Məhkəmə qərarları › İş №3(001)-1558/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1558/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1558/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, X1 müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X6 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin rəisi, polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X11 şikayətini onunla əsaslandırılmışdır ki, oğlu X3 rayonu, Binəqədi qəsəbəsində yerləşən “Həkəri” kafesini ********** saylı VÖEN əsasında işlədir. xx xxxxxx 2021-ci il tarixdə həmin kafeyə daxil olmuş polis mayoru İldırım Şərifov kafenin qanunsuz işləməsi ilə bağlı karantin rejiminin qaydaları pozulduğuna görə protokol tərtib etmiş və onu İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 3000 manat cərimə etmişdir. Daha sonra bu barədə xx xxxxxx 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Polis mayoru əsassız olaraq hesab etmişdir ki, “Həkəri kafesi”nin sahibi şikayətçidir. Əslində isə kafenin sahibi o yox, oğlu Bəylərli Elşəndir. Belə olan halda şikayətçinin adına cərimə yazılması tam əsassızdır. O, ümumiyyətlə, heç bir inzibati xəta sayılacaq əməl törətməmiş, çünki həmin kafenin ona aidiyyatı yoxdur. Əgər həmin inzibati xəta hadisəsi olsa da belə, o, həmin xətanın subyekti deyil və ona cərimə yazılması qanunsuzdur. Əlavə olaraq bildirmişdir ki, İXM-in 211.1-ci maddəsinə edilmiş sonuncu xx.xx.2020-ci il tarixli dəyişikliyə əsasən həmin maddənin sanksiyasında “üç min manatdan dörd min manatadək” sözləri “dörd min manatdan beş min manatadək” sözləri ilə əvəz edilmişdir. Qüvvədə olan İXM-in 211.1-ci maddəsinin sanksiyasına əsasən vəzifəli şəxslər 4000 manatdan başlayaraq cərimə olunmalı, hüquqi şəxslər isə 5000 manatdan başlayaraq cərimə olunmalıdır. Həmin maddənin sanksiyasında göstərilən məbləğlə bağlı tələbi birbaşa pozmaqla barəsində xx.xx.2021-ci il tarixli protokol tərtib edilərək, xx.xx.2020-ci il tarixli Qərarla 3000 manat cərimə edilmişdir, halbuki, o, cərimə edilən zaman həmin maddənin sanksiyasınada 3000 manat cərimə məbləği nəzərdə tutulmamışdır. Bu fakt bir daha sübut edir ki, barəsində tərtib edilmiş protokol və qərar əsassızdır və ləğv edilməlidir. Göstərilənlərə əsasən barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin şikayətçi və Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən şikayətçi və Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X6 vəkili Vəkil şikayəti müdafiə edərək bildirmişdir ki, R.B.Quluyev barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə onun heç bir günahı yoxdur və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərar əsassızdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Həkəri Kafe”si şikayətçinin oğlu tərəfindən işlədilir və onun həmin obyektə heç bir aidiyyatı yoxdur. Lakin buna baxmayaraq Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin polis mayoru X5 tərəfindən mövcud hallar düzgün araşdırılmadan X11 inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətçi barəsində qəbul edilmiş xx.xx.2021ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Binəqədi RPİ-in 43-cü PB-in rəisi, polis polkovnik-leytenantı X4 xx.xx.2021-ci il il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi RPİ-in 43-cü PB-nə göndərilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin polis mayoru X5 tərəfindən xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X11 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X11 Azərbaycan respublikasının İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda X8 hansı statusda inzibati məsuliyyətə cəlb edildiyi göstərilməsə də, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 3000 manat miqdarında cərimə edilməsi belə bir nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) onu inzibati məsuliyyətə cəlb edərkən qanunun vəzifəli şəxslərin inzibati məsuliyyəti ilə bağlı müddəalarına əsaslanmışdır, çünki ona təyin edilmiş cərimənin miqdarı həmin normanın tələblərinin fiziki və hüquqi şəxslər tərəfindən pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həddinə uyğun deyil. Məhkəmə vəzifəli şəxslərin inzibati məsuliyyətini tənzimləyən qanunvericiliyin müddəalarına diqqət yetirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin madənin qeyd hissəsinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarındakı izahına görə Kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Beləliklə, qanunun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərilərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir. İş materiallarında X8 “Həkəri” kafesinin fəaliyyətini idarə etməsi, orada işləyən insanlar üzərində bu cür funksiya həyata keçirməsi (onlara rəhbərlik etməsi), vergi orqanında vergi ödəyicisi kimi uçota alınması və s. kimi funksiyaları icra etməsinə dair sübutlar və ona həmin funksiyaların verilməsinin hüquqi əsası qismində hüquqi aktlar (nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt) yoxdur. R.B.Quliyevin “Həkəri” kafesinin fəaliyyətini idarə etməsi səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən mötəbər dəlillərlə və birmənalı şəkildə sübuta yetirilməmişdır. Bundan başqa, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən işə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra tələblərinin pozulması da müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə görə inzibati xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokolu tərtib etmiş şəxs tərəfindən qanunun bu tələbi pozulmuş, inzibati xətanın mahiyyəti “karantin rejiminin pozulması” kimi ifadə edilməklə konkretləşdirilməmiş, şikayətçidən bir cümlədən ibarət izahat alınmaqla işin halları ətraflı müəyyən olunmamışdır. Bundan başqa səlahiyyətli orqan qərar qəbul edərkən İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmamış həddə tənbeh növünü tətbiq etmişdir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X11 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X11 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin rəisi, polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-136-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti qismən təmin olunsun. X6 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin rəisi, polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi RPİ-in 43-cü PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar