Məhkəmə qərarları › İş №3(001)-1521/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1521/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1521/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(004)- 753/2021 saylı qərardadına əsasən şikayət aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə xitam verilməsinə görə 1500 manat cərimə olunmasına dair MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Qərar rəsmi olaraq xx.xx.2021-ci il tarixdə rəisi olduğu “xxxx” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinə təqdim edilmişdir. Qərar qanunsuz və əsassızdır. Belə ki, barəsində şikayət etmiş işçi X5 “xxxx” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 nömrəli Nəqliyyat sexinin avtokran maşinisti olmuşdur. Haqverdiyev Hakim ilə xx.xx.2017-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq İdarənin 2 nömrəli Avtomobil dəstəsində sürücü peşəsinə təyin edilmişdir. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyinə görə həmin müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam veriləcəyi barədə xx.xx.2020-ci il tarixdə “xxxx” MMC vasitəsilə ona bildiriş göndərilmişdir. Əmək müqaviləsindən görünür ki, işçinin son iş günü xx.xx.2020-ci il tarixidir. Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bütün prosedurların Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq aparılmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi barəsində ilk dəfə olaraq xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib etmiş və həmin protokola əsasən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərar qəbul etmişdir. Əlavə olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi xx.xx.2021-ci il tarixdə İdarəyə əsassız olaraq müraciət edərək, işçi ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin ləğv edilməsini tələb etmişdir. Həm protokola, həm də qərara nəzər yetirdikdə barəsində qərarın hansı əsaslara görə tərtib edildiyini müəyyən etməyin mümkün olmadığı görünür. Belə ki, həm protokolun, həm də qərarın müəyyən edildi hissəsində “əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir” cümləsi ümumi olaraq qeyd edilmişdir. Lakin orada əmək müqaviləsinin hansı tələblərinin pozulduğu sadalanmamış, qərarda əmək qanunvericiliyinin konkret hansı tələblərinin pozulduğu qeyd edilməmişdir. Bu da özlüyündə protokol və qərarın əsassız olduğunu ehtiva etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edildiyini göstərir. Qərar xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, yalnız xx.xx.2021-ci il tarixdə “xxxx” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinə təqdim edilmişdir. Bu halda da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Həmçinin inzibati xətanın törədilməsi faktı xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. Bu əsaslara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına görə onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qərardan şikayət verən Xürrəm Hüseynov isə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsi barədə məhkəməyə ərizə ünvanlamışdır. Buna görə də, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə xitam verilməsinə görə 1500 manat cərimə olunmasına dair MN ******* saylı, xx.xx.2021-ci il tarixli protokol əsasında MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. 1) Protokolun tarixindən AR İXM-nin 101-ci madəsinin tələblərinin pozulması müəyyən edilir. Belə ki, AR İXM-nn 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2ci maddəsinə görə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 2) İş üzrə nə izibati xəta haqqında protokol, nə də protokol əsasında qəbul edilən qərar X4 iştirakı təmin edilməməklə tərtib edilmişdir. Göründüyü kimi, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X6 tərəfindən törədilməsinə şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın protokol və qərarı təqdim etməməsi ilə şübhə altına salınır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXMlə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. 3) Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. İş materiallarında olan inzibati orqanın xx.xx.2021-ci il tarixli **********0 saylı məktubunda Hakim Haqverdiyevin əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilməsi barədə inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilmişdir. Halbuki mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ziddiyyətli məqamı şübhəli hal kimi qiymətləndirərək qərarın keçmiş tarixlə sonradan tərtib dilməsi qənaətinə gəlir. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar