Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1695/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 aprel 2021-ci il tarixli, №13000-0353/21 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC (VÖEN: **********) barəsində Enerji Resursları və X4 Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 05.04.2021-ci il tarixli 34/012/001424 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, 01.04.2021-ci il tarixdə ixracatçı ÇXR-in “X8 İndustry Company LTD” şirkəti tərəfindən idxalçı hüquqi şəxs “xxxx” MMC-nin (VÖEN: **********) ünvanına göndərilən qara metallardan qapılar və digər mallar **********2166 savlı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) sistemində sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın Çatdırılması və Boşaldılması”na dair məlumatlardan müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmiş, həmçinin həmin gömrük bəyannaməsinin 40-cı qrafasının bos qalması səbəbdən sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı müəyyən olunmuşdur. Müvafiq olaraq Azərbaycan Respublikasının Gömrük məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsində mallar gömrük ərazisinə qətirilməzdən əvvəl həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi tələb olunur, həmçinin qısa idxal bəyannaməsinin verilməməsinə görə isə bu fakt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Bu fakt “xxxx” MMC-nin nümayəndəsi X5 tərəfindən verilmiş izahat ilə həmçinin öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi qismində X5 07.04.2021-ci il tarixdə izahat vermişdir. O, öz izahatında bildirmişdir ki, MMC tərəfindən idxal edilmiş mallara dair qısa idxal bəyannaməsi malları ixrac edən və daşıyan şirkət tərəfindən müvafiq olaraq mallara dair məlumatların zamanında verilməməsi və nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük sərhədinə çatma vaxtının öncədən MMC-yə bildirilməməsi səbəbindən təqdim edilməmişdir. Nəticədə hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş izahata, həmçinin “xxxx” MMC (VÖEN: **********) tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin və MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin və MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş 07 aprel 2021-ci il tarixli №13000-0353/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardadından görünür ki, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. İş materiallarında olan Baş İdarənin Gömrük əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri Şöbəsinin baş inspektoru Xudadanova Günel tərəfindən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyevə ünvanlanan 05.04.2021-ci il tarixli 34/012/001424 saylı raportdan görünür ki, 01.04.2021-ci il tarixdə **********00082 saylı barkodla “xxxx" MMC (VÖEN: **********) ünvanına göndərilən yüklər 94316494 nömrəli vaqon ilə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Belə ki, “xxxx” MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına vaxtında təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin təqdim edilməməsi MMC tərəfindən təqdim edilmiş **********2166 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında öz əksini tapmışdır. İş materiallarında olan protokoldan görünür ki, “xxxx” MMC-nin nümayəndəsi X2 Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsi, təhqiqat bölməsinin böyük təhqiqatçısı gömrük xidməti leytenantı X3 tərəfindən sorğu-sual edilmiş, nümayəndə izahatında bildirmişdir ki, “xxxx” MMC tərəfindən 01.04.2021-ci il tarixdə gətirilən və **********2166 saylı gömrük bəyannaməsi üzrə idxal edilmiş mallara dair elektron formada verilməli olan qısa idxal bəyannaməsinin təqdim edilməməsi, malları ixrac edən və daşıyan şirkət tərəfindən müvafiq olaraq məlumatların zamanında verilməməsi və nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük sərhədinə çatma vaxtının öncədən MMC-yə bildirilməməsi səbəbindən baş vermişdir. Həmçinin, o izahatında gömrük qaydalarının pozulduğunu etiraf etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs “xxxx” MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 saylı Fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131, 485.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1695/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1695/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver