Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1669/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon X4 İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* saylı 07 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cəmiyyət xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı qanunla müəyyən edilmiş müddətdə göndərməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi X2 izahatında bildirmişdir ki, təmsil etdiyi cəmiyyətə Bakı şəhəri Yasamal rayon X4 İdarəsi tərəfindən heç bir bildiriş göndərilməmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğu kimi təqdim edilmiş bildirişdəki imza "xxxx" MMC-in işçilərinə aid deyil. Belə ki, cəmiyyətdə “Hacıyeva” soyadlı şəxs işləmir və heç vaxt işləməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddətinin vaxtında bildirilməsinə baxmayaraq Bakı şəhəri Yasamal rayon X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə baxılmasının yeri və müddətinin Bakı şəhəri Yasamal rayon X4 İdarəsinə vaxtında bildirilməsi barədə işdə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmadığını nəzərə alıb, işə Bakı şəhəri Yasamal rayon X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs "xxxx" MMC mülkiyyətində olan «Otoyol M24.9 Avtobus” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 28 fevral 2023-cü il, saat 08:07-də Ağsu Ağdaş yolu 217.8 km Ağsu ist. hərəkətdə olarkən avtomobili texniki baxışdan keçirmədən idarə etmiş və buna görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan bildirişdən və onun ünvan sahibinə 27 mart 2023-cü il tarixdə rəsmi qaydada təqdim edilməsini təsdiq edən qəbzdən görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi hüquqi şəxs "xxxx" MMC-yə müraciət edərək, mülkiyyətində olan «Otoyol M24.9 Avtobus” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (28 fevral 2023-cü il, saat 08:07-də) idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, qanun nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə yalnız fiziki şəxslər üçün deyil, həm də hüquqi şəxslər üçün müəyyən etmişdir. Başqa sözlə, mülkiyyətində avtonəqliyyat vasitəsi olan hüquqi şəxslər də nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə məsuliyyət daşıyırlar. İşin təsvir edilmiş hallarından görünür ki, «Otoyol M24.9 Avtobus” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hüquqi şəxs "xxxx" MMC-in mülkiyyətindədir. Mülkiyyətində həmin avtonəqliyyat vasitəsi olan hüquqi şəxs "xxxx" MMC nəqliyyat vasitəsini texniki baxışdan keçirməməklə qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş) törətdiyi halda, Bakı şəhəri Yasamal rayon X4 İdarəsi hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə, avtonəqliyyat vasitəsini idarə etmiş sürücü barədə protokol tərtib etmək üçün sürücü haqqında məlumat istəmişdir. Halbuki, hüquqi şəxsin mülkiyyətində olan avtonəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə sürücü məsuliyyət daşımır. Burada məsuliyyət hüquqi şəxsindir ki, Bakı şəhəri Yasamal rayon X4 İdarəsi bu məsələdə yanlışlığa yol vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC mülkiyyətində olan avtonəqliyyat vasitəsinin sürücüsünün məsuliyyət daşımadığı inzibati xətaya görə onun barəsində məlumat verməməklə heç bir qanun pozuntusu törətməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 79-cu maddəsinə görə heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* saylı 07 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1669/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1669/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver