Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1539/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, E. Mehdiyev küçəsi, Talışlar məhəlləsində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi RPİnin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Novxanı qəsəbəsində polisin qanuni tələbinə məhəl qoymayaraq İXM-nin 535-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin tarixdə Şəxs X2 adlı şəxslə Novxanı qəsəbəsi ərazisində dəmir apararkən Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Nicat Məhərrəmov onlara yaxınlaşaraq, onunla birgə polis bölməsinə getməli olduqlarını bildirmişdir. Bu zaman Şəxs və X1 Məhərrəmova etiraz edərək polisin qanuni tələbinə tabe olmamışdırlar. Bundan sonra PPX əməkdaşları gələrək onları polis bölməsinə gətirmişdirlər. Göstərilənlərə əsasən məhkəmədən Şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olsa da, hazərda müvəqqəti olaraq Bakı şəhəri, Sabunçu rayonu, E. Mehdiyev küçəsi, Talışlar məhəlləsində nömrəsiz fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixdə Novxanı qəsəbəsində tanışı ilə dəmir yığarkən bir nəfər mülki geyimdə yaxınlaşaraq polis bölməsinə getməli olduqlarını bildirmişdir. O, oğurluq etmədiklərini, sadəcə zibilliyə atılmış dəmirləri topladığını bildirmiş və polis bölməsinə aparılmasına etiraz etmişdir. Bundan sonra ora post-patrul xidmətinin əməkdaşları gəlmiş və onları polis bölməsinə aparmışdırlar. Əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəciyini bildirərək məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq atılmış metal məhsullarını toplayıb sataraq dolandığını, onun polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldığını, gecəni polis bölməsində keçirdiyini, məhkəməyə də birbaşa polis bölməsindən gətirildiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə Novxanı qəsəbəsində polisin qanuni tələbinə məhəl qoymadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Şəxs məhkəmə prosessində hüquqlarının özü tərəfindən müdafiə ediləcəyini və bunun maddi vəziyyəti ilə əlaqədar olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli, AZA 019008 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Şəxsin azad olunma vaxtı isə xx.xx.2023-cü il kimi qeyd olunsa da, saat göstərilməmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Nicat Məhərrəmov xidmət apararkən 2 nəfər şəxsin dəmir apardıqlarını görmüş və onlara yaxınlaşıb özünü təqdim edərək polis bölmələrinə getməli olduqlarını bildirmişdir. Bu zaman həmin şəxslər Nicat Məhərrəmova etiraz etmiş, onun qanuni tələblərinə tabe olmamışdırlar. Nicat Məhərrəmov efir vasitəsi ilə PPX əməkdaşlarını həmin əraziyə çağırmış, həmin şəxslər polis bölməsinə aparılmışdır. Polis bölməsində həmin şəxslərin Şəxs və X2 olduqları müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan, inzinbati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Novxanı qəsəbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materillarına və şahid ifadələrinə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi tam şəkildə sübuta yetirilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldanda göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuş, lakin məhkəmə baxışına qədər azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də məhkəmə şəxsin məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4- 1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi və dərhal məhkəmə iclas zalından azad edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1539/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1539/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver