Məhkəmə qərarları › İş №3(001)-1727/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1727/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1727/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis mayoru X1, Bakı Şəhəri 11 saylı vəkil bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-ci ül tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Yol-Patrul xidmətinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan Əsədov X7 Çevik Polis Alayının əməkdaşları tərəfindən polis bölməsinə gətirilmişdir. Hadisə belə baş vermişdir ki, Şəxs idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi olduğundan yol-patrul xidmətinin əməkdaşları sonuncuya saxla əmri vermiş, inzibati xətalar qanunvericiliyinin tələblərinə əsasən sonuncunun idarə etdiyi avtomobilin duracağa getməli olduğu bildirilmişdir, lakin Şəxs polisin qanuni tələbinə tabe olmamış və avtomobilin duracağa aparılmasına etiraz etmişdir. Bundan sonra yol-patrul xidmətinin əməkdaşları tərəfindən hadisə yerinə X14 Alayının əməkdaşları çağırılmış, daha polis əməkdaşları tərəfindən Şəxs polis bölməsinə gətirilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Yol-Patrul xidmətinin əməkdaşları tərəfindən ona saxla əmri verildikdən sonra o, dərhal avtomobilini saxlamış, idarə etdiyi nəqliyyat vasitəsindən düşərək polis əməkdaşları ilə salamlaşmış, ona avtomobildə konstruksiya dəyişikliyi olması və avtomobilin duracağa yerləşdirilməsi zərurəti yarandığı bildirilmişdir. Bundan sonra o, avtomobilində konstruksiya dəyişikliyi olmadığını bildirmiş və ehtiyac varsa nəqliyyat vasitəsinin müayinə məntəqəsinə aparılmasına etiraz etmədiyini, əgər müayinə məntəqəsində avtomobildə konstruksiya dəyişikliyi olduğu müəyyən edildiyi halda avtomobilin duracağa yerləşdirilməsinə heç bir etiraz etməyəcəyini bildirmişdir. Polis əməkdaşlarına hər hansı bir şəkildə müqavimət göstərməmiş və etiraz etməmişdir. Özü şəxsən avtomobildə əyləşmiş baş leytenant rütbəli əməkdaşa yaxınlaşmış və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinin olmadığını bildirərək avtomobilin müayinə məntəqəsinə təmin olunmasını xahiş etmişdir. Lakin həmin baş leytenant rütbəli əməkdaş ona qəti şəkildə avtomobilin duracağa getməli olduğunu və tabesizlik göstərdiyi halda post-patrul xidmətinin hadisə yerinə çağırılacağını bildirmişdir. Bundan sonra o hər hansı bir tabesizlik göstərmədiyini bildirmiş və hadisə barədə DİN 102 xidmətinə məlumat verəcəyini qeyd etmiş və bir az sonra 102 Xidmətinə məlumat vermişdir. Çevik polis alayının əməkdaşları gəldikdən sonra özü heç bir etiraz etmədən onlarla birgə polis bölməsinə getmişdir. Hətta çevik polis alayı onu aparmamışdan az öncə, YPX əməkdaşı evakuatorun gəlməsini bildirmiş və ondan avtomobili normal saxlamağını istəmişdir. O, özü avtomobilini düzgün saxlamışdır ki, evakuatora nəqliyyat vasitəsinin yerləşdirilməsi rahat olsun. Avtomobilində heç bir konstruksiya dəyişikliyi olmamış, sadəcə amoritizator yayları köhnə olduğundan və avtomobilin baqaj hissəsində yüklər olduğundan avtomobilin arxa hissəsi aşağı olmuşdur. Dediklərinin və himayəsində 8 aylıq körpəsinin olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsinin qeydiyyat nişanında defislərin ağardılması təxminən 3 il bundan əvvəl baş vermişdir. İmkanı az olduğundan nömrəni dəyişə bilməmişdir. O, nəqliyyat vasitəsində olan arxa yayları işlənmiş vəziyyətdə almışdır, həmin yayların kənar müdaxilə ilə sıxılmasından xəbəri yoxdur. Nəqliyyat vasitəsinə həmin yayları quraşdırdıqdan sonra avtomobilin arxa hissəsinin nisbətən aşağı olmasını müəyyən etmiş, lakin imkanı olmadığından həmin yayları dəyişməmişdir. Daha əvvəllər də həm nömrəyə görə, həm də arxa yaylara görə polis əməkdaşları tərəfindən ona inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokollar üzrə cərimələrini də ödəmişdir. Ona verilmiş suallara acavab olaraq avtomobilindəki arxa yayların qüvvədə olan normativlərə uyğun olmadığını, yayların normativlərə uyğun olmadığı üçün yerində dəyişdirilərək aradan qaldırmağın mümknsünsüz olması bildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X5 izahatında bildirmişdir ki, Şəxs idarə etdiyi “Vaz 2107” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman sonuncunun idarə etdiyi avtomobildə kənardan açıqaşkar konstruksiya dəyişikliyi olması müşahidə edildiyindən, həmçinin həmin avtomobilin nömrə nişanına müdaxilə edildiyindən Şəxs “saxla” işarəsi verilmişdir. Şəxs idarə etdiyi avtomobildə nömrə nişanında olan defislər ağardılmış, həmçinin nömrənin kənar hissələrində olan digər qara rəngli hissələr də ağardılmışdır. İstər avtomobilin ön hissəsində olan nömrə nişanı, istərsə də arxa hissədə olan nömrə nişanı eyni vəziyyətdə olmuşdur. Bundan başqa Şəxs avtomobilində arxa yaylar sıxılaraq preslənmiş və zavod istehsalı yay kimi görünməsi üçün rənglənmişdir. Qeyd olunan səbəblərə görə Şəxs avtomobilin duracağa təmin edilməsi zərurəti olması bildirilsə də, sonuncu əvvəlcə protokulun tərtib edilməsini və cəriməsini ödəyəcəyini bildirmişdir. Daha sonra Şəxs qeyd olunan dəyişikliklər yerində aradan qaldırıla bilmədiyi üçün nəqliyyat vasitəsinin duracağa aparılmasının səbəbləri izah edilmişdir. Bundan sonra sürücü ətrafda çoxsaylı insanların olmasını nəzərə almayaraq yüksək səslə “mənim maşınımı heç kim duracağa apara bilməz” tərzində ifadələr işlətmişdir. Şəxs qeyd olunan şəkildə tabesizlik göstərdiyindən efir vasitəsi ilə çevik polis alayının hadisə yerinə gəlməsini tələb etmişlər. Daha sonra Şəxs çevik polis alayının əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru, polis serjantı X6 izahatında bildirmişdir ki, X5 ilə xidmətdə olan zaman Şəxs idarə etdiyi “Vaz 2107” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil istismara yararsız vəziyyətdə olduğundan sonuncuya “saxla” işarəsi verilmişdir. Dəfələrlə ona nəqliyyat vasitəsinin duracağa təmin olunmasının səbəbləri izah edilmiş, qanunvericiliyin tələbləri barədə məlumat verilmiş, lakin sürücü onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid X14 Alayının Patrul bölüyünün polis nəfəri, polis serjantı X8 izahatında bildirmişdir ki, xidmətdə olan zaman onlara yol patrul xidmətinə köməklik göstərilməsi ilə əlaqədar göstəriş gəlmişdir. Həmin zaman qeyd olunan yerə yaxınlaşmışlar, Şəxs polisin qanuni tələbinə tabe olmadığı bildirildiyindən sonuncu polis bölməsinə dəvət etmişlər. Şəxs hər hansı bir şəkildə etiraz etmədən onlarla birgə polis bölməsinə gəlmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı Şəhəri 11 saylı vəkil bürosunun vəkili X9 izahatında məhkəmədən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZ 007037 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:15-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim olunmuş video-görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs yol-patrul xidmətinin əməkdaşları tərəfindən avtomobilin duracağa getməsi zərurəti yarandığının bildirilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs israrla avtomobilin duracağa getməsinə etiraz edərək inzibati xəta haqqında protokol tərtib edilməsini, avtomobilin duracağa aparılmasının qanunsuz olduğunu bildirir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs yol-patrul xidmətinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin duracağa aparılması bildirilsə də, o, yol patrul xidməti əməkdaşlarının bu tələbi ilə razılaşmır və israrla avtomobilinin duracağa aparılmasının qanunsuz olduğunu, qanun pozuntusu olduğu halda inzibati xəta tərtib edilməli olduğunu bildirir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yol patrul xidmətinin əməkdaşları tərəfindən yönələn tələbin qanuni olubolmamasına münasibətdə qeyd edir ki, İXM-nin 96.1-ci maddəsində fiziki şəxslərin hansı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması konkret olaraq göstərilmişdir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları qeyri-standart olduqda sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmalıdır. (İXM 96.1.2) Məhkəməyə təqdim olunmuş video-görüntüyə baxış zamanı da açıq-aşkar müşahidə edilmişdir ki, Şəxs idarə etdiyi “Vaz 2107” markalı avtomobilin nömrə nişanı qeyristandartdır, yəni nömrədə olan defis işarələri və nömrənin kənarındakı kantlar silinərək ağardılmışdır. Bundan başqa videogörüntüdə “Vaz 2107” markalı , **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsinin xeyli aşağı olması aşkar müşahidə olunur. Barəsində inzibati icraat aparılan Şəxs da məhkəmə iclasında verdiyi izahatında nəqliyyat vasitəsinə həmin yayları quraşdırdıqdan sonra avtomobilin arxa hissəsinin nisbətən aşağı olmasını müəyyən etdiyini, imkanı olmadığından həmin yayları dəyişmədiyini, daha əvvəllər də həm nömrəyə görə, həm də arxa yaylara görə polis əməkdaşları tərəfindən ona inzibati xəta haqqında protokol tərtib edildiyini, arxa yayların qüvvədə olan normativlərə uyğun olmadığını bildirərək həmin yayların normativlərə uyğun olmadığı üçün yerində dəyişdirilərək aradan qaldırmağın mümkün olmamasını etiraf etmişdir. Göstərilənlərə əsasən yol-patrul xidmətinin əməkdaşları tərəfindən Şəxs nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi ilə bağlı yönələn tələb tam qanuni olmuşdur. Şəxs yolpatrul xidmətinin əməkdaşlarına nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin qanunsuz olmasını bildirməsi, israrla avtomobilin müayinə məntəqəsinə getməli olmasını tələb etməsi, bununla da polis əməkdaşlarının xidməti vəzifələrinin icrasına mane olması ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, video-görüntülər, şahidlərin izahatları həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını sonuncunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs daha əvvəllərdə avtomobili eyni vəziyyətdə idarə etdiyini barəsində inzibati xəta haqqında protokollar tərtib edildiyini və həmin protokollar üzrə qanunvericilikdə nəzərdə tutulmuş inzibati cərimə ödənişlərini ödədiyini bildirmişdir. Göründüyü kimi inzibati cərimə tənbeh tədbiri tətbiq etməklə Şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq və inzibati tənbehin məqsədinə nail olmaq mümkün olmamışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:15-dən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə həvalə edilsin. Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı Şəhəri 11 saylı vəkil bürosunun vəkili X4 dövlət büdcəsinin vəsaiti hesabına 30 (otuz) manat pul vəsaiti ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar