Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1618/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 06.11.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2Mdə yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 31.05.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis kapitanı X3 bildirmişdir ki, 30 may 2022-ci il tarixdə inzibati ərazidə xidmət aparan Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində bir nəfər şəxsin uca səslə nalayiq sözlər işlətdiyi müşahidə edilmişdir. Ətrafda insanlar toplaşdığından polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onu sakitliyə dəvət etmişlər. Lakin adı onlara sonradan məlum olan Şəxs polis əməkdaşlarının onu sakitliyə dəvət etməsinə əsəbiləşərək polisləri də təhqir etməyə başlamışdır. Polis əməkdaşları onun sakitləşdirə bilmədiklərini görüb şəxsiyyətini müəyyən etmək məqsədi ilə sənədlərini tələb etsələr də, həmin şəxs üzərində sənəd olmadığını və özünü təqdim etməyəcəyini bildirib həmin yerdən qaçmaq istəmişdir. Bu səbəblə polis əməkdaşları Şəxs saxlayıb onun şəxsiyyətini aydınlaşdırmaq məqsədi ilə bölməyə gətirmişlər. Bölmədə, həmin şəxsin Şəxs olması müəyyən edilmiş, bundan sonra isə sonuncunun izahatı alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, yaşadığı evin qabağında teklefonla danışarkən əsəbi olmuş və söyüş söyən zaman polislər ona yaxınlaşmışdır. Polis əməkdaşları ondan söyüş söyməməyi tələb etmiş, o özündən asılı olmayaraq əsəbi olduğundan söyməyə davam etmişdir. O, polisləri soyməmiş həyətdə olan itə it demişdir. Polislər onu bölməyə dəvət etdikdə də əsəbi olduğundan onlara kobud cavab vermişdir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X2 izahatında bildirmişdir ki, 30 may 2022-ci il tarixdə xidmətdə olarkən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində bir nəfər şəxsin yüksək səslə nalayiq sözlər işlətdiyini müşahidə etmişlər. Bu zaman ətrafda insanlar toplaşdığından həmin şəxsə yaxınlaşıb, özünü təqdim edib onu sakitliyə dəvət etmişdir. Bu zaman həmin şəxs bundan qıcıqlanıb onu da təhqir etmişdir. Onun sakitləşmədiyini görüb üzərində sənəd olub-olmadığını soruşmuş, lakin həmin şəxs üzərində sənəd olmadığını və özünü təqdim etməyəcəyini bildirib onlardan qaçmaq istəmiş, lakin buna nail ola bilməmişdir. Bundan sonra həmin şəxs tərəflərindən saxlanılaraq bölməyə gətirilmiş və bölmədə onun Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30.05.2022-ci il tarixli, AZA 009541 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 may 2022-ci il tarixdə inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 31.05.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30.05.2022-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində uca səslə nalayiq küçə söyüşləri söymüş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Çünki Şəxs həmin inzibati xətaları törətməkdə təqsiri proses iştirakçılarının izahatı və yuxarıda qeyd edilən iş materialları ilə tam sübuta yetirilir. Həmçinin iş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, iş üzrə inzibati xəta törədilməsinə görə şəxsin cərimə ilə tənbeh edilməsi zərəçəkmiş şəxsin haqlı narazılığına səbəb ola bilər. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 30 may 2022ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 may 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1618/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1618/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver