Məhkəmə qərarları › İş №3(001)-1724/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1724/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1724/2022 13.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda kirayədə yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xırda talamaya görə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən İXM-in 227-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində yaşayan X4 xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə və Binəqədi RPİ-nin 43-cü PB-nə müraciət edərək, xx.xx.2022-ci il tarixdə ona məxsus qırmızı rəngli üzərində “Adidas” sözləri yazılmış velosipedi Binəqədi qəsəbəsi mərkəzdə yerləşən “Araz” marketin qarşısında saxlamasını, alış-veriş üçün marketə girdiyini, bir neçə dəqiqədən sonra marketdən çıxarkən həmin velospedin oğurlanmasını, ümumilikdə ona 200 manat maddi ziyan dəyməsini bildirmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs zərər çəkmiş şəxslə barışmamış və vurulmuş zərər ödənilməmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, Binəqədi qəsəbəsi mərkəzdə yerləşən “Araz” marketin qarşısında 1 ədəd sahibsiz velosipedin olduğunu görmüşdür. Həmin velosipedi götürərək ordan uzaqlaşmışdır. Sonra o, velosipedi tanımadığı şəxsə 75 manata satmışdır. Həmin pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Zərər çəkmiş şəxslə barışmamış və vurulmuş zərəri ödəməmişdir. Hazırda vurduğu zərəri ödəməyə imkanı yoxdur. Məhkəmədən səmimi peşmançılığını nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X2 ərizəsi əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, Binəqədi qəsəbəsi mərkəzdə yerləşən “Araz” marketin qarşısında 1 ədəd velosipedi oğurlamışdır. Buna görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli AZA 017185 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 12 iyun 2022-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 227-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şəxs təqsiri öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alınmaqla, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs ictimai iş növündə tənbehin təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, Şəxs 240 (iki yüz qırx) saat müddətində ictimai iş növündə inzibati tənbeh təyin edilməli, gün ərzində dörd saatdan çox olmamalı, ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, eyni zamanda o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-115, 117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 240 (iki yüz qırx) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İctimai işlər gün ərzində dörd saatdan çox olmasın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Şəxs həbsdən azad edilməsi hissəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar