Məhkəmə qərarları › İş №3(001)-1541/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1541/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1541/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1980-ci ildə Ermənistan SSR, Masis rayonunda doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2031/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ümumilikdə 350 manat sabil pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qət edilmişdir. Borclu bu günə qədər borcunu ödəməmişdir. Hazırkı vaxtadək 700 manat aliment borcu yığılmışdır. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx xxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə qismən səfərbərlik elan olunan zaman Vətənin müdafiəsi üçün müharibəyə yollanmışdır. O, ön cəbhədə vuruşmuşdur, hər an ölümlə üz-üzə qalmışdır. Dekabr ayının 23-də ona ailəsinə baş çəkmək üçün 5 günlük məzuniyyət verildiyi zaman arvadı ona uşaqlarını göstərməmişdir. xx.xx.2021-ci il tarixdə tam şəkildə təxris olunmuşdur. Bildirdi ki, hələ də özünə iş tapa bilmir. Buna səbəb isə ali təhsilli olmasına baxmayaraq, arvadı onun ali təhsillə bağlı diplomunu anası evinə aparmışdır. O, nə uşaqlarından, nə də onlara aliment ödəməkdən imtina etmir. Bu gün ona təsir edən odur ki, Vətənin müdafiəsi üçün canı bahasına döyüşdükdən sonra onun həbsi və ya cərimə edilməsi ilə bağlı protokol tərtib edilmişdir. O, həmin borcdan bir hissəni 4-5 gün ərzində ödəyəcəkdir, hətta imkanı olduğu zaman məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğindən də artıq məbləğdə pul vəsaiti ödəyəcəkdir. Bu səbəbdən inzibati xəta hadisəsini təqsirli olaraq törətmədiyini nəzərə alaraq, inzibati tənbeh tətbiq olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunun ödənilməsini tələb edir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi üzrə icra işinin onun icraatında olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, İcra Şöbəsində tərəflərin kompromisə gəlməsi mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdə tələbkar borcun hissə-hissə ödənilməsinə razı olduğunu bildirsə də, bu gün qərarını dəyişmiş və İcra Şöbəsini, həmçinin icra məmuru barədə müvafiq qurumlara şikayət edəcəyi barədə hədələmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2031/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ümumilikdə 350 manat sabil pul məbləğində alimentin tutularaq X1 ödənilməlidir. İcra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş ZE ******* nömrəli hərbi biletin surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.2020-ci il tarixdə AR Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 01438 nömrəli əmrinə əsasən səfərbərlikdən tərxis olunmuşdur. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. İcra məmuru icra işi üzrə şəxsin təqsirinə dair kifayət qədər sübut toplamamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vətənin müdafiəsi uğrunda öz canından keçməyə hazır olan və hər an ölümlə üz-üzə dayanan azərbaycan respublikası vətəndaşının müharibədən qayıtdıqdan belə qısa müddət ərzində və şəxsin şəxsiyyətinin, mövcud müvəqqəti maddi çətinliklərinin nəzərə alınmayaraq onun barəsində inzibati cərimə və inzibati həbs nəzərdə tutan qərarın qəbul edilməsi cəmiyyətdə məhkəmə hüquq sisteminin və ədalət mühakiməsinin qərəzsiz, ədalətli və obyektiv olmasına şübhələr yaratmış olar. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyası yalnız məhkəmə qərarının üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutur. Bununla da protokol tərtib etmiş icra məmurunun təqdim etdiyi sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin xətanı törətməsinə dair sübutlar kifayət etmir. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən biri olan obyektiv və subyektiv cəhətlərə dair sübutlar kifayət etmir. Belə ki, icra məmuru şəxsin icra sənədini icra etməyə imkan verən maddi vəziyyətinin olmasına dair sübut təqdim etməmişdir, toplamamışdır. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-nin maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinə dair kifayət qədər sübut toplanılmamışdır. Təqdim edilsin sənədlərlə protokolda göstərilən İXM-nin maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. Odur ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədi. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar