Məhkəmə qərarları › İş №3(001)-1687/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1687/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1687/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Qərarından şikayət verilmiş inzibati qurumun nümayəndəsi X11 iştirakı ilə X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1800 manat cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X7 tərəfindən X4 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktı gizlədilmişdir. X7 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, X6 12 yanvar 2024-cü il tarixdən 18 mart 2024-cü il tarixləri arasında iş saatları zamanı xəsarət almamışdır. İnzibati orqan tərəfindən hadisələr düzgün qiymətləndirilməmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş inzibati qurumun nümayəndəsi X15 şikayəti qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, vətəndaş X4 iş vaxtı xəsarət almasına dair materiallar Bakı şəhəri Səbail rayon Prokurorluğu tərəfindən onlara göndərilmişdir. Ş.İsmayılova özü də xəsarət alması ilə nəticələnən hadisənin X5 işəgötürən olduğu müəssisədə baş verdiyini, iş yoldaşının da hadisəyə şahidlik etdiyini bildirmişdir. Bədbəxt hadisə işəgötürən tərəfindən gizlədildiyindən, barəsində inzibati xəta haqqında protokol, sonradan isə həmin protokol əsasında qərar qəbul edilmişdir. Sonda A.Ə.Məmmədov şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxs X5 şikayətə baxılması ilə əlaqədar keçiriləcək iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 23.10.2024-cü il tarixli teleqramdan görünür ki, X2 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək, 2024-cü ilin mart ayıda Səbail rayonu Bayıl qəsəbəsində mebel sexində iş yerində üzərinə qapıların aşması nəticəsində xəsarətlər alması barədə həmin Müfəttişliyə müraciət etmişdir; - Bakı şəhəri Səbail Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli 250-c-2024 nömrəli məktubundan görünür ki, Prokurorluq 13 mart 2024-cü il tarixdə saat 17 radələrində X6 ilə fiziki şəxs X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli fərdi əmək müqaviləsi əsasında Ş.İ.İsmayılovanın cilalayıcı işlədiyi ünvan 1 ünvanda yerləşən mebel sexində sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid bədən xəsarətləri alması ilə nəticələnmiş bədbəxt hadisə barəsində hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə işəgötürən tərəfindən əmək qanunvericiliyinin əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verilib-verilməməsi, verildiyi təqdirdə isə həmin faktla bağlı aparılmış araşdırmaların nəticəsi barədə məlumat verilməsi ilə bağlı DƏMX-nin Bakı şəhər İdarəsinə müraciət etmişdir; - “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fiziki şəxs X1 Şəlalə İsmayıl qızının xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə görə 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, qərarından şikayət verilmiş qurumun nümayəndəsinin izahatını dinləyib, habelə qanunvericiliyin aşağıda sadalanan müddəalarını rəhbər tutaraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 555.3-cü maddəsinə əsasən Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Hazırki halda şikayətdə göstərilənlərə, yəni X4 13 mart 2024-cü il tarixdə iş yerində və iş vaxtı xəsarət almamasına dair şikayətçi tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Belə olan halda, məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, inzibati orqan tərəfindən qəbul edilmiş qərar qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115, 128-130 və 134.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar