Məhkəmə qərarları › İş №3(001)-1636/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1636/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1636/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X3 nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Şəxs MMC-nin rəhbəri X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs MMC-nin rəhbəri X6 barəsində İXM-in 528.1-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-88/2021 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs MMC-dən 1.036.053 ABŞ dolları məbləğində əsas borc, 7770,3 ABŞ dolları məbləğində faiz borcu və 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-88/2021 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs MMC-dən 1.036.053 ABŞ dolları məbləğində əsas borc, 7770,3 ABŞ dolları məbləğində faiz borcu və 20 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-88/2021 nömrəli icra sənədi üzrə müvafiq icra tədbirləri həyta keçirilmişdir. Lakin icra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs MMC-nin vəzifəli şəxsi tərəfindən tələb üzrsüz səbəbdən icra edilmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X3 nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, X6 İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. İcra sənədi Bakı Apellyasiya Məhkəməsi tərəfindən aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Qaragözovun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış, lakin icra sənədinin icraata daxil olması barədə Cəmiyyətə heç bir rəsmi məlumat verilmədən və tələbin könüllü icrası üçün müddət müəyyən edilmədən Cəmiyyətin bank hesablarının üzərinə xx.xx.2021-ci il tarixdə inkasso sərəncamları qoyulmuş və Şəxs MMC-nin hesabları bloklanmışdır. Bank hesablarına inkasso sərəncamı göndərildikdən bir həftə sonra, yəni xx.xx.2021-ci il tarixdə Şəxs MMC-nin ünvanına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” Bildirişi və “icraata başlamaq haqqında” Qərarı daxil olmuşdur. Cəmiyyətin rəhbəri X6 26 may 2022-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinə yaxınlaşmış icra məmurunun bütün sualları şifahi qaydada cavablandırılmışdır. X6 icra sənədi üzrə borclu Şəxs MMC-nin direktoru vəzifəsinə 2022-ci ilin mart ayında təyin olunduğunu, əvvəlki dövrlər üçün yaranmış borclarla bağlı tədbir görmək və öhdəlikləri yerinə yetirmək üçün şirkətin maliyyə vəziyyətinin hazırda qənaətbəxş olmadığı, bununla belə öhdəliklərdən yayınmadığını bildirsə də, o cümlədən bütün bank hesablarına inkasso sərəncamları göndərildiyi, Cəmiyyətin adına heç bir daşınmaz əmlakın olmadığı, MMC-nin mülkiyyətində olan bir neçə nəqliyyat vasitəsinin olduğunu, ilk öncə tələbin həmin nəqliyyat vasitələrinə yönəldilməsi üçün tədbir görülə biləcəyini icra məmuruna təklif etsə də, icra məmuru tərəfindən bu məsələlər ümumiyyətlə araşdırılmamış, formal yanaşma tətbiq olunmuş və nəticədə inzibati xəta haqqında protokol X6 barəsində İXM-in 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bununla da, icra məmuru tərəfindən həm “İcra haqqında” AR Qanununun, həm də İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozularaq, yanlış protokol tərtib olunmuşdur. Şəxs MMC icra sənədi üzrə tələbkara ödəməli olduğu borcu ödəmək yayınmır və bu fikirdə də deyil. Sadəcə olaraq, həm pandemiya şəraiti ilə, həm də maliyyə resursları cəlb etmək sıxıntılarımızla əlaqədar Şəxs MMC durğunluq dönəmindən keçir. Prosessual pozuntularla olsa da, icra məmuru tərəfindən Şəxs MMC-nin bank hesabları üzərinə inkasso sərəncamları qoyulmuşdur. Əgər Şəxs MMC-nin aktiv fəaliyyəti olsa idi, bank hesablarına mədaxil olunan vəsaitlər tutularaq Binəqədi rayon İcra şöbəsinin depozit hesabına köçürüləcəkdi. Eyni zamanda, Şəxs MMC-nin adına heç bir daşınmaz əmlak yoxdur, Şəxs MMC-nin mülkiyyətində bir neçə nəqliyyat vasitəsi vardır, lakin icra məmuru məcburi icra tədbirlərinin davamı kimi tələbi həmin əmlaklara yönəltmək əvəzinə, vəzifəli şəxs barədə protokol tərtib edir və prosessual pozuntuya yol verir. Göründüyü kimi, Şəxs MMC-nin icra sənədini icra etməməsi üzrsüz səbəbdən baş verməmişdir və bu səbəbdən İXM-in 528.1ci maddəsinin tərkibi yaranmamışdır. Əgər icra məmuru bunu qəbul etməsə belə, bu halda da protokol icra sənədi üzrə borclu hüquqi şəxs, yəni Şəxs MMC barəsində tərtib edilməli idi, çünki barəsində inzibati xəta haqqında protokol tərtib edilən vəzifəli şəxs 3 aydır öz vəzifələrinin icrasına başlamışdır və bu qədər qısa müddətdə icra sənədinin əsasını təşkil edən bu qədər məbləğin ödənilməsi üçün heç bir şey edə bilməzdi. Bununla belə, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə icra sənədi üzrə ödənişlər edilmiş və vəsaitlər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Göründüyü kimi, icra sənədini üzrsüz səbəbdən icra etməmə halı mövcud deyildir və tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Ona görə də, məhkəmədən qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin rəhbəri X6 barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə iş materiallarından müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətlərinə düzgün qiymət verilmədən və məcburi icra tədbirləri görülmədən Şəxs MMC-nin rəhbəri X3 inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Çünki iş materiallarından görünür ki, Şəxs MMC-nin rəhbəri X6 barəsində xx.xx.2022-ci il tarixdə İXM-in 528.1-cı maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra, cəmiyyətin adına qeydiyyatda olan nəqliyyat vasitələri aşkar edilmiş və həmin əmlak üzərinə həbs qoyulmasından ötrü icra şöbəsi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli təqdimatla müraciət edilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.5-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Yenə həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, icra məmuru tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədən, yəni Şəxs MMC-nin adına olan əmlaklar barədə müvafiq icra tədbirləri görülmədən MMC-nin rəhbərinin məsuliyyətə cəlb olunması barədə İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hallar isə qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə icra sənədi üzrə olan borcdan ümumilikdə 300 manat məbləğində ödəniş edilmişdir. İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmədə toplanmış sübutlarla Şəxs MMC-nin rəhbəri X3 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-88/2021 nömrəli icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair inibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin rəhbəri X3 əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMCnin rəhbəri X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar