Məhkəmə qərarları › İş №3(001)-1685/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1685/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1685/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X2 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-505/2024 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək, həmçinin Yeni il bayramı ilə əlaqədar 01 yanvar saat 11:00-dan saat 18:00-dək, Novruz bayramı ilə əlaqədar 21 mart saat 11:00-dan saat 18:00-dək uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olmasına Şəxs tərəfindən maneələrin yaradılması qadağan edilmiş və ünsiyyət Şəxs iştirakı olmadan, Zərərçəkmiş şəxs seçdiyi yerdə həyata keçirilməlidir. Lakin bir dəfə icra şöbəsində görüş təşkil edilmiş, lakin uşaqlar ana ilə görüşdən imtina etmişdir. Bunda sonra Şəxs uşaqları gətirməmişdir, anası uşaqla görüşmək istədiyini bildirməklə, bu hüququnun təmin edilməsini tələb edir. Həmçinin Şəxs SMS bildiriş göndərilmiş, lakin Şəxs çağırışa əməl etməmişdir. Bildirişlə yanaşı telefon vasitəsi ilə əlaqə saxlamaqla Şəxs məlumat vermişdir. Həmçinin Şəxs uşaqlara psixoloji təsiri var. Belə ki, bir dəfə uşağa ana ilə görüşmədiyi halda atasına tənbeh tədbiri tətbiq olunacağını bildirmiş, uşaq ilkin olaraq razılaşsa da, atasının üzünə baxmış və atası uşağın üzərinə gülmüşdür. Ümumiyyətlə, uşağa nə deyilsə atasının üzünə baxdıqdan sonra cavab verir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlar ilə görüşməsi üçün hər dəfə əlindən gələni etmişdir. Hətta Zərərçəkmiş şəxs ona bildirmişdir ki, atası xəstədir, uşağı görmək istəyir. Həmin evdən qovulmasına baxmayaraq, dəfələrlə uşaqları həmin evə aparmışdır. Zərərçəkmiş şəxs hara deyibsə, uşağı aparmışdır. Lakin balaca uşaq ağlayır özünü öldürür ki, anası ilə görüşmək istəmir. Böyük övladını yenə birtəhər dilə tutub danışdıraraq nisbətən razı salsa da, balaca övladını heç cür razı sala bilmir. Uşaqların birinin 10 yaşı, digərinin isə 8 yaşı vardır. İcra məmurunun yanında olan zaman icra məmuru uşağa bildirmişdir ki, anan şikayət etməklə problem yaradır, atana problem yaranacaq atan tutulacaqdır. Həmin zaman oğlu doluxsunaraq onun üzünə baxmışdır, o da övladı narahat olmasın deyə onun üzünə gülümsəyərək narahat olmamasını bildirmişdir. Uşaqla birlikdə ağlayası deyildi, əksinə həmin zaman uşağa icra məmuru psixoloji təsir edərək, atasının tutulmağı ilə hədələmişdi. Həmin zaman uşaq razılaşmışdır ki, atası tutulacaqsa, anası gəlsin görsün, lakin özü görmək istəmir anasını. Uşaqların analarını görmək istəməmələrinin səbəbləri isə tamamilə müxtəlifdir. 2 dəfə uşaqlarla birgə icra şöbəsində olmuş, bir dəfə də tək olmuşdur. Ona icra şöbəsindən heç bir bildiriş gəlməmişdir. Sonuncu dəfə həftənin cümə axşamı günü icra məmuru ona zəng edərək cümə günü saat 14:00-da uşaqlarla birlikdə icra şöbəsinə gəlməli olduğunu bildirmişdir. Lakin o uşaqların həmin zaman hazırlıqda olduqlarını, saat 15:00-dan sonra hazırlıqdan çıxacaqlarını söyləmişdir. O, uşaqların anaları ilə görüşməsinə hər hansı bir maneə yaratmır. Uşaqları istənilən vaxt anaları ilə görüşdürə bilər. Ana uşaqları ilə görüşmək istəyirsə, gəlsin görüşsün, kimsə mane olarsa, o zaman şikayət etsin. Özü həftənin bütün günü işdə olduğundan uşaqları Zərərçəkmiş şəxs istədiyi yerə apara bilməz. Lakin başqa heç bir problem yaratmır. Zərərçəkmiş şəxs istədiyi vaxt uşaqlarla görüşə bilər və buna hər hansı manəçilik törətmidr. Lakin uşaqlar anası ilə görüşmək istəmirlərsə onun edəcək heçnəyi yoxdur. Zərərçəkmiş şəxs uşaqlara mesaj yazır ki, atan, baban aliment aldılar, onlar kişicikdilər, özlərinə ətək alsınlar. Zərərçəkmiş şəxs nə vaxt istəsə, gəlib, uşağı götürə bilər, o heç bir etiraz etməyəcəkdir. Lakin uşaqlar görüşmək istəməsə, o, uşaqları zorla anaları ilə görüşdürə bilməz. Uşaqların ikisinin də telefon nömrəsi vardır. Anaları da əlaqə saxlayır. Uşaqlar ana ilə getmək istəmədiyi halda o buna heç cür mane ola bilməz. Məhkəmə qarşısında söz verir ki, bazar günü işə getməyəcəkdir, saat 11:00-da Zərərçəkmiş şəxs gəlsin, o uşaqları geyindirib analarına təqdim edəcəkdir. Lakin uşaqlar anaları ilə getməsələr, ona artıq müdaxilə edə bilməyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, hər hansı bir yalnış hərəkət etməmiş, ailəsinə, uşağına həmişə sadiq olmuşdur. Hər hansı bir pis vərdişi yoxdur. Əksinə ona qarşı pis münasibət göstərilmiş, o da həmin evdən övladlarını götürüb çıxıb getmişdir. Onun tək səhvi uşaqların ataları ilə görüşməsinə razılıq verməsi olmuşdur. Uşaqlara görüşlərdə mütəmadi təsir edərək övladlarını onun yanından aparmışlar. Onun qızıllarını alaraq ünvanına hər söz demişlər. Bunlara rəğmən o ayrılmamış, uşaqlarını atmamışdır. Lakin uşaqlar ona deyir ki, “bizi atmısan.” Onun iki balasını qaynatası və qaynanası əlindən almışdır. Uşağın yanında ona təhqiredici məzmunda səslər atırlar. Bunun ardınca uşaq ona eyni məzmunda mesaj yazır. Onun uşaqlarına təsir olunmaqdadır. Şəxs küçədə, iş yerinin qabağında onun boğazından yapışmışdır. Ekspertizaya qədər gedib çıxmış, lakin bu halı uşaqlarına bildirməmişdir ki, uşaqlarında atalarına qarşı mənfi münasibət formalaşmasın. Onun istirahət günü çərşənbə günü olmasına baxmayaraq, rəhbərliyə dəfələrlə xahiş edərək, istirahət gününü bazar gününə dəyişdirmişdir. Buna səbəb məhkəmə qətnaməsinə görə görüşün həmin günə təyin edilməsi olmuşdur. O iki balasına xatir yaşayır, barmağından üzüyünü çıxarmır ki, o nəsə axtarışında deyildir. Ondan aliment istənildi, alimenti də ödəyir. İki gün alimenti gec ödəmiş, dərhal icra məmuru zəng etmişdir ki, gecikdirməyə görə tələbkar şikayət edir. Görmədiyi uşağa niyə aliment ödəyir? İki dəfə uşaqları görmək üçün qaplarına getmişdir. Bir dəfə ona deyildi ki, balaca uşaq gəlmir. O da heç olmasa böyük övladının gəlməsini istəmişdir. Əlində həmin zaman hədiyyələri var idi. Ona evdə münasibət pis olduğu üçün onların qapısına getmir. Məhkəmə qətnaməsinin icrasını tələb edir. Hətta qətnamədə atanın iştirakı olmadığı göstərilsə də, o, uşaqlara bildirmişdir ki, ataları da gəlsin, heç bir etirazı yoxdur, hara istəsələr, orada gedəcəkdir. O, uşaqların nömrələri ilə əlaqə saxlayır, lakin uşaqlar ona bildirir ki, bizi atmısan. Bunun da səbəbi uşaqlara təsir edilməsidir. Böyük övladı ilə mesajlaşaraq danışır, balaca isə ümumiyyətlə ona cavab vermir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)- 505/2024 saylı icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək, həmçinin Yeni il bayramı ilə əlaqədar 01 yanvar saat 11:00-dan saat 18:00-dək, Novruz bayramı ilə əlaqədar 21 mart saat 11:00-dan saat 18:00-dək uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olmasına Şəxs tərəfindən maneələrin yaradılması qadağan edilmişdir və ünsiyyət Şəxs iştirakı olmadan, Zərərçəkmiş şəxs seçdiyi yerdə həyata keçirilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-505/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs uşaqları ilə görüşü Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasında keçirilsə də, görüş baş tutmamış, uşaqlar ana ilə görüşməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs uşaqların anası Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olması üçün Binəqədi Rayon İcra Şöbəsinin gətirilməsi təklif olunsa da borclu uşaqları gətirməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)- 505/2024 saylı icra vərəqəsininin tələbini yerinə yetirməmiş və icra məmurunun çağırışından yayınmışdır. “SMS bildirişin” göndərilməsi barədə ÇİXARİŞ-dan görünür ki, Şəxs telefon nömrəsinə çağırış barədə bildiriş göndərilmişdir. Lakin bildirişin statusunda çatdırılması təsdiq edilmir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-505/2024 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək, həmçinin Yeni il bayramı ilə əlaqədar 01 yanvar saat 11:00-dan saat 18:00-dək, Novruz bayramı ilə əlaqədar 21 mart saat 11:00-dan saat 18:00-dək uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olmasına Şəxs tərəfindən maneələrin yaradılması qadağan edilmişdir və ünsiyyət Şəxs iştirakı olmadan, Zərərçəkmiş şəxs seçdiyi yerdə həyata keçirilməlidir. Lakin icra sənədi üzrə Şəxs tələbi qərəzli yerinə yetirmədiyi sübuta yetirilməmişdir. Belə ki, Şəxs uşaqların anaları ilə görüşmək istəyinə hər hansı bir mane yaratmadığını bildirmişdir. Hətta məhkəmə iclasında özü şəxsən bazar günü işə getməyərək uşaqları analarına təqdim edəcəyini bildirmişdir. Bununla yanaşı, icra şöbəsində bir dəfə görüşün təşkil edildiyi, lakin uşaqların ana ilə görüşməkdən imtina etdikləri üçün görüşün baş tutmadığı icra məmuru tərəfindən təqdim edilmiş aktda da öz əksini tapmışdır. Belə olan halda, icra sənədi üzrə tələbin Şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi istisna edilir. Çünki, sonuncu uşaqları iradələrinə zidd şəkildə Zərərçəkmiş şəxs ilə görüşməyə məcbur edə bilməz. Göründüyü kimi uşaqlar xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə Zərərçəkmiş şəxs ünsiyyətdə olmasına Şəxs tərəfindən hər hansı manelərin yaradılması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, uşaqların ünsiyyətdə olmasına manelər müxtəlif formada, yəni həm hərəkətlə, həm hərəkətsizliklə təzahür edə bilər. Belə ki, görüş günü uşaqları qəsdən başqa yerə aparmaq yaxud uşaqların görüşməsinə şərait yaratmamaq və sair sözügedən manelər sırasına daxil edilə bilər. O cümlədən uşaqlara psixoloji təsir edilməsi də, mane kimi qiymətləndirilə bilər. Lakin indiki halda Şəxs uşaqların görüşməsinə hər hansı mane yaratması müəyyən edilmir, hətta barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin psixoloji təsir etməsi də, hər hansı bir ekspert rəyi ilə təsdiq edilmir. Şəxsin ehtimallar əsasında inzibati məsuliyyətə cəlb edilməsi isə yolverilməzdir. Nəzərə alınmalıdır ki, Şəxs uşaqları görüşə aparmış, lakin uşaqlar özləri imtina etmişdir. Bununla yanaşı inzibati xəta haqqında protokolda Şəxs çağırışdan yayınması göstərilsə də, bu hal da məhkəmə iclasında sübuta yetməmişdir. Belə ki, icra məmurunun göndərdiyi SMS-bildirişin Şəxs çatması təsdiqlənmir, həmçinin qeyd edilməlidir ki, icra sənədindəki tələb həftənin bazar günü uşaqların görüşməsi ilə bağlı olduğu üçün, həftənin digər günləri uşaqların icra şöbəsinə gətirilməsi barədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə göstərilənlərə ümumiləşdirməklə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət yaranması üçün borclunun icra sənədini qərəzli olaraq icra etməməsi mühüm şərtdir. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-505/2024 saylı icra vərəqəsi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs uşaqların ana ilə ünsiyyətinə heç bir mane yaratmamış, uşaqları görüşə gətirmiş, lakin uşaqlar özləri görüşdən imtina etmişlər. Qeyd olunan hal Şəxs icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından uşaqların anası ilə görüşməmələrinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Odur ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar