Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1524/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Şəxs qanuni təmsilçisi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs qanuni təmsilçisi X4 izahatında bildirmişdir ki, xx.xx.2023cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan elektron formada qısa idxal bəyannaməsinin verilməməsinə səbəb yüklərin Azərbaycan Respublikasının gömrük ərazisinə 2023-cü iln mart ayının 26-sı daxil olması olmuşdur. 2023-cü ilin mart ayının 20-24-ü iş günü hesab edilməyən Novruz Bayramı olmuş, ayın 26sı və 27-si isə şənbə və bazar gününə düşmüşdür. Belə ki, cəmiyyətin gömrük prosedurları ilə bağlı məsələləri cəmiyyətin baş mühasibi həll edir. Lakin sözügedən yüklər bayram günündən sonra iş günü olmayan bazar günü gömrüyə daxil olduğundan həmin yüklərin daxil olmasından nə onun, nə də, baş mühasibin məlumatı olmamış, malları respublika ərazisinə gətirən daşıyıcı şirkət mallar gömrük postuna daxil olanadək onlara məlumat vermədiyindən, elektron formada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, Şəxs xx.xx.2019-cu il tarixdə təsis edilmiş, fəaliyyəti xarici ölkələrdən respublika ərazisinə taxta idxal etməkdir. Ayda 3-4 dəfə ölkə ərazisinə taxta idxal edir. İndiyədək həmişə taxta idxal edərkən qısa idxal bəyannamələrini təqdim etmişdir. İdxal etdikləri mallara görə qısa idxal bəyannaməsi təqdim etməməkdə onların heç bir marağı yoxdur və ola da bilməz. Çünki onların idxal etdiyi mallar taxtadır. Bundan əlavə olaraq bildirmişdir ki, onların idxal etdiyi mallar iynə deyildir ki, ciblərinə qoyub keçirsinlər. Həmin malların onsuzda gecikmə ilə də olsa sonradan qısa idxal bəyannaməsini təqdim edirlər. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq isə qısa idxal bəyannaməsinin verilməməsində cəmiyyətin hər hansı bir marağının olmadığını, cəmiyyətin yaxud vəzifəli şəxsin bu üsulla hər hansı bir xeyir əldə etmədiyini, bunun tam əksi olaraq idxal etdikləri hər partiya malda xərcləri çıxdıqdan sonra təxminən 2.000-3.000 manat gəlirləri olduğunu, 1.500 manat cərimə olacaqlarını bilə-bilə bəyannamə təqdim etməmələrinin məntiqsiz olduğunu, buna görə də malların gömrük yoxlanmasından gizlədilməsinin mümkünsüz olduğunu, məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmiyyət tərəfindən gömrük orqanına verilmiş 48 ədəd qısa idxal bəyannaməsinə istinad edərək mütəmadi olaraq gömrük ərazisinə onların ünvanına göndərilmiş yüklərin daxil olduğunu və məsuliyyətli şəkildə qısa idxal bəyannaməsini təqdim etdiklərini bildirmiş, bir daha onların idxal etdiyi malların respublika ərazisinə bayram günündən dərhal sonra bazar günü daxil olduğundan və daşıyıcı şirkət tərəfindən onlara vaxtında məlumat verilmədiyindən qısa idxal bəyannaməsini təqdim edə bilmədiklərini, bunun təqdim edilməməsində də hər hansı maraqlarının və xeyirlərinin olmadığını qeyd etmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Bakı Baş Gömrük İdarəsinə məlumat verilməyinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisinin fikirlərini dinləyib, belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına 60194305 nömrəli vaqon ilə xx.xx.2023-cü il tarixli **********5526 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin "Abşeron" gömrük postundan daxil olmuş 34/020/008716 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən “EVEREST TRADİNG" MMC-nin ünvanına 60194305 nömrəli vaqon ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük arazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. **********5526 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs ünvanına gələn mallar Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi verilməmişdir. Buna görə də Gömrük bəyannaməsinin 40-cı qrafasında heç bir məlumat yoxdur. xx.xx.2023-cü il tarixli Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********5526 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar "İP X2" şirkətindən 60194305 nömrəli vaqon ilə 26 mart 2023-cü il tarixdə saat 21:25 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Məhkəməyə təqdim edilmiş “EVEREST TRADİNG" MMC tərəfindən gömrük orqanına verilmiş 48 ədəd qısa idxal bəyannaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmiyyət mütəmadi olaraq Belarusiya Respublikasından və Rusiya Federasiyasından taxta idxal etmiş və müvafiq olaraq hər idxal üçün gömrük orqanına qısa idxal bəyannaməsi vermişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən həmin Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Eyni zamanda hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Göründüyü kimi İXM-in 18.2-ci maddəsində hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinin əsasları və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunmalarının halları göstərilmişdir. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə AR İXM-nin 485.2-ci maddəsinin tərkib əlamətləri formal olaraq mövcud olsa da, yəni faktiki cəhətdən qısa idxal bəyannaməsi müəyyən edilmiş müddətdə təqdim edilməsə də, Şəxs bununla bağlı hər hansı təqsiri müəyyən olunmamaqdadır. Belə ki, İXM-nin tələblərinə əsasən hüquqi şəxs həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilir. Lakin hazırki iş üzrə AR İXM-nin 485.2-ci maddəsinin tələblərinin pozulması Şəxs MMC-nin hər hansı bir xeyrinin olmasına və yaxud maraqlarının qorunmasına dəlalət etmir, bunun tam əksi olaraq onun inzibati qaydada cərimə edilməklə ziyan çəkməsinə səbəb olur. Odur ki, məhkəmə Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı protokol üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata təqsirin olmaması əsası ilə xitam verilməsi qənaətə gəlir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, AR Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Hazırki iş üzrə isə iş materiallarında olan Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi "xxxx" MMC-nin ünvanında göndərilmiş yüklər 26 mart 2023-cü il tarixdə saat 21:25 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən Novruz bayramı beş gün iş günü hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən 20, 21, 22, 23, 24 mart qeyri iş günü hesab edilmiş, 25, 26 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən faktiki olaraq yüklər qeyri-iş günü gömrük ərazisinə daxil olmuş, qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməsə də, onun təqdim edilməməsində cəmiyyətin, habelə hüquqi şəxsin vəzifəli şəxslərin və işçilərin təqsiri olmamış, habelə qeyri iş günündə işçilərin işdə olmaması normal hal olduğundan hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanının olmaması kimi qiymətləndiriməlidir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC barəsində İXM-nin 485.2-ci maddəsi ilə protokol tərtib edilməzdən əvvəl Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş tələblərə, yəni İXM-nin 18.2-ci maddəsinə əsasən cəmiyyətin vəzvəzifəli şəxslərinin öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi, onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin təqsiri araşdırılmamış, hüquqi şəxsin maraqılarının qorunmasının və ya onun xeyrin nə olması müəyyən edilməmiş, bunları təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Bunları təsdiq edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməməkdədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edildiyindən, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verdiyindən, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsi olduğundan hazırkı halda hüquqi şəxsi İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilmək obyektiv təqsirləndirmə halı yaratmış olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin əməlində AR İXM-nin 485.2-ci maddəsinin tərkib əlamətləri, yəni təqsir olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı Baş Gömrük İdarəsi tərəfindən İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində təqsir müəyyən olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Baş Gömrük İdarəsi tərəfindən İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində təqsir müəyyən olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. “Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1524/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1524/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver