Məhkəmə qərarları › İş №3(001)-15/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-15/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-15/2021 21.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Qasımova Gültəkin Bilal qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 271-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 264.0.1 və 271-ci maddəsi ilə tərtib edilmiş 14.10.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli 3(001)-15/2021 saylı qərarı ilə Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi şikayət verərək müvafiq qərarın ləğv edilməsi və 14.10.2020-ci il tarixli MN ******* nömrəli protokolun qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-862/2021 saylı, 15.04.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Şəxs MMC-nin barəsində olan Azərbaycan Respublikası İXM-nin 264.0.1 və 271ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 3(001)-15/2021 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 verdiyi izahatında bildirmişdir ki, MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. MMC barəsində İXM-nin 264.0.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol tamamilə əsassızdır.Belə ki, onlar çikab sularını Xocasən gölünə axıtmırlar və bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir.Belə ki, çirkab sularının axıdılması üçün ərazidə onlar tərəfindən xüsusi hazırlanmış (2.5X2.5 ölçüsündə) quyu mövcuddur və çirkab suları həmin quyuya axıdılır, bu fakt məhkəməyə təqdim olunmuş fotoşəkillər ilə də təsdiqini tapır.Bundan başqa, Xocasən gölünə axıdılan sular yağış və qurunt sularıdır, bu fakt fotoşəkillərə əsasən də təsdiqini tapır.Belə ki, anbarın damının suyu və qurunt suları yığılaraq, heç bir çirkab suya qarışmadan ayrıca bir kanalizasiya xətti ilə gölə axıdılır. Bundan başqa, İXM-nin 271-ci maddəsi ilə tərtib olunan inzibati protokol da əsassızdır.Belə ki, Xocasən Bələdiyyəsi ilə MMC arasında «məişət tullantılarının daşınması» haqqında № 00161 saylı, 06.01.2020-ci il tarixli iki tərəfli müqavilə mövcuddur. Bundan başqa, Vergi orqanın elektron vasitələrində qeyd olunduğu kimi MMC topdan satışla məşğul olur və heç bir istehsal, təmir və ya başqa çox zibil çıxaracaq sahələrlə məşğul olmur, onların fəaliyyətində boş kardon qutular və polietilen poşetlər olur, onu da müəyyən razılaşdırılmış qiymətə bu işlə məşğul olan fiziki şəxslər pul müqabilində özləri yığıb aparırlar, hər ay, onların qeyd etdiyi kimi onu özləri yandırmırlar və bu məntiqlə düzgün deyil, belə ki, pula sata biləcəkləri şeyi niyə yandırmalıdırlar ki, bundan başqa, yerləşdikləri ərazidə bələdiyyənin zibil yeşikləri mövcuddur və hər ildə Bələdiyyəyə ödəmə edirlər, ehtiyac olduğunda (xırda zibillər) zibil qutularndan istifadə edirlər. Bundan başqa, inzibati xəta haqqında protokolda göstərilən Rəfiyev Elvin adlı işçi Şəxs MMC-nin satışmarketoloq vəzifəsində çalışır, yuxarıda göstərilən inzibati binaların və kommunikasiya xətlərinin planı barədə səlahiyyəti və məlumatı olmayan bir şəxsdir, bu barədə də gələn nümayəndələrə məlumat vermiş və müdiriyyətin gəlməsini gözləməyi xahiş etmiş və növbəti gün yaxınlaşıb bütün məlumatları müdriyyətdən almağı onlara təklif etmişdir. Bundan başqa, protokolun tərtib olunduğu ərazi ilə MMC hüquqi ünvanı arasında heç bir əlaqə mövcud deyildir.Belə ki, həmin ərazi Bələdiyyə sənədi ilə fiziki şəxs Hüseyn Rəfiyevə məxsusdur, MMC-nin ofisi və idarəçiliyi öz rəsmi ünvanında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı, ev 3 Q ünvanda aparılır. Həmçinin, inzibati orqanın nümayəndələri protokolu tərtib edərkən məlumatı divara vurulmuş şərti ad olan Şəxs sözü yazılan taxta parçasından götürmüşdürlər və protokolda MMC-nin VÖEN-i belə qeyd olunmamışdır. Bundan başqa, həmin ərazidə yolun üzərində böyük maşınların təmir sexləri, daş sexləri, istehsal müəssisələri, ət kəsim yerləri, ümumilikdə 200-dən yuxarı sənaye və ticarət obyektləri və sair mövcud olsa da, nədənsə yalnız onlara inzibati protokol tərtib tərtib olunmuşdur. Həmçinin, Şəxs MMC-nin fəaliyyəti dövründə hər zaman maddi dəstəyə ehtiyacı olan şəxslərə, dövlət tərəfindən təşkil olunmuş humanitar tədbirlərdə fəal iştirak etmişdir və iştirak etməkdə də davam edir. Bundan başqa, pandemiya ilə əlaqədar dəstək fonduna 5000 manat, Silahlı Qüvvələrin yardım fonduna 10000 manat, cəbhədə döyüşən əsgərlərə 12000 manat dəyərində isti paltar, generatorlar, əl alətləri və sairə yardım etmişdir.Buna görə də, MMC-nin nümayəndəsi MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 271-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərtib olunmuş protokol əsaslıdır. Protokolda qeyd edilən ünvan bərbad vəziyyətdədir, bütün ərazi anti-sanitar şəraitdədir. Xocasən Bələdiyyəsi ilə MMC arasında «məişət tullantılarının daşınması» haqqında № 00161 saylı, 06.01.2020-ci il tarixli iki tərəfli müqavilə barədə heç bir məlumat yoxdur. Qeyd edilən müqqavilə protokol tərtib olunan zaman təqdim edilməmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 264.0.1 və 271-ci maddəsi ilə təqsirli olmadığından iş üzrə icraata xitam verilməlidir. 1) Belə ki, iş materiallarında olan 14.10.2020-ci il tarixli, MN ******* nömrəli protokolda törədilmiş inziati xətaların mahiyyətinə dair məlumatda mübahisəli əraziyə 13.08.2020 və 13.10.2020-ci il tarixdə baxış keçirildiyi və Şəxs MMC-nin fəaliyyəti zamanı yaranan çirkab suyun qeyri-qanuni olaraq Xocahəsən gölünə axıdıldığı və tullantıların qeyri-qanuni qalaqlanması və yandırılması qeyd edilmişdir. Həmçinin inzibati xəta hadisəsi ilə bağlı faktın 13.08.2020-ci il tarixli 21/M nömrəli monitorinq aktı və ərazidə çəkilmiş fotoşəkillər ilə təsdiq edildiyi qeyd edilmişdir. Lakin inzibati orqan tərəfindən iş materiallarına 13.10.2020-ci il tarixdə keçirilmiş monitoriqə dair hər hansı bir akt əlavə edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilən 13.08.2020-ci il tarixli 21/M nömrəli monitorinq aktında çirkab suların ərazidən keçənn boru xəttinə axıdıldığı, vizual şəkildə müəssisənin həyətindəki quyuda olan çirkab suların boruya axıdıldığının müşahidə edildiyi qeyd edilmişdir. Aktdan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi quyuda olan çirkab suların hansı mənbədən toplandığı, hansı boruya birləşdiyi, Xocahəsən gölünə hər hansı formada çirkab su axıntısının həyata keçirilib-keçirilmədiyini müəyyən etmək mümkün deyildir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. 2) AR İXM-nin 271-ci maddəsi sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyəti müəyyən edir. İş materiallarına əlavə edilən 13.08.2020-ci il tarixli 21/M nömrəli monitorinq aktında əmələ gələn məişət tullantılarının daşınması üçün aidiyyati qurumlarla müqavilə bağlanılmadığı qeyd edilsə də, barsinə inzibati xəta törədilməsi barədə icraat aparılan hüquqi şəxsin nümayənəsi tərəfindən iş materiallarına əlavə edilmiş Xocahəsən bələdiyyəsi ilə X3 arasında bağlanılmış 06.01.2020-ci il tarixli müqaviləyə görə icraçı, yəni Xocahəsən bələdiyyəsi sifarişçinin fəaliyyəti zamanı yaranan bərk məişət tullatılarının xüsusi nəqliyyat vasitələri ilə daşınması və zərərsizləşdirlməsini təmin edir. Hətta İXM-nin 271-ci maddəsi üzrə inzibati xəta hadisəsinin törədildiyini hesab etsək belə inzibati xəta hadisəsini törədən şəxsin kim olduğunu, kimin məsuliyyətə cəlb edilməli şəxs olubolmadığını müəyyən etmək mümkün olmur. İnzibati orqan tərəfindən tullantıların qalaqlanması və daşınması qaydalarının pozulmasıın özünü nədə ifadə etməsi izah edilə bilmir. Belə ki, İstehsalat və məişət tullantıları haqqında Qanunun 13-cü maddəsinin 2-ci bəndinin tələbinə görə nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantının daşınmasını həyata keçirənlər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Normanın məzmunundan da göründüyü kimi İXM-nin 271-ci maddəsi üzrə inzibati xəta hadisəsinin kim tərəfindən törədilməsi dəqiq müəyyən edilməlidir. Tərəflər arasında mövcud müqavilə icraçı- Xocahəsən bələdiyyəsinin üzərinə müqavilə üzrə daşıma və zərərsizləşdirilməsi öhdəliyini yaratdığından, hazırki iş üzrə Şəxs MMC-nin məsuliyyətini istisna edir. Çünki İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. . İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 271-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar