Məhkəmə qərarları › İş №3(001)-155/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-155/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-155/2022 07.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 06 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan 06 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 06 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs İXMin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmə yeri, eləcə də sonuncu haqqında olan məlumatlar tam şəkildə göstərilməmiş, həmçinin Şəxs izahatının qısa məzmunu qeyd edilməmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi;... 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;... 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bununla yanaşı iş materialları tərəfimdən öyrənilən zaman müəyyən edilmişdir ki, X1 özünə məxsus avtomobilin qəza işıqlarının oğurlanması barədə müraciəti əsasında polis bölməsində araşdırma aparılaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar inzibati xəta haqqında iş üzrə toplanmış materiala əlavə edilmişdir. Göründüyü kimi iş üzrə şəxsin törətdiyi inzibati xətalara görə hər biri üçün ayrı-ayrılıqda inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda, Binəqədi RPİ-nin 7-ci PB tərəfindən Şəxs İXM-in 227-ci maddəsi ilə müxtəlif vaxtlarda törətdiyi inzibati xətalara görə yalnız bir inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu isə qanunvericiliyin tələlərinə ziddir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə hesab edirəm ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 06 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 06 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar