Məhkəmə qərarları › İş №3(001)-1667/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1667/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1667/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində təxminən saat 15:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mircəlal küçəsində yerləşən 127E saylı binanın qarşısında dayanmışdır. Həmin binanın yanında 141 saylı uşaq bağçası yerləşir. Bağçanın hasarında dəmir barmaqların arasında hansı isə avtomobilin dövlət qeydiyyat nişanı var idi. Həmin vaxt küçədən keçən bir avtomobil dayandı və polis formasında olan bir şəxs avtomobildən düşərək həmin dövlət qeydiyyat nişanının kimin olduğunu soruşdu və onu götürdü. O da öz növbəsində “yəqin bina sakinlərindən birinindir, gəlib götürərlər” demişdir. Polis əməkdaşı isə kimindisə 7-ci Polis Bölməsinə gələr demişdir. O isə olduqca mədəni formada ona etiraz etmiş və yəqin ki qonşulardan birinindir tələsik qoyub, harada olsa gəlib götürər indi, vaxtınız varsa 2-3 dəqiqə gözləyin demişdir. Polis əməkdaşı isə ona yaxınlaşaraq “işinlə məşğul ol” demişdir. Polis əməkdaşına niyə kobud cavab verirsən deyəndə, cərimələyəcəyini deyib onu hədələmişdir. Necə və nəyə görə cərmələyəcəyini soruşanda, adını soyadını de görərsən demişdir. O da ad və soyadını demişdir. Bundan sonra polis əməkdaşı avtomobilə əyləşib getmişdir. Həmin gün gecə saat 23.05-də telefonuna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunduğu barədə SMS gəldmişdir. Yalnız bu SMS-dən sonra barəsində ******* nömrəli protokol tərtib edildiyini və onun əsasında qərar qəbul edildiyindən xəbərim oldu. Bundan sonra xx.xx.2021-ci il tarixdə 7-ci Polis Bölməsinə getmiş, növbətçi hissəyə yaxınlaşıb məsələni onlara izah etmiş və protokolun surətini götürmək istədiyini bildirmişdir. Onlar isə həmin sahə müvəkkilinin telefon nömrəsini ona verərək özü ilə əlaqə saxlamasını demişlər. Sahə müvəkkilli ilə telefon vasitəsilə əlaqə saxlamış və ona protokol tərtib etməsinin qanunsuz olduğunu, əgər inzibati xəta törətmişsə dərhal protokol tərtib etməli olduğunu, habelə protokolun surətinin ona verilməli olduğunu, protokolla razı olmadığını və qeyd vermə hüququnun olduğunu bildirmişdir. O isə hara istəyir şikayət etməsini bildirmiş və qərarın hələ imzalanmadığını xx.xx.2021 -ci il tarixdə saat 17:00 radələrində bölməyə yaxınlaşıb protokolu və müvafiq qərarı götürə biləcəyini demişdir. Bundan sonra sahə müvəkkilli telefonlarına cavab verməmiş, bölmədən də həmin protokolu və müvafiq qərarı götürə bilməmişdir. Odur ki, xx.xx.2021-ci il tarixində ərizə ilə 7-ci Polis Bölməsinə müraciət edib, müvafiq olaraq 102 Xidmətinə ona qarşı edilən qanunsuzluqla bağlı məlumat vermişdir. Bütün bunlardan sonra aprel ayının 2-də ona telefonla zəng olunaraq Protokolun və Qərarın surətlərini götürə biləcəyini demişlər. Aprel ayının 5-də Bölməyə yaxınlaşmış, Protokolun və Qərarın surətləri xx.xx.2021-ci il tarixli müşayiət məktubu ilə birlikdə ona təqdim edilmişdir. O da müşayiət məktubunun Bölmədə saxlanılan nüsxəsinə imza etməklə Protokol və Qərarı götürmüş, barəsində tərtib edilmiş ******* nömrəli Protokolda və ******* nömrəli Qərarda guya onun tibbi maskadan istifadə etmədiyi qeyd olunmuşdur. Halbuki həmin vaxt o, tibbi maskadan istifadə etmişdir. Sahə müvəkkillinin barəsində tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Eyni zamanda qanunvericiliyə əsasən inzibati xəta aşkar edildiyi zaman dərhal protokol tərtib edilməli və protokolun surəti inzibati xətanı törətmiş şəxsə verilməli olduğu halda, sahə müvəkkilli bunu etməmişdir. Harada, hansı şəraitdə həmin protokolu tərtib etməsi barədə isə onun məlumatı olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, inzibati tənbeh olunmasına dair qəbul edilmiş qərar əsassız olmaqla həm də qanunsuzdur. Çünki barəsində inzibati xəta haqqında icraat aparılmasına baxmayaraq bununla bağlı ona heç bir məlumat verilməmiş, polisə dəvət edilməmiş, özünün müdafiə məqsədi ilə heç bir sübut təqdim etməsinə və ya bu kimi hər hansı qanuni hüquqlarından istifadə edilməsinə şərait yaradılmayaraq barəsində əsassız qərar qəbul edilmişdir. Ona görə də, məhkəmədən barəsində çıxarılmış protokol və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 127 E ünvanının qarşısında tibbi maskadan istifadə etməmişdir. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 127 E ünvanında açıq havada tibbi maskadan istifadə etməmişdir. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, X5 əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olması az inandırıcıdır və sonuncu barəsində aparılan icraat zamanı səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Çünki iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının pozulmasına və tərtib edilmiş inzibati xəta haqqında protokolun nöqsanlı olmasına dəlalət edir ki, sözügedən protokolda şəxsin izahatı, hüquq vəzifələrinin izah edilməsi göstərilməli idi. Bundan başqa tərtib edilmiş inzibati xəta haqqında protokolda, nədə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda X7 tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın törədildiyi vaxt göstərilməmişdir. Qeyd edilməlidir ki, sadalanan həmin hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə uyğun deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci PB heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X7 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi X5 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar