Məhkəmə qərarları › İş №3(001)-1739/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1739/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1739/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, “X2” MMC-də iş icraçısı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, X1 Azərbaycan Respublikası DİN Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-20505 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-20505 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətini müdafiə edib, onun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Bakı-Quba yolunun 8.7 km-liyində xx.xx.2024-cü il tarixdə saat 15:57-də Nissan X-TRAİL markalı **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən heç bir qaydanı pozmamışdır. Belə ki, barəsində inzibati qaydada cərimə protokolu tərtib edildikdən 2 gün sonra sonuncu inzibati xətanın baş verdiyi əraziyə gedərək yol nişanının foto şəklini çəkmişdir. Sonuncu qeyd edir ki, həmi yol sonradan avtobus yolu olub və polis əməkdaşlarının onun avtomobilinin hərəkət halında çəkilmiş foto şəkili sadəcə çıxış şəkilidir, dönməyə aid şəkil yoxdur. Qeyd edilənlərə əsasən Mənsurov Rəşid Məhkəmədən şikayətinin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)-26/2025 saylı qərardan görünür ki, 18 dekabr 2024-cü il tarixli şikayət qismən təmin edilmiş, xx.xx.2025-ci il tarixli, 16/1-20505 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana- Azərbaycan Respublikası DİN X5 İdarəsinə göndərilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası DİN Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-20505 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.

7. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X1 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-26/2025 nömrəli qərarı ilə X1 vermiş olduğu şikayət əsasında barəsində qəbul edimiş EQ 24493296 nörməli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X5i İdarəsinə göndərilmişdir. Səlahiyyətli orqan tərəfindən sözügedən məhkəmə qərarı əsasında müvafiq araşdırma aparılmış və X1 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirildiyindən barəsində həmin maddə ilə tənbeh tətbiq edilmişdir. Məhkəmə bildirir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini bildirərək yol nişanlarının qoyulmasına dair yolun əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkil təqdim etsə də, həmin fotoşəkillərin hansı tarixdə çəkilməsi müəyyən edilməmişdir. Bunun əksinə olaraq isə X1 inzibati xətanı törətməsinə dair texniki vasitənin köməyi ilə çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir.

8. İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.

9. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, 16/1-20505 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

16. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası DİN Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-20505 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməməlidir.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X1 Azərbaycan Respublikası DİN Baş X5i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-20505 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar