Məhkəmə qərarları › İş №3(001)-1656/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1656/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1656/2024 26.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in sahə inspektoru, polis kapitanı X3, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxx 1971-ci ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əməklə məşğul olan, İsmayıllı rayonu Axundov küçəsi 15 ünvada qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 24 yanvar 2024-cü ildə saat 15 radələrində ünvan 3 ünvanda qudası X5 yumruqla sifətindən vuraraq döymüşdür. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in sahə inspektoru, polis kapitanı X8 tərəfindən MN seriyalı № ******* nömrəli, 26 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-in sahə inspektoru, polis kapitanı X8 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində təsir tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X6 ilə qudadırlar. X6 azyaşlı nəvəsini görüşmək adı ilə götürüb geri gətirməyərək gizlətdiyinə görə qızı özünü öldürmək həddinə çatmışdır. Buna görə 24 yanvar 2024-cü ildə saat 15 radələrində qudası X2 yaşadığı ünvan 3 ünvana getmişlər. Uzun müddət qapını döysələr də, X4pını açmamışdır. Mənzilə polis əməkdaşları gəlmişlər. Bundan sonra qapını açan X1 hücum etmiş, özünü müdafiə etmək məqsədilə əli ilə onu sifətindən itələmişdir. Aldığı xəsarətlər bu zaman yarana bilərdilər. X5 döymədiyindən icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş X6 izahatında bildirmişdir ki, Şəxs 24 yanvar 2024-cü ildə saat 15 radələrində ünvan 3 ünvana gələrək səs-küy salmış, gözləmədiyi halda yumruqla sifətindən vuraraq ona xəsarət yetirmişdir. Şəxs şikayətçidir və onun ciddi tənbeh edilməsini tələb edir. Məhkəmədə baxış keçirilmiş ünvan 3 ünvanın girişində quraşdırılmış videokameranın qeydə aldığı görüntüdən görünür ki, Şəxs mənzilin qarşısında qəfildən yumruqla X2 sifətindən zərbə endirir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi ekspertiza və X7» X10 Binəqədi rayon şöbəsinin 27 yanvar 2024-cü il tarixli, 175 nömrəli rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər – sol üst göz qapağının qançır şişkinliyi və sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, xx.xx.2024-cü ildə qərarda göstərilən şəraitdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, araşdırma materialı üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti 7-ci PB-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin izahatı, videokameranın qeydə aldığı görüntü, ekspertiza rəyi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və qadın olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və qadın olmasını nəzərə alaraq hesab edir ki, ona yuxarı həddə inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Vəkil iş üzrə Şəxs cəmi 3 (üç) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, təhqiqat materialları və inzibati xəta haqqında iş ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdiyi cəmi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 18 (on səkkiz) manat ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar