Məhkəmə qərarları › İş №3(001)-1625/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1625/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1625/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə X1 barəsində qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” elektron qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 09 yanvar 2025-ci il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” elektron qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X2 09 yanvar 2025-ci il tarixdə, saat 07:56 radələrində idarə etdiyi «X4 906 KA 35» yük markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. X2 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o, 09 yanvar 2025-ci il tarixdə, gecə təxminən saat 04-06 radələrində Gəncə-Qazax istiqamətində hərəkət edərkən havanın ala-qaranlıq vaxtında qarşısında ağır tonajlı yük maşınları gedirmiş. Bu zaman o, yolun qırıq xətti üzərindən ötmə əməliyyatını icra edərək sonradan öz hərəkət yoluna qayıtmış, lakin yol polisi əməkdaşları onu saxlayaraq, yolun əks istiqamətli hissəsinə çıxmaqla ötmə əməliyyatını icra etdiyini iddia etmiş və barəsində hazırki qərarın qəbul edilməsinə əsas olan protokol tərtib edilmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında X2 şikayətini müdafiə etdiyini bildirərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxılması ilə əlaqədar keçiriləcək iclasın vaxtı və yeri barədə Cəbrayıl rayon Polis Şöbəsinə lazımi qaydada bildiriş göndərməsinə baxmayaraq, səlahiyyətli nümayəndə iştirak etməmiş, habelə şikayətə yazılı münasibət bildirilməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, habelə qanunvericiliyin aşağıda sadalanan müddəalarını rəhbər tutaraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Hazırki halda şikayətdə göstərilənlərə, yəni X1 09 yanvar 2025-ci il tarixdə idarə etdiyi avtomobillə inzibati xəta haqqında protokolda qeyd edilənlərin əksinə, ötmə əməliyyatını yolun qırıq xətti hissəsindən icra etməsinə dair şikayətçi tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Belə olan halda, məhkəmə hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməli, inzibati orqan tərəfindən qəbul edilmiş qərar qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115, 128-130 və 134.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar