Məhkəmə qərarları › İş №3(001)-1644/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1644/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1644/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağdam rayonu, Başqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 70 saylı peşə liseyində yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxsnın İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01.06.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2214/2021 nömrəli, 08.06.2021-ci il tarixli qərarına əsasən Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarla bağlı verilmiş icra sənədi əsasında 29.07.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilməsinə və məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, Şəxs məhkəmənin 3(001)-2214/2021 nömrəli, 08.06.2021-ci il tarixli icra vərəqəsi üzrə olan borcunu ödəməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 3(001)-2214/2021 nömrəli, 08.06.2021-ci il tarixli qərarı ilə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə olunmuşdur. İnzibati cərimənin ödənilməsi üçün ona xəbərdarlıq edilsə də, maddi imkanı olmadığı üçün həmin qərarı icra edə bilməmişdir. Buna görə də, barəsində icra məmuru tərəfindən İXM-in 529.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Deyilənlərin nəzərə alınaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2214/2021 nömrəli, 08.06.2021ci il tarixli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. 29.07.2021-ci il tarixli qərardan görünür ki, Şəxs 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməsi barədə verilmiş icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmişdir 29.07.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 18.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2214/2021 nömrəli, 08.06.2021-ci il tarixli icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 529.2-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2214/2021 nömrəli, 08.06.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş cərimə növündə inzibati tənbehi ödəməsi ilə bağlı xəbərdar edilməsinə baxmayaraq, ödəməmişdir. Bundan başqa, Şəxs adına həmin borcun yönəldilə biləcəyi qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları aşkar edilməmişdir. Bununla da Şəxs inzibati cərimə olunmasına dair barəsində olan qərarı qanunvericiliklə müəyyən edilmiş müddətə icra etmədiyindən icra məmuru tərəfindən şəxs barəsində İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, Şəxs Binəqədi Rayon Məhkəməsinin 3(001)-2214/2021 nömrəli, 08.06.2021-ci il tarixli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan 25 gün müddətində icra etməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs əməli düzgün olaraq İXM-in 529.2-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 529.2- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona ictimai işlər növündə inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə İXM-in 28-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs tətbiq ediləcək ictimai işlər növündə tənbeh tədbiri gün ərzində dörd saatdan çox olmamalı, üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 66, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbeh növü gün ərzində dörd saatdan çox olmasın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar