Məhkəmə qərarları › İş №3(001)-1694/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1694/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1694/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ №1019077 saylı, 10.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ №1019077 saylı, 10.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, 10.04.2021-ci il tarixdə saat 12:14 radələrində Rəsulzadə qəsəbəsində yol qırağı ilə irəliləyərkən bir nəfər mülki şəxs ona yaxınlaşmış, sonra isə polis geyim formasında bir polis əməkdaşı özünü təqdim təqdim etmədən yaxınlaşaraq masqa ilə bağlı ona irad bildirmək istəmiş, o isə masqadan düzgün istifadə etdiyini, burnun üstündə olduğunu, bununda onu gördüyünü demiş sonra isə həmin ərazidə yaşadığını, masqadan düzgün istifadə etməyin tərafdarı olduğunu bildirmiş, o isə ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini istəmiş, o da şəxsiyyət vəsiqəsini ona təqdim edərək nə üçün lazım olduğunu soruşmuş, o da cavabında həqiqətən həmin ərazidə yaşayıb yaşamadığına bilmək üçün götürdüyünü bildirmiş, sənədini özünə geri qaytarmış və o yoluna davam etmişdir. Biraz sonra telefonuna 211.2-ci maddə ilə 100 manat məbləğində cərimə olunması barədə mesaj gəlmişdir. O geri qayıdıb cərimə haqqında maraqlanmaq istədikdə polis əməkdaşı orda olmamışdır. Daha sonra o, 102 qaynar xəttinə yığaraq bu barədə məlumat almaq istəmiş və araşdırılacağı ona bildirilmişdir. 11.04.2021ci il tarixdə o yenidən 102 qaynar xətti ilə əlaqə saxlamış və onun barəsində 4-cü Polis Bölməsinin əməkdaşı Elvin Cəfərov tərəfindən ******* nömrəli protokol tərtib olunduğu bildirilmişdir. 15.04.2021-ci il tarixdə ona 4-cü Polis Bölməsi tərəfindən protokol təqdim edilərkən protokolun Elvin Cəfərov yox X1 tərəfindən tərtib edildiyini görmüşdür. Qərar əsassız olduğundan onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi X1 tərəfindən tərtib edilən EXP №1020609 saylı, 10.04.2021-ci il tarixli protokoldan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi X3 tərəfindən qəbul edilən EPQ №1019077 saylı, 10.04.2021-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iş materialları araşdıraraq qeyd edir ki, X2 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb şikayətçini dinləyib belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ №1019077 saylı, 10.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. X2 inzibati məsuliyyətə cəlb olunmasına dair Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ №1019077 saylı, 10.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar