Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1513/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 41684 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 03 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 41684 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 04 fevral 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş məktubda Şəxs 03 fevral 2023-cü il tarixdə 41684 ABŞ dolları məbləğində vəsait köçürməsi lakin malların idxalını təsdiq edən sənədləri banka təqdim etmədiyi göstərilmişdir. Həmin məktubdan sonra Mərkəzi Bank tərəfindən yoxlama aparılmış, ödəniş edilmiş müqavilə üzrə ölkəyə malların idxal olunması barədə gömrük bəyannamələrin olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Cəmiyyətin 10000 ABŞ dolları ödəniş etdiyi barədə də məlumat onlarda var, lakin həmin məbləğ inzibati xəta tərkibi yaratmadığından heç bir tədbir görülməmişdir. 2019-cü il tarixli müqavilə üzrə həyata keçirilmiş ödənişlərin siyahısında hazırki ödəniş yer almır. Mərkəzi Bank tərəfindən eyniləşdirmə yalnız müqavilə yaxud invoys məlumatlarına əsasən həyata keçirilir. Hazırda idxal olunan malın boya olması səbəbi ilə, yəni spesifik bir məhsul olmadığından həmin malların hansısa başqa bir meyar əsasında uyğunlaşdırılması mümkün deyildir. Eyniləşdirmə aparılması mümkün olmadığından cəmiyyətin həmin malları ölkəyə ixdal etməsi öz təsdiqini tapmır. Odur ki, məhkəmədən cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cəmiyyətin başqa bir köçürməsi üzrə də protokol tərtib edilmiş, lakin həmin protokola xitam verilmişdir. Həmin protokol təqribən 17000 ABŞ dolları vəsaitin qaytarılmamasına görə tərtib edilmişdir. Həmin inzibati xəta haqqında iş üzrə icraat zamanı da hüquqi şəxsin nümayəndəsi eyni əsasları göstərmişdir. Lakin həmin bəyannamə üzrə gömrük orqanı tərəfindən düzəliş edilmişdir. Bu səbəblə həmin inzibati xəta haqqında iş üzrə icraat zamanı işə xitam verilməsi ilə razılaşmışlar. Məhkəmə iclasında X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, NSK002 müqavilə üzrə verilmiş xx.xx.2023-cü il tarixli, P02012023 nömrəli faktura üzrə “X5 Kimyasallari Sanayi ve Tic A S” şirkətinin hesabına köçürülmüş 41684 ABŞ dollar vəsait hesabına alınmış mallar xx.xx.2023-cü il tarixli, **********9477 sorğu nömrəli gömrük bəyannaməsi ilə ölkə ərazisinə idxal olunmuşdur. Lakin bəyannaməçi tərəfindən gömrük orqanına ixdal barədə bəyan verilən zaman yalnışlıqla həmin şirkətlə əvvəllər bağladıqları xx.xx.2019-cu il tarixli, NSK001 nömrəli alqı-satqı müqaviləsi üzrə idxalın həyata keçirilməsi qeyd edilmişdir. Halbuki, həmin malları satıcı xx.xx.2022-ci il tarixli, NSK002 müqavilə üzrə 03 fevral 2023-cü il tarixdə köçürdükləri ödənişə görə onlara göndərmişdir. Odur ki, məhkəmədən cəmiyyət barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 fevral 2023-cü il tarixdə 41684 ABŞ dolları məbləğində pul vəsaitini xaricə köçürmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq 41684 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Buna görə də, hüquqi şəxs barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs 03 fevral 2023-cü il tarixdə 41684 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin malların idxalını təsdiq edən sənədləri təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, NSK002 müqavilə üzrə verilmiş xx.xx.2023-cü il tarixli, P02012023 nömrəli faktura üzrə 41684 ABŞ dolları məbləğində vəsait Şəxs tərəfindən “X5 Kimyasallari Sanayi ve Tic A S” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, OX1 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, NSK002 müqavilə üzrə verilmiş xx.xx.2023-cü il tarixli, P02012023 nömrəli faktura üzrə 10000 ABŞ dolları məbləğində vəsait Şəxs tərəfindən “X5 Kimyasallari Sanayi ve Tic A S” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, P02012023 nömrəli fakturadan görünür ki, malların ümumi dəyəri 51684 ABŞ dolları təşkil etmişdir. xx.xx.2019-cu il tarixli, NSK001 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, alıcı Şəxs və satıcı “X5 Kimyasallari Sanayi ve Tic A S” şirkəti arasında alqı-satqı müaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli, NSK002 müqavilədən görünür ki, alıcı Şəxs və satıcı “X5 Kimyasallari Sanayi ve Tic A S” şirkəti arasında alqı-satqı müaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, **********9477 sorğu nömrəli gömrük bəyannaməsindən və əlavə vərəqdən görünür ki, Şəxs MMC-nin tərəfindən xx.xx.2019-cu il tarixli, NSK001 nömrəli alqı-satqı müqaviləsi üzrə alınmış invoys dəyəri 36120 ABŞ dolları, 14220 ABŞ dolları, 1344 ABŞ dolları (ümumilikdə 51684 ABŞ dolları) olan mallar ölkə ərazisinə idxal edilmişdir. Məhkəmə, səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq “X5 Kimyasallari Sanayi ve Tic A S” şirkətinin hesabına 03 fevral 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesab vasitəsi ilə 41684 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin həmin ödəniş üzrə idxalı təsdiq edən sənədlər banka təqdim olunmadığı üçün "xxxx" ASC tərəfindən Mərkəzi Banka müvafiq məktubla məlumat verilmişdir. Mərkəzi Bank müqavilə üzrə gömrük bəyannaməsinin olmadığını müəyyən edərək Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli, **********9477 sorğu nömrəli gömrük bəyannaməsi ilə öz təsdiqini tapmışdır ki, Şəxs tərəfindən ümumilikdə 51684 ABŞ dolları dəyərində olan mallar ölkə ərazisinə idxal edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş ödəniş tapşırıqları ilə 41684 ABŞ dolları və 10000 ABŞ dolları olmaqla, ümumilikdə 51684 ABŞ dolları məbləğində vəsaitin Şəxs tərəfindən “X5 Kimyasallari Sanayi ve Tic A S” şirkətinin hesabına köçürülməsi təsdiqini tapmışdır. Lakin bəyannaməçi tərəfindən gömrük bəyannaməsi gömrük orqanına təqdim edilən zaman yalnışlıqla alıcı və satıcı arasında bağlanmış əvvəlki müqavilənin nömrəsi daxil edilmişdir. Bunun nəticəsində Mərkəzi Bankın yoxlaması zamanı malların idxal edildiyi təsdiqini tapmamışdır. Həm cəmiyyətin nümayəndəsi, həm də səlahiyyətli orqanın nümayəndəsi öz izahatlarında ümumilikdə Şəxs tərəfindən 51684 ABŞ dolları məbləğində pulun xaricə köçürülməsini bildirmişlər. Mərkəzi Bankın nümayəndəsi 10000 ABŞ dollarına görə inzibati xəta tərkibi yaranmadığı üçün hər hansı bir tədbir görülmədiyini, yalnız 41684 ABŞ dolları məbləğində köçürməyə görə inzibati protokolun tərtib edildiyini bildirmişdir. Avans yolu ilə köçürülmüş pulun 51684 ABŞ dollar təşkil etməsi, həmçinin xx.xx.2023-cü il tarixli, **********9477 sorğu nömrəli gömrük bəyannaməsi ilə ölkəyə idxal edilmiş malların ümumi dəyərinin də həmin məbləğə bərabər olması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin bildiriklərinin həqiqətə uyğun olmasını, həmin bəyannamə üzrə ölkə ərazisinə idxal edilmiş malların xx.xx.2022-ci il tarixli, NSK002 müqavilə əsasında alındığının inandırıcı olmasını təsdiq edir. Bundan başqa cəmiyyət tərəfindən Dövlət Gömrük Komitəsinə ünvanlanan ərizədən görünür ki, gömrük orqanından müqavilənin NSK002 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə ilə əvəz edilməsi xahiş edilmişdir. Hüquqi şəxs həmin ərizəsində başqa bir bəyannamədə də eyni düzəlişin edilməsini xahiş etmişdir. Mərkəzi Bankın nümayəndəsinin izahatı ilə digər bəyannamə üzrə gömrük orqanı tərəfindən düzəliş edilməsi təsdiqlənmişdir. Bu hal hüquqi şəxsin nümayəndəsinin dediklərini bir daha təsdiq etməklə, hazırki bəyannamə üzrə də eyni düzəlişin edilməli olmasına dəlalət edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, gömrük orqanlarına bəyannamə təqdim edilən zaman yalnışlıqla NSK001 nömrəli alqı-satqı müqaviləsi qeyd olunduğu üçün səlahiyyətli orqan tərəfindən hüquqi şəxsin malları ölkə ərazisinə idxal etdiyi müəyyən edilə bilməmişdir. Əslində isə Şəxs 03 fevral 2023-cü il tarixdə xaricə köçürdüyü 41684 ABŞ dolları məbləğində vəsait hesabına aldığı malları xx.xx.2023-cü il tarixli, **********9477 sorğu nömrəli gömrük bəyannaməsi ilə ölkəyə idxal etmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanlar onu göstərir ki, xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şəxs tərəfindən ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1513/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1513/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver