. İkincisi isə, inzibati məsuliyyətə cəlb edilən hüquqi şəxs olan "xxxx" MMC-dirsə, bu zaman inzibati xəta haqqında iş üzrə yekun protokol tərtib edilərək, qərar qəbul edilməsi üçün materiallar məhkəməyə göndərilməli idi. İnzibati orqan tərəfindən qərar qəbul edilərkən, Ceyhun Abbasovun iştirakı tamin edilməmiş, iclasın vaxtı və yeri barədə lazımi qaydada onun pasport qeydiyyatında olan ünvana bildiriş çatdırılmamışdır. Qərarın verilməsinə əsas olan MN seriyalı ******* nömrəli "inzibati xəta haqqında“ Protokolda göstərilmişdir ki, guya, X10 dəvət olunsa da iştirak etmədi. Halbuki, X8 hazırki iş üzrə işə baxılmasının vaxtı və yeri və digər prosessual hərəkətlər haqqında xəbərdarlıq edilməmiş, o, işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırılmamış, bu barədə ona hər hansı formada bildiriş çatdırılmamışdır. Göründüyü kimi, qanunverici, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, hakim və ya vəzifəli şəxs tərəfindəm istənilən prosessual hərəkətə çağırılmasını məcburi hesab etmiş və bu qaydaya əməl edilməməsinin hüquqi nəticəsini müəyyənləşdirmişdir. X11 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticəyə görə guya, X10 tərəfindən AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli xx.xx.2022-ci il tarixində baş vermişdir. Hətta, həqiqətən də X10 tərəfindən AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan əməl 19.01,2022-ci il tarixində törədilib, bu vaxt da, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli idi. Bütün bunlar isə X11 Xidmətinin Bakı şəhər İdarəsinin “inzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarının tamamilə qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir. Şikayətçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X11 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi törədilən inzibati xətanın uzanan inzibati xətalara aid olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və tədqiq edilən: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 338/k saylı əmrindən çıxarışdan görünür ki, X6 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, X10 barəsində İXMnin 192.4-cü maddəsinə əsasən barəsində protokol tərtib edilmişdir. İş materialalrında olan MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X10 İXM-nin 192.4-cü maddəsinə əsasən təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Qərarda inzibati xəta pozuntusu kimi- vətəndaş X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq xx.xx.2022-ci il tarixdə iş vaxtından artıq vaxta görülən işə görə əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verdiyi göstərilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi inzibati xəta hesab edilir. AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. AR İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə araşdırması nəticəsində işçiyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək haqqının ödənilməsində qanun pozuntusuna yol verilməsi faktı öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq AR İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından da göründüyü kimi inzibati xəta hadisəsi xx.xx.2022-ci il tarixdə törədilməsinə baxmayaraq inzibati orqan tərəfindən hüquqi şəxs inzibati qaydada məsuliyyətə xx.xx.2023-cü il tarixdə cəlb edilmişdir. İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Uzanan hüquqpozuntuları” başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarı). İXM-nin 53.1.6-cı maddəsinəgör bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1498/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1498/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver