Məhkəmə qərarları › İş №3(001)-1686/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1686/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1686/2022 17.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 patrul xidmət inspektoru, polis serjantı X3 tərəfindən barəsində tərtib edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və həmin protokol üzrə qəbul olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə eməyə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vəsatələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 08-09 radələrində istifadəsində olan nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ilə üzü Azadlıq prospektinə tərəf hərəkət edərkən hər hansı qayda pozmasına baxmayaraq patrul xidmət inspektoru tərəfindən saxlanılmış, sənədləri yoxlanılaraq qaydasında olması və hər hansı inzibati xəta törətmədiyi müəyyən edildikdən sonra ona spirtli içki qəbul etdiyini bildirərək etirazlarına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, qeyd olunan inzibati xətalara yol vermədiyinə, həmin protokolla razı olmadığına və həkim müayinəsini tələb etməsinə baxmayaraq hüquqları və qanunun tələbləri vəzifəli şəxs tərəfindən təmin olunmamışdır. Hüquqları və qanunun tələbləri vəzifəli şəxs tərəfindən təmin olunmadığına görə “sərxoşluq vəziyyətinin tibbi müayinəsindən” keçmiş, tərtib olunmuş 2/16668 saylı, xx.xx.2022-ci il tarixli akta əsasən onda alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. Hətta barəsində tərtib olunmuş protokolun surəti qanunla nəzərdə tutulmuş qaydada mənə təqdim olunması, hüquq və vəzifələrinin izah olunması da təmin edilməmiş, tərtib olunmuş protokol və protokol üzrə qəbul olunan qərar çoxsaylı müraciətlərindən sonra yalnız inzibati xəta haqqqında protokolun ksero-surəti natamam formada təqdim edilsə də, protokol üzrə qəbul edilmiş qərar isə naməlum səbəbdən verilməmişdir. İnzibati xəta haqqında protokolu və protokol üzrə qəbul edilmiş qərarı isə xx.xx.2022-ci il tarixdə əldə etməyə nail olmuşdur. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun çıxış edib, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 21 may 2022-ci il tarixdə saat 16:48-də Bakı şəhəri Elman Rüstəmov küçəsi ərazisində Ford Transit markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə olunmuşdur. xx.xx.2022-ci il tarixli, 2/16668 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X4 həmin tarixdə saat 13:07-də sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmiş və müayinə zamanı sonuncunun ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan inzibati xəta hadisəsinin xx.xx.2022-ci il tarixdə, saat 16:48-də baş vermiş olması qeyd edilsə də, iş materiallarına əlavə edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, X4 xx.xx.2022-ci il tarixdə, saat 13:07-də tibbi müayinədən keçmişdir. Qeyd olunan həmin hal və şikayətdə göstərilənlər X4 barəsində aparılmış inzibati araşdırmanın ziddiyyətli olmasına dəlalət edir. Habelə müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də onun tənbeh vermə haqqında qərardan şikayətçi olmasını bildirməsinə baxmayaraq, şikayəti dinlənilmədən inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi və müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması X2 hüquqlarının pozulmasına və qanunvericiliyin tələblərinə riayət olunmadan araşdırma aparılmasına dəlalət edir. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar