Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1684/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, X14 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, X14 izahat verərək bildirmişdir ki, X10 xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək dayısı Şəxs tərəfindən yaşadığı evdən 100 manat dəyərində olan məişət avadanlıqlarının oğurlandığını bildirmişdir. Bununla bağlı aparılmış araşdırma zamanı oğurluq hadisəsinin Şəxs tərəfindən törədilməsi müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə cinayət işinin başlanması rədd edilmiş və oğurluq hadisəsini törətmiş Şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti ona verilmişdir. Bundan əlavə X5 xx.xx.2025-ci il tarixdə DİN-in xidmətinə zəng edərək və ərizə ilə Binəqədi RPİ-nin 43-cü PB-yə müraciət edərək işlədiyi mağazadan 3 nəfər şəxsin 20 manat dəyərində spirtli içki oğurladığını bildirmişdir. Həmin məlumat əsasında polis bölməsində araşdırma aparılmış əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxslərin barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti ona verilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində izahat verərkən törətdiyi əməlləri, həmçinin narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 mərkəzinə aparılmış və rəyə əsasən Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Ona görə də, Şəxs barəsində İXM-in 206 və 227-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə 7-8 gün əvvəl Binəqədi rayonu, Binəqədi qəsəbəsində narkotik vasitə heoindən istifadə etmişdir. O, 2025-ci ilin fevral ayının ortalarında qohumuna məxsus evdən məişət əşyalarını oğurlayıb, tanımadığı şəxsə 70 manata satmış, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə tanışları ilə birlikdə Binəqədi rayonu ərazisində yerləşən marketə daxil olub oradan spirtli içkilər oğurlamışlar. Həmin spirtli içkilərdən ikisini qaytarmış, birini isə istifadə etmişlər. xx.xx.2025-ci il tarixdə onu polis əməkdaşları saxlayıb, Binəqədi RPİ-nin 43-cü PB-yə aparmışlar. Polis bölməsində narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və törətdiyi oğurluq hadisələrini etiraf etmişdir. O, X13dan keçirilmiş və barəsində İXM-in 206 və 227-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Hazırda maddi imkanı olmadığından zərərçəkmiş şəxslər vurulmuş ziyanı ödəyə bilməmişdir. O, narkotik asılılıqdan müalicə olunmaq istədiyini və törətdiyi oğurluq hadisəsindən peşman olduğunu bildirib, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2025-ci il tarixli HK-1/ 388 saylı material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisəni törətmiş Şəxs yerinin müəyyən olunaraq barəsində inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində X7 100 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında HK-1/467 saylı material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə rədd edilmiş, qərarın surəti hadisəni törətmiş naməlum şəxslər barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-yə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində X4 20 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2025- il tarixli, 1465 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MOP (+) aşkar olunmuşdur. Şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhərə NM-də F11x2 diaqnozu ilə dispanser qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanından X7 məxsus məişət əşyalarını oğurlayaraq sonuncuya 100 manat maddi ziyan vurmuşdur. X1 tərəfindən İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov 33 ünvanında yerləşən mağazadan 20 manat dəyərində spirtli içki oğurlamışdır. X1 tərəfindən İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında qanunsuz olaraq narkotik vasitə qəbul etmişdir. X1 tərəfindən İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 43-cü PB tərəfindən İXM-in 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə onun İXM-in 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, İXM-in 33.1.5-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 227-ci maddəsinə əsasən cırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmalıdır. İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və məcburi müalicə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 34, 37, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1684/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1684/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver