Məhkəmə qərarları › İş №3(001)-157/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-157/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-157/2023 06.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov ünvanında xx.xx.2022-ci il tarixində saat 11:05-də İstanbul Hospital adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs protokola əlavə edilmiş foto şəkillərdəki obyekt ilə əlaqəsinə dair hər hansı bir təsdiqedici sənəd iş materiallarına (məktubda qoşmada adları qeyd edilsə də iş materiallarında mövcud deyildir) əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən İXM-nin 428.7.1-ci maddəsi üzrə inzibati xətanın subyekti olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bundan əlavə inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs iştirakı təmin edilməmiş, həmçinin protokolda fiziki şəxsin izahat və qeydlər verməsi üçün nəzərdə tutulmuş hissədə yalnız “imtina” və digər hissədə isə “protokolu almaqdan imtina etdi” yazılmışdır. Həmçinin həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin imzası heç bir yerdə öz əksini tapmamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat və qeydlər verməkdən əlavə protokolun surətini almaqdan imtina etməsi barədə Bakı Şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən heç bir akt tərtib edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəvət edilərək, inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə, protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Həmçinin, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış və ya belə qeydiyyatın aparılmamamasının səbəbləri göstərilməmişdir. İnzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə şəxsən təqdim edilməmişdir. Göründüyü kimi protokol tərtib etmiş səlahiyyətli orqan, hüquqi şəxsin müəyyən edilməsi, ona protokol tərtib edilməzdən əvvəl bildiriş göndərilməsi, protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqanda iştirakının təmin edilməsi üçün hər hansı bir tədbir görməsinə dair iş materiallarına heç bir sübut əlavə etməmişdir. Fiziki və hüquqi şəxslər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən, həmin hüquqi və ya fiziki şəxsin məktub göstərilərək bu barədə məlumat verilməsi təmin edilməli, özünün və ya nümayəndəsinin iştirakı üçün məlumat verilməli, protokol tərtib edilməzdən əvvəl dəvət edilməli, izahatı dinlənilməli, sübutlar təqdim etməsinə şərait yaradılmalıdır Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi şəxsin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8.-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İnzibati xəta haqqında protokola əlavə edilmiş foto-şəkillərdə obyektin üzərində obyektin fəaliyyət növünü göstərən reklam yerləşdirildiyi müəyyən olunur. Yuxarıda da qeyd edildiyi kimi inzibati xəta haqqında protokolda hüquqi şəxsin icazə almadan açıq məkanda həmin fotoşəkildəki reklamı yaydığını fərz etsək, bu zaman həmin reklamın ölçüləri müəyyən edilərək “Reklam haqqında” Qanunun 26.8-ci maddəsinin tələblərinə uyğun olub-olmadığı müəyyən olunmalı idi. Lakin bu məlumatların heç biri protokolda öz əksini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, hüquqi şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini tələbləri pozulduğundan və təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş tərəfindən 26 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar