Məhkəmə qərarları › İş №3(001)-1616/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1616/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1616/2021 16.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Qusar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Qusar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iki övladı karantindən əvvəl Qusar rayonunda qohumlarıgildə olmuşlar. Onların xəstələnməsi ilə əlaqədar Qusar rayonuna getmiş, xx xxxx 2020-ci il tarixdə ailə üzvləri ilə Bakı şəhərinə geri qayıdarkən Karantin qaydalarını pozduğu üçün bütün ailə üzvləri ilə birlikdə cərimə edilmişdir. Həyat yoldaşına elə yerindəcə sürücülük vəsiqəsinə cərimə yazılmış, şəhərə qayıdan kimi cərimə yoldaşı tərəfindən ödənilmişdir. Ona və uşaqlara isə bildirmişlər ki, cərimə yazılmayacaqdır. Bakıya evə qayıtdıqdan sonra COVİD üçün ailəliklə analiz vermişlər və analizin cavabı müsbət çıxmışdır. Üç həftə övladlarını həkim nəzarətində müalicə etdirmiş, sonda onlar sağalmışlar. Lakin bu müddətdə ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Binəqədi rayon İcra şöbəsindən zəng olunaraq şöbəyə dəvət olunmuşdur. İcra şöbəsində həm özü həm də uşaqları barəsində cərimə yazıldığını öyrənmişdir. Bu məsələ ilə əlaqədar xx.xx.2020-ci il tarixində şikayət ərizəsi yazmasına baxmayaraq işi araşdırmadan ona cavab vermişlər. Qeyd olunan tarixdə həyat yoldaşı ilə birlikdə iki qız övladının xəstəliyi ilə bağlı, onları müalicəyə aparmaq üçün Qusar rayonuna getmişlər. İş materiallarına əlavə edilmiş xəstəlik barədə arayışlarında da bu öz əksini tapmışdır. Lakin bunu polis əməkdaşına bildirmələrinə baxmayaraq, polis onları aldatmış və barələrində cərimə qərarı qəbul etmişdir. Buna baxmayaraq yoldaşı cərimə olunmasına dair qərarı ödəsə də, onlara nə qərar, nə də protokol verilmədiyindən heç nədən xəbərləri olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, inzibati tənbeh olunmasına dair qəbul edilmiş qərar əsassız olmaqla həm də qanunsuzdur. Çünki barəsində icraat aparılmasına dair ona heç bir məlumat verilməmişdir. Məlumat verilsə və lazımi qaydada araşdırma aparılsa idi onun xüsusi karantin rejimi dövründə sərbəst hərəkət etmək üçün icazəsinin olması müəyyən edilərdi. Polis əməkdaşı cərimələnəcəyi barədə onlara məlumat vermədiyindən, bu da bir kənara barəsində çıxarılmış protokolu versə idi o zaman polisə sübut təqdim edərdi. Məhkəməyə xüsusi karantin rejimində sərbəst hərəkət etməsi ilə bağlı müvafiq sənəd təqdim edə bilməsə də, hazırda baxılan iş üzrə araşadırma aparılarsa polisə arayış verə bilər. Ona görə də, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və barəsində qəbul edilmiş qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə 200 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Qusar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olması az inandırıcıdır və sonuncu barəsində aparılan icraat zamanı səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Çünki iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, şikayətçi X2 iş yerinin olması və bununla bağlı xüsusi karantin rejimi dövründə sərbəst hərəkət etmək imkanının olmasını polis əməkdaşına bildirsə də, polis əməkdaşı tərəfindən heç bir araşdırma aparılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Qusar rayon Polis Şöbəsi heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Qusar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Qusar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Qusar rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar