Məhkəmə qərarları › İş №3(001)-1543/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1543/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1543/2023 10.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 544.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən Şəxs barəsində İXM-in 544.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Qeyd olunan inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətlə ölkə ərazisinə idxal edilmiş qida məhsul partiyası barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, 112/FN nömrəli qərarı Şəxs tərəfindən icra olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, 112/FN nömrəli qərarından görünür ki, Şəxs tərəfindən idxal olunan naringi məhsul partiyasına qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət daxil olmuşdur. Müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"na və "Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu”na müvafiq qaydada icraata götürülmüşdür. xx.xx.2023-cü il tarixli İD********** müraciətlə idxal olunan 20380 kq naringi məhsulu partiyasından götürülmüş nümunələrin tədqiq (sinaq) nəticələrinə dair protokollarına əsasən təqdim edilmiş nümunədə aşkar olunmuş karantin tətbiq olunan zərərli orqanizm aşkar olunduğundan mal partiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 280 nömrəli qərarın tələblərinə cavab verməmişdir. Şəxs ünvan 1 ünvanında qeydiyyata alınmış saxlanc anbarına MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə xx.xx.2023-cü il tarixində baxış keçirilərkən xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan ümumi çəkisi 20380 kq olan naringi məhsulu partiyasının satılması aşkar edilmişdir. Şəxs xx.xx.2023-cü il İD********** nömrəli müraciət əsasında idxal olunan ümumi çəkisi 20380 kq olan naringi məhsulu partiyasının dövriyyəsinin dayandırılması, idxal olunan ümumi çəkisi 20380 kq olan naringi məhsulunun 10 (on) gün müddətinə ticarət şəbəkələrindən geri çağırılması və göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, ticarət şəbəkələrindən geri çağırılmış qida məhsulunun Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanmalı olduğu qərara alınmışdır. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, 112/FN nömrəli qərarının surəti 10 gün müddətində icra olunması üçün Şəxs ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən Şəxsnə müraciət olunaraq xx.xx.2023-cü il tarixli, 112/FN nömrəli qərarın icrası ilə bağlı Agentliyin Bakı regional bölməsinə məlumat daxil olmadığı bildirilmiş, inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə saat 10:00-a Agentliyin Bakı regional bölməsinə dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətlə ölkə ərazisinə idxal edilmiş qida məhsul partiyası barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, 112/FN nömrəli qərarı Şəxs tərəfindən icra olunmadığı üçün sonuncu barəsində İXM-in 544.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına dair çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs ünvan 2 ünvanında yerləşir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 544.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, Şəxs tərəfindən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin qanuni yazılı tələbləri yerinə yetirilməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 19-cu maddəsinə əsasən malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı istehsal, idxal edilən və (və ya) satılan malların (xidmətlərin, işlərin) müvafiq standartların və texniki şərtlərin tələblərinə uyğunluğunu müəyyənləşdirir, onlara uyğunluq sertifikatları və (və ya) uyğunluq nişanları verir, məcburi sertifikatlaşdırılması tələb olunan malların (xidmətlərin, işlərin) siyahısını müəyyənləşdirir və onların sertifikatı olmadan satışının (icrasının) qarşısını alır və ticarət dövriyyəsindən çıxarır, texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qarşısını alır, mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər görür ,ərzaq məhsullarının və dərman vasitələrinin, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə yarada bilən malların qablaşdırılarkən sanitar-gigiyena və toksikologiya, möhkəmlik baxımından təhlükəsiz materiallardan istifadə olunmasına nəzarət edir, malların (xidmətlərin, işlərin) istehsalı, ixracı, idxalı və satışı ilə məşğul olan şəxslərdən onların keyfiyyəti, qiyməti, satış şərtləri barədə məlumatlar alır, satılan malların (xidmətlərin, işlərin) keyfiyyətinin yüksəldilməsi, nomenklaturunun və çeşidinin genişləndirilməsi barədə təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. “Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 35.1.5--ci maddəsinə əsasən qida subyektlərinin vəzifələrindən biri təhlükəli qida və yem məhsullarının dövriyyəsini, o cümlədən ilkin istehsalını, istehsalını, emalını və ya onun ayrı-ayrı proseslərini dayandırmaq, həmin məhsulların ticarət obyektlərindən (satışdan), istehlakçılardan geri çağırılmasını və bu haqda istehlakçıların məlumatlandırılmasını, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarları əsasında onların utilizasiyasını və ya məhv edilməsini təşkil etməkdən ibarətdir. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməsi”nin 3.0.9-cu bəndinə əsasən agentliyin vəzifələrindən biri də qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etməkdən (göstərişlər vermək) ibarətdir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər (bundan sonra qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar) vasitəsi ilə həyata keçirilir. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. İXM-in 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 544.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar