Məhkəmə qərarları › İş №3(001)-1516/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1516/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1516/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1, Şəxs baş direktoru Nümayəndə2 iştirakları, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 05 mart 2025ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. 05 mart 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 11760 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 06 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 11760 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 07 fevral 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Şəxs tərəfindən 11760 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 06 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. X2 göndərilmiş məktubda müvəkkil bank Şəxs tərəfindən malların idxalını təsdiq edən sənədlərin banka təqdim edilmədiyi göstərilmişdir. Həmin məktubdan sonra Mərkəzi Bank tərəfindən yoxlama aparılmış və malların ölkəyə idxalını təsdiq etmək mümkün olmamışdır. Çünki gömrük bəyannaməsi və ödəniş arasında müəyyən ziddiyyət vardır. Yalnız müqavilə nömrəsi uyğunluq təşkil edir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs tərəfindən avans yolu ilə xaricə ümumilikdə 160000 ABŞ dolları məbləğində vəsait köçürülmüş və həmin malların hamısı idxal edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs baş direktoru Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, baş direktoru olduğu cəmiyyət tərəfindən ümumilikdə 160000 ABŞ dolları məbləğində vəsait xaricə köçürülmüş, həmin vəsait hesabına alınan malların hamısı da ölkə ərazisinə idxal edilmişdir. Bununla bağlı gömrük bəyannamələri də mövcuddur. Hazırki inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb texniki səhvdir. Belə ki, gömrük bəyannaməsi cəmiyyətin əməkdaşı tərəfindən kifayət qədər peşəkar doldurulmadığı üçün həmin malların idxal edilməsini müəyyən etmək olmur. Hazırda həmin əməkdaşla cəmiyyət yollarını ayırmışdır. Mallar ölkə ərazisinə əslində əvvəlcədən idxal olunmuş, onlar daha sonra pulu göndərmişlər. Lakin həmin əməkdaş banka gömrük bəyannaməsini təqdim etməklə malların gəldiyini bildirməmiş, pulu xaricə avans yolu ilə köçürmüşdür. Həmin əməkdaşın səhvi səbəbindən bu gün anlaşılmazlıq yaranmış və cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 11760 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Odur ki, cəmiyyət barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs 06 fevral 2023-cü il tarixdə 11760 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər "xxxx" ASC-yə təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli, RB00060223İB498 nömrəli “Xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığı”ndan görünür ki, 11760 ABŞ dolları məbləğində vəsait Şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, 1 nömrəli müqaviləyə və xx.xx.2022-ci il tarixli, 1 nömrəli invoysa əsasən “X3 LLC” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, 16 nömrəli müqavilədən görünür ki, alıcı Şəxs MMC və satıcı “X3 LLC” arasında 5 milyon ABŞ dolları məbləğində müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 1 nömrəli inoysdan görünür ki, xx.xx.2022-ci il tarixli, 16 nömrəli müqaviləyə əsasən Şəxs MMC tərəfindən “X3 LLC” şirkətindən alınmış malların dəyəri 80000 ABŞ dolları təşkil etmişdir. xx.xx.2022-ci il tarixli, **********3535 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, invoys dəyəri 80000 ABŞ dolları təşkil edən mallar “X3 LLC” tərəfindən Şəxs MMC-yə göndərilmişdir. Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı – “e.customs.gov.az” saytından olan çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən avans ödənişi olan müqaviləyə yazılmış **********4655 sorğu nömrəli və **********3535 sorğu nömrəli gömrük bəyannamələri üzrə hər bir bəyannamə üzrə invoys dəyəri 80000 ABŞ dolları təşkil edən mallar idxal edilmişdir. Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı – “e.customs.gov.az” saytından olan çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən invoys əsasında əvvəlcədən edilmiş ödənişlərin məbləği ümumilikdə 160000 ABŞ dolları təşkil etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, RB00060223İB498 nömrəli “Xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığ” ilə “X3 LLC” şirkətinin hesabına köçürülmüş 11760 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar ölkəyə idxal olunmuşdur. Belə ki, Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı – “e.customs.gov.az” saytından olan çıxarışlarla təsdiqini tapmışdır ki, Şəxs tərəfindən xaricə 160000 ABŞ dolları dəyərində vəsait köçürülmüş və həmin cəmiyyət tərəfindən ölkə ərazisində eyni dəyərdə mallar idxal edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, xaricə köçürmüş olduğu pul vəsaitinin dəyərində ölkəyə mallar idxal etmiş hüquqi şəxs heç bir halda ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyətə cəlb edilə bilməz. Yəni Şəxs xaricdən ümumilikdə 160000 ABŞ dolları məbləğində mallar idxal etmişdir. Cəmiyyətin xaricə köçürmüş olduğu məbləğ də 160000 ABŞ dollar təşkil edir. Köçürülmüş olan məbləğlə idxal edilmiş malların dəyərinin bərabər olması cəmiyyətin valyuta vəsaitinin xaricdən geri qaytarmamasını istisna edir. Çünki, cəmiyyət o zaman hazırki maddə ilə təqsirli bilinə bilərdi ki, onun ölkə ərazisində idxal etdiyi malların dəyəri xaricə köçürmüş pul vəsaitinin miqdarından az olsun. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən xaricə köçürülmüş 11760 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar xx.xx.2022-ci il tarixli, **********3535 sorğu nömrəli gömrük bəyannaməsi ilə ölkə ərazisinə idxal edilmişdir. Lakin hüquqi şəxsin əməkdaşı tərəfindən lazımı diqqət göstərilmədiyi üçün malların əvvəlcədən idxal edilməsi barədə banka məlumat verilməmiş və həmin pul avans kimi ödənilmişdir. Hazırki əvvəlcə Şəxs ünvanına mallar əvvəlcədən göndərilmiş, daha sonra cəmiyyət satıcıya pul köçürməsini etmişdir. Lakin texniki yalnışlıq səbəbi ilə gömrük bəyannaməsində çatdırılma şərti “120” kodu ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı baş verməmişdir. Belə ki, Şəxs tərəfindən 09 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 11760 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına göndərilmişdir. Bu isə onu göstərir ki, xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar