Məhkəmə qərarları › İş №3(001)-1510/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1510/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1510/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Binəqədi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-in nümayəndəsi “Union” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, https://cms.justice.loc/Cases/Default.aspx?caseI d=3315212Şəxs, AZ1116, ünvan 1, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair İnzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X12 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində qəbul edilmiş 27 fevral 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərara əsasən, hüquqi şəxs Şəxs MMC-in qanuni təmsilçisi və direktoru X13 əmək müqaviləsi (kontrakt) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs Şahid1 2024-cü ilin may-iyun ayları ərzində ünvan 1 ünvanda yerləşən “CHAİLAB” restoranında aşpaz köməkçisi vəzifəsində mətbəxdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-in nümayəndəsi “Union” vəkil bürosunun vəkili Vəkil məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Binəqədi Rayon Prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş inzibati xəta haqqında iş üzrə qərarda və qərara əlavə edilmiş sənədlərdə yalnız Şahid1 və Şahid2 izahatları vardır. İş materialında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-in qanuni təmsilçisinin, icraçı direktorunun, nümayəndəsinin, eləcə də izahatlarda adları şəkilən şəxslərin və ya digər şəxslərin iş üzrə izahatları yoxdur. Binəqədi Rayon Prokurorluğunun 27 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Binəqədi Rayon Prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatı birtərəfli aparmış, Şəxs MMC-in mövqeyini, məsələyə münasibətini nəzərə almadan qərar qəbul etmişdir. Halbuki, qanunvericilik tələb edir ki, hüquq-mühafizə orqanları, eləcə də məhkəmə inzibati xəta haqqında iş üzrə icraatı tam, obyektiv və hərtərəfli araşdırmalıdır. İnzibati xəta haqqında iş üzrə icraat zamanı Şəxs MMC-in icraçı direktoru X8 mobil telefon vasitəsilə qeyri-rəsmi qaydada Binəqədi Rayon Prokurorluğuna dəvət edilmiş və yazılı izahatı alınmışdır. Lakin onlara məlum olmayan səbəblərdən B.Quliyevin yazılı izahatı iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan hal bir daha onu göstərir ki, Binəqədi Rayon Prokurorluğunun sözügedən qərarı qanunsuz və hər hansı hüquqi əsas olmadan qəbul edilmiş, qarşı tərəfin mövqeyi, fikri nəzərə alınmamışdır. İş materialında Şahid1 və Şahid2 izahatlarından əlavə başqa sənəd yoxdur. Binəqədi Rayon Prokurorluğunun həmin qərarından belə məlum olur ki, istənilən şəxsin izahatı ilə Şəxs MMC və ya digər hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilə və məhkəməyə göndərilə bilər. Binəqədi Rayon Prokurorluğunun qərarı ehtimallar üzərində qəbul edilmişdir. Eyni zamanda iş materialında Şəxs MMC-in qanuni təmsilçisi V.Quliyevanın rəsmi qaydada inzibati xəta haqqında iş üzrə icraata cəlb edilməsi barədə çağırış vərəqəsinin V.Quliyevaya çatdırılmasını təsdiq edən müvafiq sübut yoxdur. Şəxs MMC-in qanuni təmsilçisi V.Quliyeva Binəqədi Rayon Prokurorluğuna rəsmi qaydada çağırılmamış, MMC-in icraçı direktoru B.Quliyev telefon zəngi ilə çağırılmış, lakin onun yazılı izahatı iş materialına əlavə edilməmişdir. Göründüyü kimi, barəsində qərar tərtib olunan şəxsin (nümayəndəsinin) izahatı alınmamış, iştirakı təmin olunmamış və ya dəvət edilməsini və çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş, şahidlər dinidirilməmişdir. Bu səbəbdən də inzibati iş üzrə icraata xitam verilməlidir. Beləliklə, Binəqədi Rayon Prokurorluğu tərəfindən qanunvericiliyin normaları pozulmuş, iş materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, etiraz, vəsatət vermək və sair hüquqları təmin olunmamışdır. İzahatında B.Quliyev bildirmişdir ki, Şahid1 Şəxs MMC-də rəsmi və ya qeyri-rəsmi olaraq, əmək fəaliyyəti ilə məşğul olmamış, MMC-in icraçı direktoru olaraq, Şahid1 ümumiyyətlə tanımır. Şəxs MMC-də işləyən işçilərin hamısı ilə rəsmi qaydada əmək müqaviləsi bağlanmış və əmək qanunvericiliyinin tələbləri nəzərə alınmışdır. MMC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Şahid1 və Şahid2 izahatları şər və böhtan xarakterli, şəxsi mülahizələrdən ibarətdir. AR İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün qanunverici iki əlamətin mövcudluğunu tələb etmişdir. Bunlar a) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməməli, b) işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir. Səlahiyyətli orqan tərəfindən işə cəlb olunması iddia edilən şəxs Şahid1 mövqeyindən də aydın olur ki, o, MMC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmiş, onun həqiqətən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edəcək sübutlar isə səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu öz təsdiqini tapmamışdır. Beləliklə, Binəqədi Rayon Prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, hüquqi şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış, yalnız daxil olan məlumat əsasında qərar tərtib edilərək iş materialları məhkəməyə göndərilmişdir. Bu isə onu deməyə əsas verir ki, səlahiyyətli orqan tərəfindən şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış, prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamış, araşdırma natamam şəkildə aparılmış və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Odur ki, yuxarıda şərh edilənləri nəzərə alaraq, Şəxs barəsində Binəqədi Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X9 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun çıxış edərək, hüquqi şəxs Şəxs MMC-in tənbeh edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi “Union” vəkil bürosunun vəkili Vəkil yazılı etirazını müdafiə edərək əlavə olaraq bildirmişdir ki, Şahid1 prokurorluqda verdiyi izahatında bildirir ki, onu Şahid2 işə götürüb. Halbuki, Şahid2 işəgötürən şəxs olmamışdır. Şahid1 restoranda əvvəllər baş aşpaz işləmiş Şahid2 tərəfindən öyrədilərək, qərəzli şəkildə şikayət etmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində Binəqədi Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, o, Şəxs MMC-in icraçı direktoru vəzifəsində çalışır və hər gün vaxtında işə gedib-gəlir. Şahid2 tanıyır, belə ki, o, əmək müqaviləsi əsasında 2024-cü ilin yay fəslində restoranda baş aşpaz kimi tək işləmişdir. Şahid2la əmək münasibətləri sonlananda onlar arasında hər hansı narazılıq olmamış, son haqq-hesab ödənilərək işdən azad edilmişdir. Şahid1 isə ümumiyyətlə tanımır. Restoranda hər kəs əmək müqaviləsi əsasında işləyir, necə ola bilər ki, yalnız Şahid1 əmək müqaviləsi bağlanmadan işləsin. Bu mümkün olan hal deyil. Hüseynin şikayətinin səbəbi onlara məlum deyil. Hüseynin şikayəti əsasında o, Binəqədi rayon prokurorluğa dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, o, 13 iyun 2023-cü il tarixindən 23 iyul 2024-cü il tarixinə qədər “CHAİLAB” restoranında menecer vəzifəsini icra etmiş, hər gün günortadan gecəyə qədər də işdə olmuşdur. Ondan əvvəl isə həmin vəzifəni icra edən Əminə adlı xanım olmuşdur. Onun işlədiyi müddətdə restoranda baş aşpaz Fərid, xatırladığı qədəri ilə də onun köməkçisi də Məhəmməd olmuşdur. Məhəmməd də əmək müqaviləsi əsasında işləmişdir. Fəridlə aralarında hər hansı narazılıq olmamışdır. Şahid1 isə ümumiyyətlə tanımır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, o, əlavə iş yeri kimi Şəxs MMC-də baş mühasib vəzifəsində çalışır. Hər gün o, restorana gedib günün son hesabatlarını tərtib edir. Şahid2 tanıyır, belə ki, o, əmək müqaviləsi əsasında 2024-cü ilin yay fəslində restoranda baş aşpaz kimi tək işləmişdir. Şahid2la əmək münasibətləri sonlananda onlar arasında hər hansı narazılıq olmamış, son haqqhesab ödənilərək işdən azad edilmişdir. Şahid1 isə ümumiyyətlə tanımır. Əgər Şahid1 həqiqətən də restoranda işləsəydi onu mütləq görərdi, çünki haqq-hesab məsələləri onun tərəfindən yerinə yetirilir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bakı Slavyan Universitetini müəllimlik ixtisası üzrə bitirmişdir. O, 2024-cü ilin yay aylarında “whatsapp” tətbiqində yaradılmış qrupda “CHAİLAB” restoranında aşpaz köməkçisi vakansiyasını görmüş və bununla bağlı müraciət etmişdir.Müraciət edərkən ona Şahid2 nömrəsini verdilər ki, iş barədə onunla danışsın. Bundan sonra o, restoranda təxminən bir ay aşpaz köməkçisi kimi işləmişdir. Həmin müddət ərzində öz vəsaiti ilə dolanmışdır. O, əmək haqqını tələb edəndə isə bildirdilər ki, büdcədə pul yoxdur. Daha sonra da müxtəlif bəhanələrlə əmək haqqını vermədilər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun Şahid2la qohumluq münasibətləri yoxdur. Əvvəl əmək müqaviləsi əsasında “X25”də işləmişdir. Şahid2 restoranda baş aşpaz kimi tanımışdır. O, aşpaz köməkçisi kimi mətbəxi səliqəyə salır, zibilləri atır və baş aşpazın tapşırıqlarını yerinə yetirirdi. O, restoranda işləyərkən Asiman müəllim ona bildirmişdir ki, haqqhesabdan narahat olmasın. O, əmək haqqını Asiman müəllimdən tələb etmişdir. O, şikayət edəcəyini bildirəndə ona hədə-qorxu gəldilər ki, şikayət etsə polisdə çox başı ağrıyacaq. Polisə şikayət etsə də nəticəsi olmadı. Daha sonra prokorurlğa şikayət etdi. Şahid2 ona şikayət etməsi ilə bağlı heç nə deməmişdir. Bayraməli Quliyevi tanıyır, o restoranda direktor kimi çalışırdı. Mətbəx restoranın içərisində ən sol tərəfdə yerləşir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, o, əmək müqaviləsi əsasında 2024-cü ilin aprel-iyul aylarında “CHAİLAB” restoranında baş aşpaz kimi çalışmışdır. Şahid1 elan edilmiş vakansiya ilə bağlı müraciət etmişdir. Təxmini 2 ay onun köməkçisi kimi işləmiş, əmək haqqı verilmədiyi üçün məcbur qalıb işdən çıxmışdır. Həmin restoranda əmək haqqı ilə bağlı həmişə problemlər olub, onun da əmək haqqını ya gecikdirirdilər ya da vermirdilər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun Şahid1lə qohumluq münasibətləri yoxdur. Vakansiya üçün müraciət edənləri Asimanla o qəbul edirdi. Şahid1 təcrübəsiz işçi idi, menyuda göstərilənlərin 70- 80%-ini hazırlaya bilmirdi. Şahid1 əmək haqqını ondan tələb edəndə bildirmişdir ki, onun əmək haqqı vermək kimi səlahiyyəti yoxdur.Bununla bağlı Bayraməli Quliyevə məlumat versə də, sonuncu bildirmişdir ki, gözləsin bir müddət sonra veriləcək. Məhəmməd də onun köməkçisi kimi restoranda işləyib. O, Cəbrayıl Cəbrayılzadəni, Surəyyanı, Aminanı habelə baş mühasib Müşkünaz xanımı tanıyır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Abdıeva Amina ifadəsində bildirmişdir ki, o, 2024-cü ildə 1 ay müddətində əmək müqaviləsi bağlanmadan “CHAİLAB” restoranında menecer kimi çalışmış, daha sonra əmək haqqı verilmədiyi üçün işdən çıxmışdır. O, işdən çıxanda Hüseyn işə yeni qəbul edilmişdi, mətbəxdə Fərid baş aşpaz kimi Məhəmməd və Hüseyn isə köməkçiləri kimi işləyirdilər. Onun əmək haqqını işdən çıxdıqdan xeyli müddət keçdikdən sonra veriblər. Ona verilmiş suala cavab olaraq bildirdi ki, o, menecer vəzifəsini icra edərkən tez-tez mətbəxə girib çıxır, nəzarət edirdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 24 fevral 2025-ci il tarixdə çap edilmiş elektron əmək müqaviləsi məlumatlarından görünür ki, Şahid1 17 sentyabr 2024-cü il tarixli əmək müqaviləsi əsasında “X24” Məhdud Məsuliyyətli Cəmiyyətində aşpaz vəzifəsində çalışır. X3 rayon prokurorluğunda verdiyi izahatda bildirmişdir ki, “... “ChaiLab” restoranının sahibi X6r. "ChaiLab” restoranı 15 dekabr 2023-cü il tarixdən fəaliyyət göstərir. Restoranda mənim vəzifəm ərzaq məhsullarının restorana təmin edilməsindən ibarətdir. Bayraməliylə qohum olduğumuzdan “Chai Lab” restoranında əmək müqaviləsi bağlanmadan gündəlik bazarlıq işləri, habelə restoranda baş vermiş texniki problemlərin aradan qaldırılmasında köməklik göstərmişəm. “Chai Lab” restoranında açılışdan, yəni 15 dekabr 2023-cü il tarixdən 2024-cü ilin may ayına qədər, 2024-cü ilin avqust ayından indiyədək bildirdiyim vəzifələri mən həyata keçirmişəm. Şahid1 tanıyıram. Onu bir dəfə restoranın qarşısında köhnə geyimdə görmüşəm. Onunla şəxsi tanışlığım olmamışdır. Hüseynin işə götürülməsi barədə heç bir məlumatım yoxdur. Hüseynlə restoranda çalışan Fərid adlı aşpaz münasibətdə olmuşdur. Çünki mətbəxə işçi götürəndə Fərid danışıqlar aparırdı. Bayraməli ilə məsləhətləşdikdən sonra həmin işçi işə götürülürdü” X1 rayon prokurorluğunda verdiyi izahatda bildirmişdir ki, “...“ChaiLab” restoranı 15 dekabr 2023-cü il tarixdən fəaliyyət göstərir. Restoranın təsisçisi həyat yoldaşım Vəsilə Quliyeva, direktoru isə mənəm. Restoranda mənim vəzifəm işçilərin işə götürülməsi barədə tərtib edilən əmrlərin imzalanması, işçilərə və satış hesabatına nəzarətdən ibarətdir. Şahid1 tanımıram. Onunla şəxsi tanışlığım olmamışdır. Hüseynin işə götürülməsi barədə heç bir məlumatım yoxdur. “ChaiLab” restoranında Fərid adlı aşpazla birgə çalışması üçün köməkçi aşpaz vakansiyası təyin olunmuş, lakin 2024-cü ilin yay aylarında uyğun namizad tapılmadığı üçün işçi götürülməmişdir. Qeyd edirəm ki, Fərid mətbəxdə yalnız işləmişdir. Hüseynin izahatında göstərdikləri şər və böhtandır. Haqsız şikayət etməkdə məqsədi məndən pul almaqdır” X2 rayon prokurorluğunda verdiyi izahatda bildirmişdir ki, “....2024-cü ilin may ayında əmək müqaviləsi bağlamadan “Chailab” restoranında menecer vəzifəsində çalışmışam. Məni işə Bayraməli götürmüş, ilk öncə aylıq 1200 manat məbləğində əməkhaqqı danışsaqda, təxminən 15 gün sonra Bayraməli mənə həmin məbləği verə bilməyəcəyini bildirdikdə işdən çıxdım. Çalışdığım müddətdə “Chai lab” restoranında çalışan işçilərdən ofisiant Şahin, Könül, Elşad, hostes Sürəyya, barmen Azad, aşpaz Fərid, aşpaz köməkçisi Məhəmməd və Hüseyni tanımışam. Hüseyn mən işlədiyim müddətdə mətbəxdə çalışmışdır. Mətbəx işlərinə Fərid nəzarət etdiyindən Hüseynin işə yanaşmasını dəqiq deyə bilməsəm də, Hüseynin may ayı ərzində dəfələrlə işə gəlməsinin şahidi olmuşam. May ayı ərzində Hüseynə “ChaiLab” restoranında aşpaz köməkçisi vəzifəsi üzrə tələbə olaraq çalışdığı müddətdə hər hansı məbləğdə əmək haqqı verilməsinin şahidi olmamışam” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər İdarəsinin 03 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş Şahid1 2024-cü ilin may-iyul ayları ərzində “CHAİLAB” restoranında qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən aşpaz köməkçisi vəzifəsində mətbəxdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, nəticədə X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər İdarəsinin “Union” vəkil bürosuna ünvanladığı 10 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Şahid1 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X19 Xidmətinə daxil olmuş 29 noyabr 2024-cü il tarixli müraciətilə əlaqədar ətraflı məlumat verilməsilə bağlı vətəndaşın qeyd etdiyi ünvanına 3-17-5/2-A-89973/2024 nömrəli 09 dekabr 2024-cü il tarixli məktub göndərilmiş, lakin Şahid1 izahat və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğunu təsdiq edəcək müvafiq sübutları araşdırmaya təqdim etməmişdir. Eyni zamanda, “CHAİLAB GROUP" MMC tərəfindən Xidmətin Bakı şəhər idarəsinə təqdim edilmiş 3-17- 5/1-14994/2025 nömrəli 13 mart 2025-ci il tarixli cavab məktubunda Şahid1 qeyd olunan müəssisədə çalışmadığı və müəssisə ilə arasında hər hansı əmək münasibətinin mövcud olmadığı bildirilmişdir. Bu səbəbdən qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq inzibati xəta hadisəsi sübuta yetirmək mümkün olmadığından Şəxs MMC inzibati xəta haqqında iş üzrə icraata başlanılmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə görə bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Belə müəyyən olunur ki, şahidlərin ifadələri iki tam fərqli mövqeni əks etdirir: bir tərəfdə – hazırda müəssisənin idarəetmə strukturu daxilində ifadələri müdafiə xarakteri daşıyan icraçı direktor, menecer və baş mühasib; digər tərəfdə isə – əmək fəaliyyətini faktiki yerinə yetirən və obyektiv müşahidələrə əsaslanan ifadə verən, maraqsız və əvvəllər restoranla faktiki əmək münasibətində olmuş şəxslər dayanır. Bu bölgü, ifadələrin sübut gücünü qiymətləndirərkən əsas ölçü vahididir. İlk əvvəl vurğulamaq lazımdır ki, Şahid1 2024-cü ilin yay aylarında vakansiya elanı vasitəsilə restorana müraciət etdiyini bildirir. Ən önəmlisi isə odur ki, restoranın icraçı direktoru da bu faktı təsdiqləyərək bildirmişdir ki, həmin dövrdə həqiqətən də aşpaz köməkçisi vəzifəsi üzrə vakansiya mövcud olub, lakin uyğun namizəd tapılmayıb. Bu ifadələr məhkəmə üçün iki vacib məqamı işıqlandırır. Birincisi, təsdiqlənmiş vakansiya faktı göstərir ki, müəssisənin qeyd edilən vaxtda aşpaz köməkçisinə ehtiyac duyub və bu vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi zəruri sayılıb. Şahid1 həmin vakansiyaya əsasən restorana müraciət etməsi isə onun əmək funksiyasını faktiki olaraq yerinə yetirməyə razılaşdığını və bu münasibətin restoranın ehtiyaclarına cavab verdiyini sübuta yetirir. İkincisi isə, əgər Şahid1 qərəzli danışır və uydurma iddia irəli sürürsə, 2024-cü ilin yayında restoranın konkret bir vakansiya üzrə elan verdiyini və həmin elanla bağlı müraciət prosesinin olduğunu necə dəqiq bilə bilərdi? Bu məlumat ictimai şəkildə yayımlanmadığı halda, onu yalnız həmin hadisənin iştirakçısı olan şəxs deyə bilərdi. Bu fakt özü-özlüyündə göstərir ki, Şahid1 həmin prosesin içində olub və vakansiya əsasında işə qəbul edilib. Daha aydın təsvirlə, Şahid1 sadəcə böhtan xarakterli şikayət vermiş olsaydı, müəssisəyə məxsus bu cür dəqiq və daxili idarəetmə xarakterli bir detalı – vakansiyanın konkret dövrdə elan olunmasını bilməsi qeyri-mümkün idi. Deməli, o, bu faktı ancaq real əlaqə və təmas nəticəsində öyrənə bilərdi. Bu isə onun ifadəsinin inandırıcılıq dərəcəsini ciddi şəkildə artırır. Sonra, icraçı direktor ifadəsində bildirir ki, restoranın baş aşpazı Şahid2la əmək münasibətləri sonlananda onlar arasında hər hansı narazılıq olmamışdır, MMC-in nümayəndəsi və vəkili isə izahatında bildirir ki, Şahid1 şikayəti məhz Şahid2 təhriki ilə etmişdir. Bu iki ifadə arasında açıq ziddiyyət var və bu da müdafiə tərəfinin ifadələrinin ardıcıllığını və obyektivliyini ciddi şəkildə şübhə altına alır. Əgər baş aşpazla heç bir problem olmayıbsa, onun restoran əleyhinə yalan və ya təhrikedici ifadə verməsi üçün hər hansı məntiqi əsas da yoxdur. Bu isə müdafiə tərəfinin şahid ifadələrinin sübut gücünü zəiflədir. Daha sonra müdafiə tərəfinin digər şahidi əvvəllər restoranda menecer vəzifəsində çalışmış şəxs Cəbrayıl Cəbrayılzadə ifadəsində qeyd etmişdir ki, ondan əvvəl menecer vəzifəsini Amina adlı xanım icra etmişdir. Maraqlısı da budur ki, adıçəkilən Amina Abdıeva həm prokurorluqda həm də məhkəmə iclasında verdiyi ifadələrində Şahid1 əlavə özünün də əmək müqaviləsi bağlanılmadan, əmək haqqı ödənilmədən çalışdırıldığını vurğulamışdır. Bu məqamı həmçinin prokurorluqda Asiman Quliyev də bildirmişdir. Bu faktlar təkcə Şahid1 deyil, ümumilikdə restoranın işçi qəbulunda əmək qanunvericiliyinə riayət etməməsinin sistemli xarakter daşıdığını göstərir. Bu cür halların təkrarlanması müəssisənin əmək münasibətlərini qanunsuz şəkildə qurduğunu sübuta yetirir. Beləliklə, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş hər üç şahidin ifadələrinin eyni formada olması onların əvvəlcədən razılaşdırılmış və faktiki vəziyyəti ört-basdır etməyə yönəlmiş ola biləcəyini göstərir. Çünki, hər üç şahid işəgötürən tərəfi təmsil edirlər. Üstəlik, bu ifadələr “Şahid1 adlı şəxsi tanımırıq” kimi ümumi inkarla məhdudlaşır, lakin iş şəraiti, əmək bölgüsü, işçilər haqqında konkret məlumat vermirlər. Bu isə məhkəmədə sübuta yetirmə yükünü zəiflədir. Məhkəmə bir nüansı da xüsusilə diqqətdə saxlayır ki, Şahid1 hazırda digər bir müəssisədə aşpaz vəzifəsində çalışır. Bu fakt, yəni onun faktiki bacarığı və eyni sahədə davam edən əmək fəaliyyəti, onun əvvəlki iddialarını dəstəkləyən dolayısı sübut kimi qiymətləndirilə bilər. Başqa sözlə, Şahid1 hazırda aşpaz vəzifəsində çalışması, onun əvvəlki iş yerində də bu və ya oxşar funksiyaları yerinə yetirdiyini dolayısı yolla təsdiqləyir və işin sübut yükünün möhkəmləndirilməsinə xidmət edir. Bu da onun şikayətini məqsədli deyil, real əmək münasibətinin pozulması faktına əsaslanaraq irəli sürdüyünü nümayiş etdirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in ilk dəfə eyni xarakterli inzibati xətaya görə məsuliyyətə cəlb edildiyini nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar