Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1691/2022 08.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Araz küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Yol Patrul Xidməti bölüyü tərəfindən Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə tərtib edilmiş 07.06.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 bildirmişdir ki, 07 iyun 2022-ci il tarixdə Bakı-Quba yolu ərazisində Şəxs idarə etdiyi VAZ 21214 markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toy karvanında avtoxuliqanlıq etməsi ilə bağlı daxil olmuş müraciət əsasında sonuncu barəsində inzibati icraat başlanılmışdır. Həmin tarixdə Şəxs avtoxuliqanlıq etməsi faktını təsdiq edən videogörüntlər əldə edilmiş və onun avtoxuliqanlıq etməsi öz təsdiqini tapdığından barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əldə edilmiş videogörüntülərdən Şəxs avtoxuliqanlıq edərək digər sürücülər üçün təhlükə yaratması müəyyən edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 07 iyun 2022-ci il tarixdə dostunun toy karvanında VAZ 21214 markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtoxuliqanlıq etməmiş, sadəcə olaraq sola və sağa manevrlər etmişdir. Həmin manevrlər nəticəsində avtomobilin bir təkəri ola bilər ki yerdən üzülmüş olsun. Ona görə əməlində avtoxuliqanlıq olmadığını və digər sürücülərə mane olması ehtimalının olmadığını hesab edir. Odur ki, məhkəmədən həmin halların nəzərə alınıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 07.06.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 iyun 2022-ci il tarixdə Bakı-Quba yolu ərazisində idarə etdiyi VAZ 21214 markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən diskdən VAZ 21214 markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili qəflətən sürətləndirməklə müxtəlif manevlər edərək hərəkətdə olan digər sürücülər üçün təhlükə yaratması, habelə həmin avtomobilin arxa hissəsindən gələn avtomobillərin hərəkətinə mane olması və onu ötmə əmliyyatı etməyə hazırlaşan sürücülərə mane olması müşahidə edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 43-cü PB tərəfindən İXM-in 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Həmçinin məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətməməsi ilə bağlı söylədikləri öz təsdiqini tapmadığından təkzib edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş diksə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs toy karvanında müxtlif manevrlər ilə nəqliyyat vasitəsini idarə edərkən digər sürücülər üçün real təhlükə yaratmışdır. Həmçinin video görüntüdən aşkar görünür ki, Şəxs bu kimi əməllərini törətdiyi, yəni qəflətən sürətlənmə və əyləcdən istifadə edərək tormozlama ilə müşaiyət olunan sağ sol manevr hərəkətləri etdiyi yerdə onun qarşısına hər hansı qəfil maneə çıxmamışdır. Həmin manevr hərəkətləri və tormozlanma nəticəsində də sürüşmə səslərinin yaranması və asfalt üzərində təkərlərin izlərinin qalması isə şübhə doğuracaq hal sayıla bilməz. Eləcə də, Şəxs həmin hərəkətlərə yol verərkən onun niyyəti hər hansı maneədən yayınmaq və ya təhlükədən uzaqlaşmaq olmamışdır. Qeyd edilməlidir ki, sadalananlar Şəxs tərəfindən birbaşa olaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər kimi qiymətləndirilməlidir. Şəxsin belə hərəkətlərlə müşaiyət olunan avtoxuliqanlıq əməli məhkəmədə tam təsdiqini tapmışdır. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, elektron daşıyıcıda əksini tapan sözügedən qayda pozuntusunun videoçəkilişi ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 511.1.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən Şəxs məlum qayda pozuntusunu ehtiyatsızlıq və ya hadisənin təsadüfü axarı zəminində deyil, fəal və aqressiv hərəkətləri ilə müşayiət olunan davranışı ilə qəsdən törətmişdir. Çünki Şəxs nəqliyyat vasitəsini idarə edərkən onu lüzumsuz qəflətən sürətlənmə və manevr hərəkətləri edərək qəza şəraiti yaratmışdır. İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür, yəni avtoxuliqanlıq hərəkətləri etməklə inzibati xəta törədilməsinə görə şəxsin cərimə ilə tənbeh edilməsi cəmiyyətdə mənfi emosiyalar doğura və yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılmasına öz mənfi təsirini göstərə bilər. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda sadalananla yanaşı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 1 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablansın. Qərarın inzibati həbs növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1691/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1691/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver