Məhkəmə qərarları › İş №3(001)-168/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-168/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-168/2023 06.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı Quba yolunun 7-ci km-də xidmətdə olan BDYPİ-nin ENB-nin YPX inspektorları “Kia” minik markalı, 99 PF-678 dövlət qeydiyyat nişanlı atomobilin sürücüsünü nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərək manevr etmə qaydalarını pozduğu üçün saxlamağa cəhd etsələr də, sürücü nəqliyyat vasitəsini çox təhlükəli idarə etdiyi üçün qarşıda yerləşən 712 saylı YPX postuna məlumat vermişlər. Postda xidmət aparan polis əməkdaşları süni tıxac yaratmaqla nəqliyyat vasitəsini saxlamağa cəhd etmişlər. Bunu görən sürücü nəqliyyat vasitələrinin arası ilə keçib YPX inspektorunun üzərinə maşını sürərək ərazidən qaçmağa çalışmışdır. Lakin, polis əməkdaşlarının çevikliyi nəticəsində sürücü saxlanılmışdır. Saxlanılan zaman YPX əməkdaşları sürücüyə yaxınlaşaraq ondan sənədlərini təqdim etməsini istədikdə, sürücü sənədlərini təqdim etməkdən imtina edərək yenə də tabesizlik göstərməyə davam etmişdir. Sürücü tabe olmadığı üçün onu ərazi üzrə Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər və bölmədə onun Şəxs olması müəyyən olunmuşdur. Nəticədə, onun barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə “Kia” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt istiqamətində hərkətdə olarkən anasına zəng etmiş və anası telefon zənginə cavab vermədiyi üçün narahat olub avtomobilin sürətini artırmışdır. Ekologiya postuna yaxınlaşarkən YPX əməkdaşları postu bağlayaraq onu saxlamış və polis bölməsinə aparmışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Bu səbəbdən, məhkəmədən barəsində daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Baş Dövlət Yol Polis İdarəsinin ENB-nin YPX inspektoru, polis baş serjantı X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı Quba yolunun 7-ci km-də xidmətdə olan zaman “Kia” minik markalı, 99 PF-678 dövlət qeydiyyat nişanlı atomobilin sürücüsünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərək manevr etmə qaydalarını pozduğu üçün saxlamağa cəhd etsələr də, sürücü nəqliyyat vasitəsini çox təhlükəli idarə etdiyi üçün qarşıda yerləşən 712 saylı YPX postuna məlumat verilmişdir. Bu zaman süni tıxac yaratmaqla nəqliyyat vasitəsini saxlamağa cəhd etmişlər. Bunu görən sürücü nəqliyyat vasitələrinin arası ilə keçib maşını onların üstünə sürərək ərazidən qaçmağa çalışmışdır. Lakin, polis əməkdaşlarının çevikliyi nəticəsində sürücü saxlanılmışdır. Saxlanılan zaman sürücüyə yaxınlaşaraq ondan sənədlərini təqdim etməsini istədikdə o, sənəd təqdim etməkdən imtina edərək yenə də tabesizlik göstərməyə davam etmişdir. Sürücü tabe olmadığı üçün onu ərazi üzrə Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər və bölmədə onun Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid Baş Dövlət Yol Polis İdarəsinin ENB-nin YPX inspektoru, polis baş serjantı X5 digər şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli AZA 015843 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün saat 09:10-da inzibati qaydada tutumuşdur. xx.xx.2023-cü il tarixli, AZA 001127 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs şəxsi axtarış və üstündə olan əşyaları yoxlama zamanı 1 ədəd üzük və 1 ədəd qolbaq aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatı ilə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar