Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1660/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir şəhəri, M.Hüseynzadə küçəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 125-də yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən tərtib edilmiş 02.06.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahat verərək bildirmişdir ki, 01.06.2022-ci il tarixdə, vətəndaş Şəxs 43-cü PB-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmişdir. Bölmədə onun xx.xx.1991-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilərək izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, polis əməkdaşları 01.06.2022-ci il tarixdə evinə gələrək mağazada baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli olduğunu bildirmişlər. O, heç bir əlaqəsinin olmadığını bildirmişdir. Polis əməkdaşları bölməyə dəvət etsələr də o, heç bir əməl törətmədiyindən bölməyə getməkdən imtina etmişdir. Deyilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X5 bildirmişdir ki, 01.06.2022-ci il tarixdə vətəndaş Azər Kamran oğluna məxsus olan mağaza oğurluğunda şübhəli olan “Xəyyam” adlı şəxsin ünvanına yaxınlaşmışlar. Həmin şəxsə oğurluqda şübhəli olduğunu bildirmişlər və PB-nə dəvət etmişlər. Bu zaman vətəndaş bölməyə gəlməkdən imtina etmişdir. Onlar həmin şəxsi polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün PB-nə gətirmişlər. PB-də gətirilmiş şəxsin xx.xx.1991-ci il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 02.06.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.06.2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərərək İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 01.06.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. 01.06.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01.06.2022-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Şəxs barəsində İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin təsvir edilmiş hallarından görünür ki, Əlizadə X3 RPİ-in 43-cü PB-yə getməkdən imtina etdiyindən onun bu imtinası polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilmiş, inzibati qaydada tutulmasına, barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuşdur. Məhkəmə bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, mövcud halda polis əməkdaşlarının tələbləri qanuni olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs Binəqədi RPİ-in 43-cü PB-yə dəvət edilməsi qanuni və əsaslı olmamışdır və bu mövqenin davamı olaraq Şəxs polis bölməsinə getməkdən imtinası həqiqiliyi nəzərə alınmış olsa belə, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kimi qəbul edilə bilməz. Çünki, qeyd edildiyi kimi Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün ilk növbədə polisin tələbi qanuni olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, Şəxs polis bölməsinə dəvət edilməsi Cinayət Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş çağırış qaydalarına uyğun olmamış, ona hansı işlə bağlı hansı statusda çağırıldığına dair çağırış vərəqəsi göndərilmədən, barəsində faktiki olaraq birbaşa məcburi qaydada gətirilmə tətbiq olunmaqla qanunvericiliyin çağırışla bağlı qaydaları da pozulmuşdur. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X2 tərəfindən tərtib olunmuş 02.06.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən daxil olmuş 02.06.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1660/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1660/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver