Məhkəmə qərarları › İş №3(001)-1519/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1519/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1519/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 iştirakı ilə, 19.01.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 1RCZR56 FİN-ə malik olan X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək, bildirmişdir ki, 28.09.2021-ci il tarixdə, saat 09.05 radələrində işə gedərkən “Azadlıq prospekti” metro stansiyasının yeraltı keçidinə daxil olmuş və bu zaman mülki geyimli bir şəxs ona yaxınlaşmışdır. Özünü polis işçisi kimi təqdim edərək, COVİD-19 pasportunun olmasını yoxlamaq üçün digər mülki geyimdə olan şəxsə yaxınlaşmağını xahiş etmişdir. Bundan sonra həmin, sonuncu şəxs onun adını, soyadını və atasının adını soruşub mobil terminalına daxil etmişdir. COVİD-19 pasportunun olmasına əmin olaraq, ona təşəkkür edərək gedə biləcəyini bildirmişdir. O, işə çatanda, saat 09.41-də ona “Asanpay”-dan aşağıdakı mətndə sms gəlmişdir: “X8, Siz, Daxili İşlər Nazirliyi tərəfindən AR İXM-nin 211.2-ci maddəsinə əsasən, 0.0 manat cərimə olunmuşunuz. Tarix 28.09.2021, Protokol EXP 1153671”. Daha sonra, saat 10.11-də ona aşağdakı mətndə yeni bir sms gəldi: “X8. Sizin EXP ******* protokol üzrə 28.09.2021 tarixindən etibarən icra qərarı qüvvəyə minib”. O, “Asanpay.az” saytında şəxsi hesabına daxil olaraq, 100 manat cərimə olunmağını müəyyən etmişdir. Belə hesab edir ki, inzibati xəta haqqında qərar qanunsuz olduğu üçün ləğv edilməlidir. O, İXM-nin 211.2-ci maddəsi üzrə məhz hansı tələbi pozduğunu bilmir və bu barədə ona heç bir məlumat verilməmişdir. Polisin özünü təqdim etməməsi, hüquq və vəzifələrinin ona izah edilməməsi və protokolun surətinin ona təqdim edilməməsi, Hadisənin görüntülərinin ona təqdim edilməməsi qanun pozuntusunu göstərənb nümunələrdir. O, həmin yerdə tibbi maskadan istifadə etmiş və hətta istifadə etməsəydi belə, qapalı məkan olmayan yeraltı keçiddə maskadan istifadə etmək tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. O, həmin yerdə qanunvericiliyin tələblərinə tam əməl etmiş, tibbi maskadan istifadə etmiş və COVİD- 19 pasportu ilə hərəkət etmişdir. Polis işçisi ona heç bir irad tutmayıb, barəsində protokol tərtib edəcəyini və ya bunun səbəbini ona bildirməyib və barəsində protokol tərtib edilməsi tərəfindən təəccüblə qarşılanmışdır. Yuxarıda göstərilənləri ümumiləşdirərək, barəsində tərtib edilmiş 28.09.2021-ci il tarixli EPQ ******* saylı qərarla bağlı bildirir ki, inzibati xəta törətməmiş, qanunveciliyin tələblərinə əməl etmiş və qapalı məkan olmayan yeraltı keçiddə İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan əməl törətməmişdir. Onun inzibati xəta törətmək iddiası ilə bağlı icraat pozuntularla həyata keçirilmiş, onun inzibati xəta törətməyi sübuta yetirilməmişdir. Deyilənlərin nəzərə alınaraq məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi X4 izahat verərək bildirmişdir ki, X5 28.09.2021-ci il tarixdə, səhər saatlarında İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində protokol tərtib edilərək inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Xətanın mahiyyəti ilə bağlı konkret məlumat verməsi mümkün deyildir. Lakin qeyd olunmalıdır ki, bəzi hallarda sistemlə bağlı yanlışlıqlar olması istisna olunmur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 28.09.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 28.09.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3863/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərarı ilə şikayətçi X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.05.2022-ci il tarixli, 3(103)-1075/2022 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X5 tərəfindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul etdiyi inzibati tənbeh vermə haqqında 28.09.2021-ci il tarixli, EPQ ******* qərarından verilmiş şikayətin təmin edilməməsinə dair 29 noyabr 2021-ci il tarixli, 3(001)- 3863/2021 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 əməlində İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X5 barəsində Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis bölməsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Digər tərəfdən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4cü maddəsinə görə inzibati xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. İşdə olan 28.09.2021-ci il tarixli, EXP ******* tarixli inzibati xəta haqqında protokoldan görünür ki, protokolu tərtib etmiş şəxs tərəfindən qanunun bu tələbi pozulmuş, inzibati xətanın mahiyyəti “211.2-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir” kimi ifadə edilməklə konkretləşdirilməmiş, şikayətçidən izahat alınmadan işin halları ətraflı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.1-ci maddəsində inzibati xəta haqqında protokolda mütləq qaydada əks olunmalı hallar sadalanmışdır. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa qeyd olunmalıdır ki, X5 izahatında heç bir inzibati xəta törətmədiyini hətta barəsində aparılan icraat barədə ona heç bir məlumat verilmədiyini və polis tərəfindən dəvət edilmədiyini göstərmişdir. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona barəsində icraat aparılacağı haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi və müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X5 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında... 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; Beləliklə məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 134, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar